Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İriney

İriney (təx. 140-202) - Antik dövr Xristian ilahiyyatçısı

Həyatı

İriney 140-cı ildə Anadolunun Smirna (müasir İzmir) şəhərində doğulmuş və kiçik yaşlarından başlayaraq dini təhsil almışdır. Rəvayətə görə, həvari Yəhyanın tələbəsi Smirnalı Polikarp onun müəllimi olmuşdur. Dinlə yanaşı, fəlsəfə, ritorika və digər elm sahələri üzrə mükəmməl biliyə malik olan İriney ömrünün gənc çağlarında Qalliya (müasir Fransa) ərazisinə köçmüş və burada Lion şəhərinin yepiskopu vəzifəsinədək yüksəlmişdir. Ölümü barədə ziddiyyətli fikirlər var, lakin əsas qaynaqlarda onun imperator Septimi Severin dövründə xristianlığın təqib edildiyi zaman qətlə yetirildiyi bildirilir. O, Xristian kilsəsinin müqəddəs şəxsiyyətləri sırasındadır.

Yaradıcılığı

Xristian ilahiyyatının formalaşmasında da mühüm xidmətləri olan İriney ilk kilsə atalarından hesab edilir. O, öz dövrünün çoxsaylı bidətçi təriqətlərilə mübarizə aparmış və əsərlərində bu mövzuya ətraflı toxunmuşdur. Məsələn, onun xristian dünyasında geniş yayılmış qnostisizm (xristian dini, yunan idealist fəlsəfəsi və Şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan) tərəfdarları ilə apardığı elmi mübahisələr bu qəbildəndir və tədqiqatçıların diqqətini çəkmişdir.

İriney əsərlərində ciddi fəlsəfi düşüncələrə deyil, insanların qəlbinə xitab etməyi ön plana çəkmişdir. Onun fikrincə, nəzəri biliklər yalnız Müqəddəs Kitablar vasitəsilə öyrənilməlidir. Müqəddəs kitablar isə həvarilər vasitəsilə İsa Məsihdən ilham alan kilsə tərəfindən qorunmalıdır. İriney belə hesab edirdi ki, mübahisə doğuran məsələlərdə kilsənin mövqeyini öyrənmək hamının vəzifəsidir.

Onun fikrincə imanı qorumaqla alim olmaq arasında seçim edilərsə, üstünlük birinciyə verilməlidir: "Tanrıya iman və sevgi bəsləyərək savadsızca yaşamaq, hər növ biliyin ardınca qaçaraq, imanı itirməkdən daha üstündür". Buna baxmayaraq, İriney ağlın köməyilə Tanrının mövcudluğunun sübut oluna biləcəyini də qeyd etmişdir.

Tanrı varlığına dair düşüncələri

Mütəfəkkir, bütün məxluqların sonlu və dəyişkən olduğunun Tanrının varlığının isbatı üçün qəti dəlil sayıldığını vurğulayırdı. O, həmçinin Tanrının vahid, sonsuz, İlahi Şüur sahibi olduğunu qeyd edirdi. Lakin Onu insani düşüncə ilə dərk etməyin mümkünsüzlüyünü söyləyirdi: "O, Şüurdur, lakin bizim dərk etdiyimiz şüura bənzəmir. O, Nurdur, lakin anladığımız nurla oxşarlığı yoxdur. Tanrı Xaliq, Padşah və Atadır. Bu sifətlərin hamısını özündə birləşdirəndir. Onun varlığının heç bir maddi qarşılığı ola bilməz".

İriney hesab edirdi ki, hər yol yalnız xeyirə istiqamətlənməlidir. Dünya nizam-intizam üzrə qurulduğundan, bütün səylər yalnız insan ruhunun xilasına yönəlməlidir. İnsanın yaxşı əməlləri və həqiqət uğrunda çəkdiyi əzab-əziyyətlər onun ölümsüzlük qazanması yolunda bir vasitədir. İriney hər kəsin qəlbində Tanrı əxlaqının olduğunu və bu əxlaqın ilk günah baş verəndən sonra da orada qaldığını deyirdi. Tanrı haqqında məlumatların bəşəriyyətə Adəmdən başlayaraq, Əhdi-Ətiq dövründə hissə-hissə ötürüldüyünü, sonda isə vəhyin Tanrı oğlu, İsa Məsih vasitəsilə insanlar arasına nazil olduğunu irəli sürürdü.

Filosofu düşündürən məsələlərdən biri də şər və günah məfhumu idi: "Niyə Tanrı insanı günah etməyə qadir yaratdı və nəyə görə onun xilası çox çətindir? Tanrı insana həyat gücü verdi və ona öz ruhundan üfürərək əbədi həyata yönəlməsini təmin etdi. Lakin insanın dəyişkən və zəif xarakteri onun bu məqsədə çatmasına mane törədir. O, əvvəlcə inkişaf etməli və Müqəddəs Ruh vasitəsilə həqiqəti anlayaraq Tanrı buyruğuna sahib çıxmalıdır. Bu yolda hər səhv addım ona xilas olmağa mane edir".

İriney hesab edirdi ki, Şeytanın hiylələri və sınaqları qarşısında davam gətirməyənlər əbədi həyatlarını məhv edirlər. Bu yolda ona çətinliklərə sinə gərə bilməsi üçün Tanrı Kəlamı (Loqos) - İsa Məsih cildində yerə endi və hamını həqiqətə çağırdı. Loqosun insan olmasının məqsədi, insanın Tanrını dərk etməsindədir. İsa Məsih müəllim, xilaskar və vaizdir. O, ikinci Adəm və insanlığın rəmzidir.


Tarix: 07.03.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Kilseler
loading...