Son vaxtlar dünya əhalisinin sayında 66 milyon qadın azlıq təşkil edir. Xüsusilə də Şərq ölkələrində oğlan uşaqlarına üstünlük verilməsi və dölün ultrasəs müayinəsində aşkarlanan qız uşaqlarının alınması onların sayının azalmasına səbəb olub. Bu proseslər adətən ailədə kişilərin "oğul atası” olmaq istəyi nəticəsində reallaşır. Ümumiyyətlə, 2050-ci illərə gəldikdə dünya əhalisinin sayında demoqrafik bir dəyişmənin baş verəcəyi gözlənilir ki, bunun da əsasən Asiya əhalisində özünü göstərəcəyi bildirilir.
Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. Qız uşaqlarına qarşı "soyqırımı" əməliyyatı nəticəsində yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balansın tamamilə pozularaq genefondumuza ciddi zərər dəyəcəyi artıq narahatlıqlara səbəb olub.
Deputat: "Özünə hörmət edən millətlərdə uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır”
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bunun çox ciddi problem olduğunu bildirdi: "Problemin qarşısını almaq üçün dölün cinsi haqda məlumatların valideynlərə verilməsinə qadağa qoyulması məsələsi gündəmdədir. Ümumiyyətlə, özünə hörmət edən millətlərdə uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır. Bu, birinci mənəviyyata, ikinci isə tibbə zidd bir haldır”.
Müayinədən sonra bətndəki dölün cinsinə görə abort etdirilməsini "qeyri-etik” adlandıran deputat bildirdi ki, kütəvi şəkildə bu əməliyyatlar aparıldıqda demoqrafik problemler ortaya çıxır. Belə ki, oğlanların sayının qız uşaqlarına nisbətən artması sonradan ailə-nikah münasibətlərinə mənfi təsir edir.
""Reproduktiv sağlamlığın qorunması haqqında ” qanuna belə bir müddəa əlavə olunub ki, ciddi göstəriş olmadığı halda, utrasəs müayinəsi aparılması qəti qadağandır”-deyə M. Quliyev vurğulayıb.
Rəsmi mövqe: "Son 5 ildə Azərbaycanda oğlan uşaqlarının sayı qızların sayını keçib”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova deyir ki, heç bir sosial göstəriş olmadan hamiləliyin süni şəkildə pozulması hallarına görə həkimlər məsuliyyətə cəlb olunmalıdır:
"Son 5 ildə Azərbaycanda oğlan uşaqlarının sayı qız uşaqlarının sayını keçib. Bu gün Azərbaycanda hər 12 oğlana 5 qız düşür. Halbuki, beynəlxalq standartlara əsasən, hər qıza 3 oğlan düşməlidir”-deyə Taliyə xanım vurğuladı. Onun sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması” haqqında qanunda hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalııdır. Hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər pozulması üçün sosial əsaslar göstərilməlidir.
"22-ci həftədən sonra hamiləliyin dayandırılması ciddi tibbi göstərişilər olduğu halda qanunvericilikdə nəzərdə tutulur. Demoqrafik balansın pozulmasının qarşısının alınması üçün Milli Məclisdə "Etika haqqında” qanunu layihəsi hazırlandı və bu məsələ ora daxil edildi. Həmin qanunda uşağın cinsinin qabaqcadan müəyyən olunmasına qadağa qoyulması məsələsi öz əksini tapmışdı”.
Şöbə müdiri bəzi ailələrdə qız uşağının doğulmasının ana üçün bir sıra problem yaratdığını dedi: "Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə boşanma halları da baş verir. Bu cür qadınlara oğlan anasına nisbətən daha az hörmət edilməsi də faktdır. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bunun üçünsə, ilk növbədə maarifləndirmə işi aparılmalıdır”.
İctimai Maraqların Müdafiəsi Mərkəzinin rəhbəri Nazir Quliyev isə valideynlərin oğllanlarla qızlar arasında seçim etmələrini düzgün ailə planlaşdırmasının aparılmamasında və düşüncə tərzində görür:
"Milli adət-ənənəyə uyğun olaraq oğlan uşaqlarına üstünlük verilir. Çünki Azərbaycanda oğlan nəslin davamçısı, "düşmən çəpəri" anlamımda qəbul edilir. Bəzi ailələr isə bunu oğlanı böyütməyin qızdan asan olması ilə izah edirlər. Amma elə hallar da olur ki, bir qızın əldə etdiyi nailiyyəti əksər halda hər oğlan qazana bilmir. Bu da uzun illərdir psixoloji vəziyyətin yaranmasına gətirib çıxarıb. Məhz bu səbəbdən ailələrin psixologiyası dəyişməli, ailə dəyərləri təbliğ olunmalıdır. Bundan əlavə, qanunvericilikdə bu məsələnin yenidən işlənməsinə ehtiyac var.
