Uşağın dünyaya gəlməsi hər bir övlad sahibi olmaq istəyən ailənin sevincinə səbəb olur. Uşağın sağlam böyüməsi üçün isə ana əlindən gələni əsirgəməməlidir. Körpənin ilk doğulduğu gündən düzgün qulluğa ehtiyacı var. Lakin təbii olaraq gənc analar körpənin ilk aylarında ona düzgün qulluq qaydalarını bilmirlər. Körpə həyatının ilk aylarında psixomotor inkişafın, boyun, bütün orqan və sistemlərin formalaşması sürətlə getdiyi üçün körpənin qidası daha düzgün və zəngin olmalıdır. Ana südü körpələrin sağlamlığı və immunitet sisteminin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Ana südündəki yağlar enerji qaynağıdır. Ana südündə lipaza fermenti olması səbəbiylə yağlar, inək südündən və süni südlərdən daha yaxşı əmilir. Ana südündə ümumi zülalın miqdarı inək südündən az olduğuna görə bu körpənin həzm etməsi üçün daha əlverişlidir. Ona görə də süni qidalanma zamanı zülal yüklənməsi yaranır. Körpələr ən azı 6 ay boyunca əlavə olaraq su belə verilmədən ana südü ilə bəslənməlidir. Ana südü ilə bəslənən körpələrdə allergik, ürək, şəkər ve xərçəng xəstəliklərinə tutulma ehtimalı daha az olur. Eyni zamanda ana südü körpəni orta qulaq iltihabı, bağırsaq infeksiyası, ağciyər infeksiyası kimi bir çox bakteriyal xəstəliklerə qarşı qoruyur.
Uşaq süddən ayrıldıqdan sonra da onun immun sistemininnormal şəkildə olması üçün tam vəkeyfiyyətli qidalanmasına fikir vermək lazımdır. Düzgün olmayan qidalanma uşağın immun sisteminə xeyli dərəcədə zərər verir. İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir. İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox mikroelementlər də tələb olunur: kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium. Bütün bu sadalanan vitamin və mikroelementlər mənbəyi olan meyvə və tərəvəzlər, günəş işığı ilin soyuq aylarında daha azlıq təşkil etdiyinə görə uşaqlara vitamin –mineral kompleksli preparatların verilməsi məsləhətlidir. Ümumiyyətlə, uşaqda əgər immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.Bunun üçün uşaqları peyvənd etdirmək lazımdır. Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.
Uşağın sağlamlığı üçün əsas sayılan amillərdən biri də yuxudur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Yamazdan qabaq uşaq çoxlu miqdarda maye, ağır yağlı yemək qəbul etməməlidir.
Uşaqlarda tez-tez rast gəlinən tər suluqları və bişməcələr kimi iltihabi səpgilərə kiçik yaşlı uşaqların dərisinə kifayət qədər və düzgün qulluq etmədikdə, körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya, elecə də qida allergiyasından əziyyət çəkən uşaqlarda rast gəlinir. Bişməcələrin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha yaxşıdır. Bunun üçün uşağı tez-tez yuyundurmaq, uşaq bezini hər 3-4 saatdanbir dəyişdirmək, paltarlarını hər zaman təmiz saxlamaq lazımdır. Uşağın dərisində bişməcələr əmələ gəlmişdirsə, onunla mübarizədə ən yaxşı üsul - hava vannalarıdır. Uşağı çimizdirərkən onun vannasındakı suya kalium permanqanat (“marqantsovka”) və ya ot dəmləmələri (çobanyastığı, adaçayı, pişikdili və s.) əlavə etmək də yaxşı nəticə verir. Bu zaman uşaq tozundan (prisipka) isə imtina etmək tövsiyə olunur. Bu tozlar büküşlərdə yığılaraq, uşağın vəziyyətinə pis təsir edir.
Əziz valideyinlər, əgər uşağınızın sağlamlığında hər hansıbir problemlə rastlaşsanız, immunitetinin zəif olması əlamətlərini görmüş olsanız və ya uşağın sinir sistemində hər hansı bir patalogiyaya rast gəlsəniz həkim –pediatora müraciət etməniz məsləhət görülür.
Tarix: 03.01.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Körpəyə qulluq