Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tertullian

Tertullian (təx. 160-240) — İlk dövr Xristian ilahiyyatçılarından biri.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 İlahiyyata dair görüşləri
4 Nikaha münasibəti


Həyatı

Böyük xristian ilahiyyatçısı və filosofu Kvint Septimi Florens Tertullian vaxtilə Roma İmperiyasının tərkib hissəsi olan Afrikanın Karfagen şəhərində, hərbçi ailəsində dünyaya göz açmışdır. Hüquq, fəlsəfə və ritorika üzrə təhsil almış və bu elmlərə mükəmməl yiyələnmişdir. Təxminən 40 yaşında ikən, xristianlığı qəbul etmiş və bu dinlə bağlı bir sıra əsərlər yazmışdır. O, əvvəllər bidətçi təriqətlərlə mübarizə aparsa da, sonra rəsmi kilsənin mövqeyindən uzaqlaşmış və montanistlərə (hər növ iyerarxiyanı və rəsmi din anlayışını rədd edən dini təriqət) qoşulmuşdur. Onun kilsəyə qarşı iradları əxlaqi-mənəvi məsələlərlə bağlı olmuşdur. Lakin montanistlər təriqətində də xoşagəlməz məqamlarla rastlaşaraq, öz cərəyanını qurmaq fikrinə düşmüşdür. Gərgin elmi fəaliyyətlə məşğul olmuş, məşhur alim kimi tanınmışdır.

Yaradıcılığı

Onun dini-fəlsəfi baxışları çoxşaxəli olmaqla bərabər xarakterindəki barışmazlıq cəhəti əsərlərinə təsir etmişdir. Rəqiblərinə qarşı istehza və məsxərə onun əsərlərində qabarıq hiss olunur. Dövrümüzədək 31 əsəri gəlib çatan Tertullianın xristian ilahiyyatı üçün faydaları böyük olsa da, ziddiyyətli xarakteri ucbatından bu xidmətlər kifayət qədər nəzərə alınmamışdır. Orta əsr ilahiyyatçıları onun rəsmi kilsədən ayrılmasına tənqidi yanaşaraq, bir alim kimi əhəmiyyətini azaltmağa cəhd etmişlər. Yalnız XIX əsrdə əsərləri sanki yenidən kəşf edilmiş və Avropada Xristianlığın yayılmasına verdiyi töfhələr qiymətləndirilmişdir.

İlahiyyata dair görüşləri

Tertullianın ilahiyyat baxışları kifayət qədər sərt olub, Xristianlığı bürümüş bidətçiliyin mənbəyində bütpərəst fəlsəfəsini ittiham etmişdir. Onun fikrincə, dinlə fəlsəfə daban-dabana ziddir. Filosoflardan yaxşı nə isə öyrənmək mümkün deyil və bütün çatışmazlıqların səbəbkarı fəlsəfədir. "Bidətçilik insani və şeytani xislətə malikdir. Fəlsəfə Tanrının xüsusiyyətlərini araşdırmağa cəhd göstərir. Lakin bütün bidətlərin kökü ondan qaynaqlanır. Afina ilə Qüdsün, Akademiya ilə kilsənin, Xristianlıqla bidətçiliyin bənzərliyi varmı? Bizim dinimiz Süleyman padşahın məbədində yaranmışdır. Bu məbəd bizi Tanrını saf qəlblə tanımağı öyrətmişdir. Məhv etməkdən başqa heç nəyi bacarmayanlardan nə öyrənək? Zülmət olan yerdə həqiqəti necə axtaraq? Gəlin, ətrafımızı araşdıraq, lakin bu zaman iman qaydalarını pozmayaq"

Mütəfəkkirin "Müqəddəs Üçlük" prinsiplərinin formalaşmasında böyük xidməti olmuşdur. Bu sözü latın dilində işlədən ilk şəxs də Tertulliandır. O, ilk dəfə olaraq Oğulun (İsa Məsihin) Ataya (Tanrıya) bərabər mahiyyətdə olduğunu bildirmişdir. Həmçinin "Müqəddəs Ruhun" "Oğul" vasitəsilə "Atadan" gəldiyini bəyan etmişdir. Tertullianın fikrincə, "Ata, Oğul və Müqəddəs Ruh" vahid ilahi təbiətə malikdir. O, Oğulu "kəlam" kimi qəbul edərək, onun əvvəlcə Atada "məna" kimi mövcud olduğunu, dünyanın yaranmasından sonra "kəlama" çevrildiyini demişdir. Tertullian İsa Məsihə münasibətini belə açıqlamışdır: "Onda Tanrı və insan birləşmişdir. Tanrı insanların arasında yaşayaraq, onlara ilahi həyat öyrətmişdir."

Mütəfəkkir xristianların ictimai vəzifə tutmalarının tərəfdarı olmuşdur. Onların hansısa təriqət və qruplaşma üzvlərindən fərqli olaraq borclarını sonunadək ödəyəcəkləri fikrini irəli sürmüşdür. O, dindaşlarının bütün hakimiyyət sahiblərinə loyal yanaşdığını qeyd etmişdir: "Məlum oldu ki, bizimlə yumşaq davranmaq, heç olmazsa ədalətli şəkildə qadağan edilmiş topluluqların təqsirinə bərabər cinayətlərlə ittiham edilməmiş dini qanunauyğun saymaq lazımdır. Əgər doğru xatırlayıramsa bu sektalar ictimai asayişi pozduqlarına görə qadağan edilmişlər. Əks halda, bütün ölkə bir-birinə düşmən kəsilmiş cəmiyyətlərlə parçalanardı. Onlar xalq toplantılarını, senatı qarışıqlığa salar və nitqləri kəsərək böyük cinayətlərə gətirə bilərlər. Bizə gəlincə, şöhrətə və sərvətə qarşı meyilimiz olmadığından, sui-qəsdlər təşkil edərək ictimai çalxantılar yaratmağa heç bir maraq göstərmirik. Biz heç zaman ictimai vəzifələrə soxulmuruq, bütün dünya bizim respublikamızdır"

Nikaha münasibəti

Nikah məsələsində Tertullian qəti olaraq, monoqamiyanın (tək evliliyin) tərəfdarı olmuşdur. O, arvadına vəsiyyətnaməsində yazırdı: "Əgər səndən əvvəl ölsəm, bu Tanrının sənin nikahını dağıtması deməkdir. Elə isə, Tanrının məhv etdiyini bərpa etmə. Sənə bəxş edilmiş azadlığı nəyə görə yeni zəncirlərlə əvəzləyəsən? İkinci nikaha girmənin insana vurduğu zərərləri öyrənmək üçün kilsə nizamnaməsi və həvarilərin göstərişlərinə diqqətlə bax. Orada yazılmışdır ki, yalnız bir qadına ər olan kişi yepiskop və yalnız bir kişiyə arvad olan qadın din xadimi ola bilər."

Tertullianı ilahiyyat elmində məşhur edən düşüncə onun ağla zidd gələn məsələlərin dinin isbatı üçün dəlil olduğunu bildirməsidir. "Tanrının oğlu öldü: bu qətidir, ona görə ki, mənasızdır. Dəfn edildikdən sonra dirildi: bu şübhəsizdir, çünki ağlabatan deyil"

Tertullian dinə yanaşma tərzi ilə Avropa ilahiyyatçıları arasında özünəməxsus yer tutmaqla bərabər, latın dilinin inkişafında böyük xidməti olmuşdur.


Tarix: 07.03.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 512 Bölmə: Kilseler
loading...