Uşaqlarla aşağıdakı məzmunda anket sorğu aparılıb:
1. Evdə əməklə məşğul olursanmı?
2. Boş vaxtını harada və necə keçirirsən?
3. Ailənizdə sərxoşluqla məşğul olan varmı? Sən buna necə baxırsan?
4. Qonaqlıqlarda, ad günlərində valideynlərin, yaxud qohumların sənə spirtli içkilər təklif edirlərmi? Edirlərsə təklifi necə qarşılayırsan?
5. Evinizdə söz-söhbət, dava-dalaş olurmu? Olursa, kimi günahkar hesab edirsən?
6. Tutduğun pis əmələ görə evdə cəzalanırsanmı? Həmin cəza nədən ibarət olur? Valideynlərindən biri səni cəzalandırmaq istəyəndə, digəri səni müdafiə etməyə çalışırmı? Onlardan hansına necə münasibət bəsləyirsən?
7. İnsanların hansı keyfiyyəti sənə xoş gəlir (xoş gəlmir)?
8. Böyüklərə hörmət edirsənmi? Etmirsənsə nə üçün, hansı keyfiyyətlərinə görə?
9. Evdə valideynlərin hüquq və vəzifələrilə bağlı səninlə söhbət aparırmı? və s.
Məlumdur ki, küsülülük, söz-söhbət, dava-dalaş olan ailələrdə uşaq unudulur, tez-tez acılanır, döyülür. Ata ilə ana, ana ilə nənə arasındakı qeyri-səmimi münasibətlər gələcək vətəndaşı çıxılmaz vəziyyətdə qoyur. Ailədə qayğı üzünə həsrət qalan uşaq öz dünyasına qapılır, sözeşitməz və kobud olur. Onun bu davranışı get-gedə sabit xarakter alır.
Məsələn, uşaqlardan aşağıdakı cavablar alınmışdır. Birinci uşaq: “Olur, hər ikisini-atamı da, anamı da təqsirli bilirəm. Atamla anam bir-birlərinə heç nədə güzəştə getmək istəmirlər. Bu da mübahisə, dava-dalaşla nəticələnir. İkinci uşaq “Bəli. Anamla nənəm arasında. Anam nənəmi günahkar sayır. Nənəmə acıyıram. Anam nənəmlə-atamın anası ilə yola getmir. Xüsusilə atam evdə olmayanda. Anamın pis nümunəsi qardaşıma da pis təsir etmişdir. O da nənəmin hörmətini saxlamır. Anam bundan şadlanır, məndən isə acığı gəlir”.
Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi, bəzi hərəkət və davranışlarında onlara sərbəstlik verilməsi də pis nəticələnir. O, məktəbdən yayınır, papiros çəkməyə, içki içməyə, yaşlılara mənsub oyunlar oynamağa, evə gec gəlməyə (gələcək cinayət üçün zəmin yaranır) başlayır.
Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman “çətin” olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis əməlini alqışlamaq (məsələn, ata öz yoldaşını döymüş oğlunun başını sığallayır və “Afərin” Döyülüb evə gəlsəydin, gözümdən düşərdin!”-deyir) lazım deyil.
Valideyn başa düşməlidir ki, maşın ona öz ailəsinin qulluğunda durmaq, arvadını bazara, uşağını məktəbə aparıb gətirmək üçün deyil, xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün verilmişdir. O, yaddan çıxarmamalıdır ki, əgər uşaq həmyaşıdlarına yuxarıdan aşağı baxır, özünü onlardan yüksək tutursa gec-tez o, cəmiyyət üçün ziyanlı ünsürə çevriləcəkdir.
Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları – məktəbdən və ailədən kənarda gəzib dolandıqları vaxt pozulurlar.
Bəzən uşaq və yeniyetmələrin tərbiyəsinin müvəffəqiyyəti onların gəzib dolandıqları mikromühitin “havasından” asılı olur. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin (kolxoz bazarına, dəmiryol vağzalına, avtovağzala və s. yaxınlığı), dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı (“dostunu mənə göstər, sənin kim olduğunu deyim”) həddi-büluğa çatmamışlara güclü təsir göstərir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub-dururlar. Bəzən tüfeyli yaşlı adamlar yeniyetmələrin, həddi-büluğa çatmamışların təcrübəsizliyindən istifadə edərək onları öz təsirləri altına salır, cinayət etməyə şirnikdirir, öz çirkin əməllərini həyata keçirmək üçün təzyiq göstərməkdən belə çəkinmirlər.
Uşağın mənəvi hüquq tərbiyəsinə ən pis təsir göstərən amillərdən biri valideynlərin içkiyə qurşanması, yeniyetmə övladını bu işə cəlb etməsidir. Ata və ya ana öz oğlu, qızı ilə içki içir, buna irad tutanlara əhəmiyyət vermir: “Sərbəst, gözüaçıq, böyüdürəm”, - deyirlər. Belə cəhd qonaqlıqlarda, ad günlərində daha çox özünü göstərir.
İçkiyə qurşanan ata evdə yersiz söz-söhbət, dava-dalaşın törənməsi üçün şərait yaratmış olur. O, ailə üzvləri arasında öz nüfuzunu itirir. Belə vəziyyətdə ailələrdə, əsasən, dağılır.
