Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah Qiyamət günü buyuracaq: «Mənə görə bir-birlərini sevənlər hanı? Bu gün Mən onları Öz kölgəmdə kölgələndirəcəyəm, Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı gündə».
(Muslim 2566 (4655, 6713).
Ubadə ibn Samit (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurdu: «Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edərlər».
(əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 4321) səhih olduğunu söyləmişdir.)
Amr ibn Abəsə əs-Suləmi (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı səmimi olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə kömək edənlərə məhəbbətim vacib olmuşdur». Amr ibn Abəsə (r.a) (sözünə davam edərək) dedi: «Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Hər hansı bir kişi Uca Allahın yolunda ox atsa, (onun oxu məqsədinə) çatsa da, çatmasa da ona İsmayıl oğullarından bir qul azad etmiş kimi əcr verilər. Hər hansı bir kişinin Allahın yolunda saçlarının ağarması onun üçün nurdur. Hər hansı bir müsəlman kişi müsəlman bir kişini (qul olmaqdan) azad etsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Hər hansı bir müsəlman qadın müsəlman bir qadını (qul olmaqdan) azad etsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Əgər Uca Allah hər hansı müsəlman kişinin və ya qadının həddi buluğa çatmayan üç (övladının ruhunu) alsa, (övladları) onlar üçün Cəhənnəm oduna qarşı maneə olar. Hər hansı bir kişi namaz qılmaq üçün dəstamazı qaydasında alsa, o hər bir günahdan və ya xətadan salamat olar. Namaza durduqda Uc Allah (namazla) onun dərəcəsini qaldırar. Oturduqda isə salamat oturar». Şurahbil ibn Simt dedi: «Ey ibn Abəsə! Sən (doğrudanmı) bu hədisi Allah Elçisindən (s.a.v) eşitdin?» O dedi: «Bəli, Özündən başqa heç bir ilah (məbud) olmayan Allaha and olsun! Əgər mən bu hədisi Allah Elçisindən bir, iki, üç, dörd, beş, altı və ya yeddi dəfə eşitməsəydim, onu insanlardan bir kəsə danışmayacağıma and içməzdim. Lakin Allaha and olsun ki, mən onu Allah Elçisindən nə qədər eşitdiyimin (dəqiq) sayını bilmirəm».
(Əhməd 18621, 19438, 19457, 19966 əl-Albani «Silsilətul-Əhədisis-Sahiha» da (? 1756) və «Sahihut-Tərğib vət-Tərhib»də (? 3021) həsən səhih adlandırmışdır..)
Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni demişdir: «(Bir gün) Dəməşq məscidinə girdim. Orada gülərüzlü cavan bir oğlan gördüm. İnsanlar onun yanında idi. Onlar bir şeydə ixtilaf etdikdə, (məsələni) ona danışıb onun sözünü qəbul edirdilər. Onun kim olduğunu soruşdum, «Bu Muaz ibn Cəbəldir» - deyildi. Ertəsi gün tezdən (məscidə) getdim və onun məndən qabaq məscidə gəlib namaz qıldığını gördüm. Namazını qurtarana qədər gözlədim, sonra qarşısına keçib salam verdim və: «Vallahi, səni Allah üçün sevirəm!» - dedim. O dedi: «Allah üçünmü?» Dedim: «Allah üçün!» O, paltarımdan tutub məni özünə doğru çəkdi və dedi: «Sənə müjdə olsun! Çünki mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Uca Allah buyurur: «Mənə görə bir-birlərini sevənlərə, Mənə görə birlikdə oturub söhbət edənlərə, Mənə görə bir-birlərini ziyarət edənlərə və Mənə görə fədakarlıq edənlərə məhəbbətim vacib olmuşdur».
(Muvatta 2/253 (1503).
Tarix: 24.04.2013 / 21:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Hedisler