Həkim Adil Qeybulla isə belə hesab edir ki, prosesin qarşısının alınması qadağaların tətbiqi ilə mümkün deyil: "Çünki burada şəxsi istək, ailələrin sosial durumları, mentalitet kimi məsələlər var. Odur ki, qanunun tətbiqi ilə bərabər maarifləndirmə işi də aparılmalıdır”.
Sonda isə dünyada qız uşağını sevməyən ölkələr haqqında qısa bir araşdırma apardıq.
Danimarka qız uşağını abort edirlər, Hindistanda isə öldürülər
Qadın-kişi bərabərliyi mübarizəsində ilk sırada yer alan Danimarkada hər il onlarca qız uşağı doğulmadan həyatla vidalaşır. Yalnız bir ildə "xüsusi icazə” ilə 818 uşaq doğulmadan ana bətnindən çıxarılıb ki, onların da hamısını qız uşaqları təşkil edib. Ultrasəs müayinəsi zamanı uşaqların cinsiyyətinin qız olduğunu öyrənən valideynlər bu üsula üstünlük verir. Danimarkada 12 həftəyə qədər aborta icazə verilsə də, ondan sonra ancaq "xüsusi icazə” alınır. Bu ölkədə qız uşağını istəməyənlərin əksəriyyətini danimarkalılar təşkil etsə də, onların sırasında burada yaşayan xarici vətəndaşlar da var.
Bu gün qızların sevilmədiyi ölkələr sırasında ilk yerdə gələnlərdən biri də Hindistandır. Qız uşağı istəməyən ailələr ya yeni doğulan qız uşaqlarını öldürür ya da cinsiyyəti müəyyənləşdikdən sonra "aldırırlar”. Son 10 ildə öldürülən qız uşağının sayı 8 milyona çatıb. Digər bir fakt isə Hindistanda doğulan qız uşaqlarının cinsiyyətinin dəyişdirilməsi ilə bağlıdır. Oğlan uşağı istəyən ailələr qız uşaqlarını kiçik yaşda ikən əməliyyat etdirmək üçün 3 min dollar ödəyirlər. Bunun səbəbini isə qız uşaqlarını evləndirməyin yüksək maliyyə xərcləri tələbi etməsi ilə əlaqələndirirlər. Hindistanda bu gün hər 100 qız qarşılığnda 112 oğlan doğulur.
Qız uşaqlarının qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez uşaqların ana bətnindən götürüldüyü Çində hər 100 qız uşağının müqabilində 121 oğlan doğulur. Hətta bəzi qəsəbə və kəndlərdə bu rəqəm 150-yə çıxır. Bu ölkələrdə oğlan uşağına sahib olmamaq bir ailənin başına gələcək ən böyük fəlakət hesab edilir.
Gürcüstanda 118, Ermənistanda 120 oğlana qarşı 100 qız doğulur. Ana bətnindəki körpənin cinsiyyətini öyrənməyin mümkün olduğu günlərdən bəri - 1970-ci ildən sonra qız uşaqlarını abortu ilə bağlı statistik rəqəmə gəldikdə, indiyədək dünyada 163 milyon qız uşağı doğulmadan tələf ediliib. Bu, yalnız qız uşaqlarının haqlarının əllərindən alınması deyil, dünyada tarazlığın da pozulmasının göstəricisidir. Bu gün dünyada 107 oğlan uşağının müqabilində 100 qız doğulur.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 11 oktyabr tarixinin Beynəlxalq Qız Uşaqları günü kimi qeyd edilməsi qərara alınıb. Bu, Kanada hökumətinin iki il öncədən başlatdığı kampaniyanın yekunudur. Belə bir günün təsis edilməsində məqsədin qız uşaqlarının hüquqlarının qorunması, oğlanlar və qızlar arasındakı gender bərabərsizliyi ilə mübarizə və s. olduğu bildirilir.
Tarix: 03.01.2015 / 11:14 Müəllif: Aziza Baxılıb: 224 Bölmə: Körpəyə qulluq