Məktəblərdə aparılmış sorğular zamanı: “Ailənizdə sərxoşluqla məşğul olanlar varmı? sualına şagirdlərin bir qismi “bəli” cavabını vermişdir. “Atam içkiyə hərisdir. Ayıq vaxtı olmur. Soyuducumuzda həmişə araq olur. Atamın və dostlarının ənənəsinə görə, hər iki gündən bir onlardan birinin evində “içki məclisi” düzəldirlər. Bizə yığışanda hamımız onların qulluğunda dururuq. Fərqi yoxdur, qonaqlarımız olmayanda da atam haradasa qonaqlıqda olur və özü ilə arağın tünd qoxusunu evə gətirir. Onun gəlişi ilə ev-eşiyin ümumi ahəngi pozulur. Lal-dinməz çəkilib otururuq bir kənarda, yaxud onun səs-küyündən dərs hazırlamağın qeyri-mümkünlüyünü görüb yerimizə giririk. Onun yumruqları tez-tez stolu, bəzən də anamızın başını döyəcləyir”.
Uşaqların içki düşkünü olan valideynlərinə münasibəti mənfidir. Atanın mənəvi cəhətdən kasıblığı onların ürəyini ağrıdır, dost-tanış yanında xəcalətli edir. Bəzən də belə hallar olur: “Atam sərxoş vəziyyətdə evə gələndə bizi konfetə qonaq edir. Bizə, müəllimin verdiyi ev tapşırığını icra etməyi tapşırmış və televizoru söndürmüş anamızla sözləşib, televizoru yandırır. Biz isə həvəslə konsertə, yaxud filmə baxırıq...”
Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlara qarşı münasibətdə özünü büruzə verən qəddar və rəhmsiz münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir.
Evdəki mebellərə qayğı göstərən uşaq təəccüblüdür ki, avtobuslardakı oturacaqları kəsir, məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayır, yeri zibilləyir və s. Ana isə üstəlik, irad tutan vətəndaşların, ictimaiyyətin “acığına” oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq ardına vursun.
Yaşlı adamın ayaq üstündə durduğu halda, uşağın avtobusda əyləşməsi, özünü görməməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait yaratdıqda vəziyyət dözülməz olur.
Görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli göstərirdi ki, tərbiyə vaxtında verilməsə, insan ağlının ayinəsini pas basar və şəxs sərt daşa, zərərli tikana çevrilər.
10 yaşlı oğlan əlində tutduğu pişiyi başı üzərinə qaldırıb yerə buraxır və bundan həzz alır. Ana qəhqəhə çəkib övladının qəribə “oyununu” təqdir edir; fikirləşmir ki, uşağında qəddarlıq və zalımlıq, insafsızlıq və rəhmsizlik kimi pis xüsusiyyətlər təşəkkül tapmaqdadır.
Ata cəmiyyətdə fəal mövqe tutur, vəzifə və nüfuz sahibidir. İşə can yandırır. Orden və medalları, fəxri adları var. Ailənin qayğısına qalır. Bir sözlə, hər yerdə onun hörmətini saxlayırlar. Lakin bu hörmət və nüfuz sahibinin oğlu tüfeylidir. Atasının əməyindən bəhrələnir, onun kölgəsində daldalanıb avara-sərgərdan həyat keçirir.
Oğlunun maşını, xərcləməyə pulu var. Maşını bəzəyir, öz zəhməti ilə qazanmadığı pulları istədiyi şəkildə xərcləyir. Nəhayət, tüfeyli həyat mənəvi pozğunluğa gətirib çıxarır. O, artıq nə atasının, nə də anasının sözünə baxır, gecə yarıdan sonra evə gəlir, yaxud gəlmir. Onun “sərbəstlik” dünyasına başqasının, hətta valideynlərinin belə müdaxilə etməsinə dözmür və nəhayət... atanı, ananı təhqir edir. Ata onu evdən qovub: “Bir daha ayağın bu evə dəyməsin. Sən adda mənim oğlum yoxdur”, - deyir.
Bu da son nəticə! Bəs mənəvi-hüquqi cəhətdən rəzilləşmiş, gözdən düşmüş bu yeniyetmənin, bu gəncin sonrakı taleyi? Onu bu vəziyyətdə - əxlaqda cəmiyyət içərisinə buraxmaq mümkündürmü?
Həyati faktlar təsdiq edir ki, ailədə həddindən artıq əzizlənən, heç bir tələb verilməyən uşaqlar, sonralar öz valideynlərinə qarşı nankorluqdan belə çəkinmirlər.
Başını əlləri içərisinə almış, papirosu papirosa calayan ata fikir-xəyal içərisində boğulur: “Niyə belə oldu? Mən ki ondan heç nəyi əsirgəməmişdim. Maşın, geyim, yemək, bolluca pul... daha nə lazımdır?”.
Bəs tərbiyə? Atanın öz övladından əsirgədiyi yalnız bu idi.
Valideynlər uşağı ilk gündən tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə, xalq üçün ağır yükə çevrilməsin. Məlumdur ki, yenidəntərbiyə daha ağır və uzun müddətli işdir.
Uşaqlar ailədə mənəvi-hüquqi tərbiyəsinin problemləri təkcə yuxarıda sadalananlarla məhdudlaşmır. Bir çox valideynlər, xüsusilə gənc ata və analar övladlarının gələcək taleyini düşünür, onların mümkün qədər yaxşı tərbiyə olunmalarına çalışırlar.
Böyük proletar yazıçısı M.Qorki yazırdı ki, uşaqları sevməyi toyuq da bacarar. Tərbiyə etməyi bacarmaq isə əhəmiyyətli işdir, bu istedaddır və həyatı dərindən öyrənməyi tələb edir.
Tarix: 03.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Körpəyə qulluq