Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq necə dünyaya övlad gətirib ona tərbiyə verə bilər?

"Problem uşaqdan uşağın dünyaya gəlməsidir".
"İki övlad sahibiyəm. Çox erkən yaşımda ailə qurmuşam. İndi isə çox peşmanam. Ailə qurduqdan sonra müəyyən çətinliklərlə üzləşdim. Başa düşdüm ki, erkən yaşlarda ailə qurmaq düz deyil", - bunu 26 yaşlı müsahibim Gülər Məmmədova deyir.
Bu gün bəzi gənc qızlarımız G.Məmmədova kimi erkən yaşlarında ailə qururlar. Lakin sonradan hansı problemlərlə üzləşəcəklərini düşünmürlər. Erkən nikah zamanı həm azyaşlı ananın, həm də uşağın insan hüquqları pozulur.
Psixoloq Sevinc Allahyarova Milli.Az-a verdiyi açıqlamasında erkən nikahların qızlarda psixoloji fəsadlar yaratdığını bildirdi: "Erkən yaşlarda nikaha cəlb edilən qızlar, onların psixoloji durumları formalaşmadığından, ailəyə və onun idarə edilməsinə hazır deyillər. Bu cür nikahlar onların gələcəkdə psixi xəstəliklərə düçar olmasına gətirib çıxara bilər. Sonradan onlarda əsəb xəstəlikləri yaranır. Bu isə uşaq tərbiyəsində çox mənfi rol oynayır".
Həkim Nəcibə Axundzadə gənc yaşlarında ailə quran xanımların səhhətlərində müəyyən problemlərlə üzləşəcəklərini qeyd etdi: "Təbii ki, erkən nikahların fəsadları çoxdur. Bu fəsadlara tibbi fəsadlar da aiddir. Çünki erkən yaşlarda ailə quran qızların orqanizmləri uşaq dünyaya gətirmək üçün fiziki cəhətdən tam hazır deyil. Onlarda yeniyetmə yaşlarında böyümə və inkişaf hələ davam etmiş olur. Bu cür qızların çanağı tam ölçüdə olmadığından uşağın çanaq daxilində yaxşı inkişaf etməməsi, kəllədaxili təzyiqlə doğulması və s. kimi fəsadlar baş verir. Bəzən isə erkən yaşlarda ailə quran qızlar sonsuzluqla üzləşirlər.
Erkən ailə quran ailələrdə doğulan uşaqların ölüm halları faizi də yüksək olur. Bu cür qızlarımız hamiləlik dövründə ciddi problemlərlə üzləşirlər. Bu səbəbdən də düşüklər baş verir, doğulan uşaqların çəkisi az olur və onlarda anemiya müşahidə olunur.
Bəzən erkən nikahda olan qızlar qorxuya düşüb abort etməyə qərar verirlər. Baxmayaraq ki, abort qanunla qadağandır, hətta yetkinlik yaşında olmayan qızların aborta getmələri cinayət hesab edilir, bu gün bəzi qızlarımız aborta üz tuturlar. Bunun nə dərəcədə təhkükəli olmasını isə düşünmürlər".
Sosioloq Əbülfəz Süleymanlı isə erkən nikahların cəmiyyətə də böyük zərbə vurduğunu dedi: "Yetkinlik yaşına çatmayan qızlar ailə qurarkən təhsillərini davam etdirə bilmirlər, onların heç bir peşəsi və ixtisası olmur. Bu isə o deməkdir ki, onlar iş tapmaq hüququndan məhrum olurlar. Bəzən isə gənc analarımız övladlarına lazımi səviyyədə tərbiyə verə bilmirlər. Nəticədə onlar analıq funksiyalarını yerinə yetirə bilmirlər.
Erkən nikahların və erkən dünyaya uşaq gətirməyin bir tək körpə və ana üçün deyil, həmçinin cəmiyyət üçün mənfi fəsadları var. Çünki cəmiyyətdə bu cür ana ailəsi ilə birlikdə artıq yükə çevrilir".
Millət vəkili Qənirə Paşayeva bu cür nikahların qanun tərəfindən cəzalanmasının vacib olduğunu qeyd edir: "Erkən nikahlar ailə zorakılığının bir formasıdır. Yaxşı olardı ki, bu qanun tərəfindən də bu cür qəbul edilsin və ona qarşı mübarizə aparılsın. Mən millət vəkili olaraq mübarizəni maariflənməkdə görürəm. Çünki erkən nikaha cəlb edilən qızların bir çoxunun hüquqları pozulur. Onlar təhsildən uzaqlaşırlar, uşaqlıq dünyasından məhrum edilirlər. Ümumiyyətlə, erkən nikaha cəlb edilən qızların insan kimi hüquqları pozulur. Əsas problem isə uşaqdan uşağın dünyaya gəlməsidir. Özü hələ uşaq olan şəxs necə dünyaya övlad gətirib ona tərbiyə verə bilər? Bu imkansızdır".


Tarix: 03.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Körpəyə qulluq
loading...