Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlara nə Allah, nə də uşaq evləri uşaq verir

Mahirə xanım 10 ildir ailə qurub. Özünün dediyinə görə, müraciət etmədikləri həkim qalmasa da, övladları olmur. İllərdir həsrət çəkən ailə sonda övladlığa uşaq götürməyi qərara alıb. Ancaq bitməyən növbələr onları başqa yollara əl atmağa vadar edib. Bir gün onlar bətnindəki övladından imtina etmək istəyən bir qadınla tanış olurlar. Bu onlar üçün əsl fürsət olur. Həm də götürəcəkləri uşağın körpə olması ailə üçün birinci şərt olduğundan, qadınla danışıb, onu övladından imtina etməməyə razı salırlar. Uşaq dünyaya gələnə qədər həmin qadının bütün ehtiyaclarını qarşılayırlar. Bir tərəfdən də ailədə hazırlıq görülür, hətta uşağın otağı, paltarları, oyuncaqları da alınır. Amma uşaq dünyaya gəldikdən sonra ana övladından ayrılmaq istəmədiyini və uşağı heç kimə verməyəcəyini deyir.

Mahirə xanım söyləyir ki, bu hadisə onların bütün arzularına son qoyub. Bu üsula əl atdıqları və qadına inandıqları üçün çox peşmandırlar. Ancaq qanuni yolla övlad götürmək istəyəndə süründürməçiliklə, özbaşınalıqla qarşılaşmasaydılar, belə addım atmaq heç ağıllarının ucundan da keçməzdi.

Azərbaycanda hər il 90 min nikah bağlanır. 8-10 mininin övladı olmur. Uşaq evlərində isə təxminən 3500 uşaq var. Rəqəmlər arasındakı nisbət problemin aktuallığını bir daha sübut edir.

Övladlığa uşaq götürmək sahəsindəki problemlər isə inkaredilməzdir.

Onlara nə Allah, nə də uşaq evləri uşaq verir
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bu gün Azərbaycanda uşaqların övladlığa mərhəmət yox, gələcək təminat üçün götürüldüklərini bildirdi:

“Övladlığa götürüləcək uşağın azyaşlı, görünüşcə ailə üzvlərinə bənzəmələri kimi şərtlər də bu sahədə qıtlıq yaradır. Bundan başqa, ailələrin irəli sürdükləri şərtlərə görə də bu rəqəm bir az məhdudlaşır. Qıtlıq həm də problemin digər yollarla, rüşvətlə həll olunmasına şərait yaradır”.

İnsanların istəklərinə uyğun övlad götürə bilməməsinin bir səbəbi də uşaq evlərindəkilərin əksəriyyətinin bioloji valideyninin olmasıdır. Bu gün 4500-dən çox ailə uşaq növbəsindədir, ancaq bioloji valideyni olmayan 1000 nəfər uşaq var.

Millət vəkilinin sözlərinə görə, bu gün azyaşlı kimsəsizlərin az olmasının bir səbəbi də, küçəyə atılan uşaqların sayının azalmasıdır. Onun sözlərinə görə, əvvəllər intimual mədəniyyət aşağı olması nəticəsində arzuolunmaz uşaqların sayı çox olurdu. Nəticədə, küçəyə, uşaq evlərinə atılanların da sayı artırdı.
Prosedur qaydalardan narazı olanların övladlığa götürmə prosesinin sadələşməsi tələbinə gəlincə isə, millət vəkili bununla razılaşmadı. Onun sözlərinə görə, proses sadələşərsə, hər kəs övladlığa uşaq götürər və bu zaman həm də uşaqların əməyinin istismarı, bəzi çirkin məqsədlər üçün istifadə olunma halları arta bilər.

H.Rəcəbli əsas problemlərdən birinin övladlığa götürülən uşaqların sonrakı taleyinin diqqətdən kənarda qalması olduğunu deyir:

“Bu problemi həll etmək üçün sosial işçilərin yaradılması layihəsi gündəmdədir. Layihədə hər 10 uşağa bir sosial işçinin təyin olunması nəzərdə tutulur”.

Bütün bu problemlərin həlli yolu kimi isə millət vəkili həm valideynlərin övladlığa götürmə ilə bağlı düşüncələrinin dəyişməsini, yəni yuxarı yaşlı uşaqları da götürmələrini, həm də reproduktiv sağlamlıqla bağlı qanunun qəbul olunmasını vacib sayır:

“Yeddi ildir bu qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Bu il payız sessiyasında yenidən bu məsələni qaldıracağıq. “Reproduktiv sağlamlıq haqqında” Qanun qəbul olunsa, övlad sahibi ola bilməyən yüzlərlə insan bundan bəhrələnə biləcək. Bu da problemin həllinə müəyyən qədər təsir edəcək”.


Tarix: 03.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Körpəyə qulluq
loading...