Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladınızın dırnaq yemə vərdişi..

Statistika göstərir ki, dırnaqyemə vərdişi uşaqlarda təxminən 3-4 yaşlarında formalaşır. Bu yaşda körpələrin 33%-də sözü gedən vərdişə təsadüf olunur. Həddi-buluğa çatmış insanların da 40-45%-də dırnaqyemə probleminin daşıyıcılarına rast gəlinir.
Mütəxəssislərsə əmin edirlər ki, bu vərdiş də oxşarı-barmaq sorma kimi psixoloji amillərdən qaynaqlanır. Psixoterapiyada dırnaqyemə vərdişi özünə inamsızlıq əlaməti kimi qiymətləndirilir.
Əfsus ki, bu gün ailələrdə tez-tez rast gəlinən problemlər: həddindən artıq ciddi və avtoritar rejimin olması, uşağın daima danlanması, qısqanclıq, istədiyi diqqəti və sevgini ala bilməməsi, sıxıntı və gərginlik bu cür xoşagəlməz vərdişin yaranmasına səbəb olur.
Bu vərdişin təhlükəli məqamlarını və dırnaqyemənin aradan qaldırılmasına yönəlmiş ən uğurlu tibbi addımları “Burlaxatun.az”a həkim-psixoanalitik Elmir Əkbər açıqlayır:
Birincisi təbii ki, estetik cəhətdən dırnaq üçün dırnaqyemə vərdişi fəlakətdir. Fikir versəniz, bu vərdiş olan insanlarda dırnaq spesefik formadadır. Digər pis vərdişlərdən fərqli olaraq, müalicə aparılmadıqda bu illərlə keçməyən vərdiş olduğundan, insan böyüyür, yetkinləşir, dırnaqlar isə tam formaya qədər inkişaf edə bilmir.
Ikincisi dırnağın üzərində xüsusi qoruyucu təbəqə var ki, dırnağı müxtəlif mikroorqanizmlərdən, viruslardan qoruyur. Dırnaqyemə vərdişi nəticəsində o təbəqə pozulur. Diş üçün mina qatı vacib olduğu kimi dırnaq üçün də bu təbəqə çox vacibdir. Həmin təbəqə pozulduqda dırnağa mikrobların, virusların düşmə ehtimalı daha çox olur.
Mədə-bağırsaq sisteminə gəldikdə isə, bu vərdiş olduqca təhlükəlidir. Cinsi yolla keçən bir neçə virusu istisna etməklə, bütün növ parazitlər məhz qida borusu vasitəsi ilə orqanizmə düşür.
Dırnağın altında xüsusi temperatur saxlanıldığından, müxtəlif növ parazitlərin yaranması və çoxalması üçün münbit şərait var. Eyni zamanda insan qidalanarkən dırnağın altına yığılan qida hissəcikləri həmin parazitlərin qidalanmasına şərait yaradır.
Insan dırnağını yeyəndə bu parazitlər asanlıqla oraqnizmə düşərək, orada uyğunlaşmağa və çoxalmağa başlayır. Müayinə keçirsək görərik ki, dırnağını yeyən hər 100 uşaqdan 99-nun mədə-bağırsaq sistemində daimi olaraq parazitlər mövcuddur.
Eyni zamanda dırnaqyemə vərdişi mədə-bağırsaq sistemində müxtəlif helimetozların (bura bütün növ helimentlər aiddir), qeyri-spesifik invazik xəstəliklərin, dizentiriyanın, mədə-bağırsaq xorasının və digər ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bir faktı da qeyd etmək lazımdır ki, bu vərdiş hepatit A (100%-lik keçmə təhlükəsi var) və (bəzi alimlərin fikrincə) hepatit B (qara ciyərin sirrozu) kimi xəstəlikərin yaranmasında rol oynaya bilər.
Dırnaqyemə vərdişinin qarşısını almaq üçün istifadə olunan acı dırnaq boyalarının orqanizmə mənfi təsiri ola bilər. Birincisi dırnaqyemə vərdişinin aradan qaldırılması proseduruna başlamaq üçün uşaq özü bu vərdişdən azad olmağı istəməlidir. Insan daxilən bu vərdişdən azad olmaq istəmirsə bu kimi vasitələr müvəqqəti xarakter daşıyır.
Bizim bazarımız bütün sahələrdə keyfiyyətsiz mallarla doludur. Eyni zamanda əczaxanalarda da keyfiyyətsiz dərman vasitələri satıldığı halda, acı dırnaq boyalarının keyfiyyətinə heç kim zəmanət verə bilməz. Bizim bazarlara gətirlən həm də bu cür mallar müddəti bitmiş ola bilər. Elə hallara da rast gəlinir ki, sözügedən dırnaq boyaları azyaşlı uşaqlarda zəhərlənmə də verir.
Həm də nəzərə almaq lazımdır ki, həmin vasitənin (keyfiyyətli olsa belə) tərkibində daxili allerqiya reaksiyası yarada biləcək hər hansı maddə dırnaqla bərabər orqanizmə ötürülə bilər. Oan görə də bu zərərli və təhlükli vərdişin aradan qaldırlması üçün yeganə təsirli metod psixoterapiyadır. Başqa heç bir üsul özünü doğrultmur. Qeyri-adi ideyalar, vasitələr düşünülsə də, onların heç biri effekt verməyib.
Qeyd edim ki, elə uşaq var ki, həkimə müraciət etmədən belə həyatının hər hansısa məqamında bu vərdişdən azad olur. Ancaq bir daha qeyd edim ki, bunun üçün insan özü daxilən buna hazır olmalı, bunu istəməlidir.
Bir neçə il öncə belə bir fikir formalaşmışdı ki, uşaqlarda dırnaqyemə vərdişi orqanizmdə kalsium və fosforun çatışmazlığı ilə bağlıdır. Lakin sübut olunub ki, dırnaq yemə vərdişi məhz psixoloji faktorla bağlıdır. Ata despot ata olan ailələrdə (qorxuların, qadağaların, hədələrin və s.) uşaqlar dırnağını yeyir.
Özünü ifadə edə bilməyən, valideynlərinin qəzəbindən, ətraf mühitin təzyiqindən qaçmağa cəhd göstərən uşaqlar adətən bu vərdişə düçar olurlar. Bu problemlə üzləşən uşaq yalnız psixoanalitikin, ən əsas isə valideynlərinin köməyinə ehtiyac duyur. Buna görə də övladınızın tezliklə bu zərərli və təhlükəli vərdişdən azad olması üçün tədbirlər görmək çox vacibdir.
P.S. Övladınızı bu problemlə üz-üzə qoymayın. Uşaq üçün uyğun olan bir şərait yaratmağa çalışın. Körpəni qorxu yaradan vəziyyətlərdən, ana-ata arasında olan anlaşılmazlıqlardan, maddi sıxıntılardan, böyüklərin mənəvi problemlərindən uzaq saxlamağa çalışın ki, körpəniz də sizə həm fiziki, həm də psixoloji baxımdan sağlam övlad valideyni olmaq xoşbəxtliyini yaşatsın.


Tarix: 03.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Körpəyə qulluq
loading...