Adəm oğlunun hər bir yaxşı əməli on dəfədən yeddi yüzə qədər artırılır. Uca Allah buyurur: “Yalnız oruc istisna edilir...”
Əbu Hureyrə (r.) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Adəm oğlunun hər bir yaxşı əməlinin savabə on dəfədən yeddi yüzə qədər artırılır. Uca Allah buyurur: “Yalnız oruc istisnadır. Həqiqətən də o, Mənə aiddir. Onun mükafatını Mən verəcəyəm. Çünki qulum şəhvətini və yeməyini Mənə görə tərk edir.” Oruc tutanın sevindiyi iki vaxt var. İftar zamanı olan sevinci və Rəbbi ilə görüşdüyü an olan sevinci. Oruclunun ağzından gələn iy Allah dərgahında müşk iyindən gözəldir. Oruc sipərdir. Biriniz oruc olarsınızsa, pis söz danışmasın və qışqır-bağır salmasın. Əgər kimsə onu söyərsə və ya onunla dalaşarsa, ona belə desin: “Mən orucam.” Buxari və Müslim. ( Buxari: Oruc ? 1805. Müslim: Oruc ? 1151. Tirmizi: Oruc ? 764. Nəsai: Oruc ? 2216. Əbu Davud: Oruc ? 2363. İbn Macə: Oruc ? 1638. Əhməd: 2/273. Malik: Oruc ? 690. Darimi: Oruc ? 1770.)
ŞƏRH
Bu hədis necə də əzəmətlidir. Orada ümumi əməllər, sonra isə xüsusən oruc haqqında məlumat verilir. Orucun fəzilətini, özəlliyini, dünya və axirət mükafatını, hikmətini, məqsədini və oruclunun edəcəyi ədəb qaydalarını bəyan etdi. Hədis bütün bunları ehtiva etmiş və ümumi mənalı qaydanı açıqlamışdır.
Aşkar və gizli olan söz və əməllərdən ibarət bütün saleh əməllərə on qatdan yeddi yüzə qədər və daha çox savab yazılır. İstər bu işlər Allahın haqqı ilə, istərsə də qulların haqqı ilə bağlı olsun.
Bu, Allahın lütfünün genişliyini və Onun qullarına olan yaxşılığını bildirən ən böyük dəlildir. Onların etdikləri hər bir günah və müxaliflik olduğu qədər yazılır. Uca Allahın mərhəməti bundan da genişdir.
Amma yaxşı işlərin artırılması ən azından on misli qədərdir. Bəzi səbəblərə görə məsələn, əməl edənin iman qüvvəsinə və ixlasının kamilliyinə görə bundan da artıq ola bilər. İman və ixlas nə qədər güclü olarsa, əməlin savabı bir o qədər artar.
Ola bilər ki, əməl çox önəmli vaxtda edildiyi üçün savabı qat-qat çox olsun. Məsələn, cihad, elm və ümumi dini planlar üçün malın xərclənməsi kimi. Yaxud yaxşılıq, dəyər və önəmlilik baxımından üstün olan əməl daha çox savaba layiq görülə bilər. Peyğəmbərin mağarada qalanların hekayəsi və ya susuzluqdan əziyyət çəkən itə su verən zinakar qadın haqqında söylədiklərini misal çəkmək olar. Başqa əməllərin səmərə verməsinə səbəb olan və digərlərinə örnəklik xüsusiyyəti daşıyan əməlləri də sadalamaq olar. Ümumi xarakterli zərərli işləri aradan qaldırmaq və böyük həcmli xeyirli işləri əldə etmək üçün şərikli şəkildə icra edilən əməllər də bura aiddirlər. Zamanın, məkanın və ya əməl edənin Allah dərgahındakı dərəcəsi əməlin savabının artmasına səbəb ola bilər.
Bu artırmalar bütün əməllərə şamil edilir.
Hədisdə oruc istisna edilir. Allah onu Özünə izafət etmişdir. O, lütfü və səxavəti sayəsində orucun mükafatının Özü tərəfindən veriləcəyini bildirmişdir. Başqa əməllərdən fərqli olaraq, orucun müqabilində müəyyən savab artırılması qeyd edilməmişdir. Əslində bu savabı sözlə ifadə etmək mümkün deyil. Allah oruc tutanların mükafatını göz görməyən, qulaq eşitməyən və insan ağlına gəlməyən nemətlərlə verəcəkdir.
Hədisdə sanki diqqət bu xüsusiyyətdəki hikmətə yönəldilir. Şübhəsiz ki, oruc tutan təbiətən sevdiyi, digər işlərdən önə çəkdiyi və onun üçün zəruri sayılan nəfsi istəklərini tərk etmişdir. O, Rəbbinə olan sevgisini bütün bunlardan irəli tutmuş və Allah üçün onları tərk etmişdir. Onun bu halını Allahdan başqa heç kəs bilməz. Oruc tutanın Allaha olan məhəbbəti özünün nəfsi istəyindən irəli çəkilmiş və ona qalib gəlmişdir. O, Allahın rizasını və savabını əldə etməyi nəfsi istəklərindən üstün etmişdir. Buna görə də Allah onun mükafatının verilməsini xüsusi olaraq Öz üzərinə götürmüşdür. O, oruc tutan şəxsin savabını Öz dərgahında etmişdir. Rəhman, Rəhim, Kərim və Bəxş edən Allahın öhdəsinə götürdüyü savab və mükafat barədə sən nə düşünürsən?! O Allah ki, Onun bəxşişləri bütün yaradılanları əhatə etmiş, ondan övliyaları (dostlarını) üçün xüsusi və mükəmməl pay ayırmış, dərgahındakı heç kəsin ağlına gətirə bilmədiyi nemətlərə sahib olsunlar deyə müvafiq səbəbləri onlar üçün müyəssər etmişdir. Bəs elə isə ixlasla oruc tutanlara Allahın nə verəcəyi barədə nə düşünürsən?!
Burada qələm dayanır. Oruc tutanın qəlbi fərəhlə və sevinclə dolur. Çünki Allah onun etdiyi əməli Özünə aid etmişdir. Onun mükafatını məhz Öz lütfündən və ehsanından etmişdir. Bu, Allahın istədiyinə verdiyi lütfüdür. Həqiqətən Allah böyük lütf sahibidir.
Hədis sübutdur ki, kamil orucda insan iki işi tərk edir: Orucu pozan yemək, içmək, cinsi yaxınlıq və bu kimi hissi işləri, həmçinin pis söz danışmaq, bağırmaq, haram iş görmək və haram söz danışmaq kimi naqislik gətirən əməli işləri, ümumiyyətlə bütün asilikləri, mübahisələri, kin-küdurət gətirən söz-söhbətləri tərk edir. Peyğəmbər (s.a.v) hədisdə “pis söz danışmasın” sözü ilə bu mənanı nəzərdə tutur. “Qışqır-bağır salmasın” sözləri isə, fitnəyə və mübahisələrə səbəb olacaq sözləri danışmamağı bildirir. Başqa hədisdə də belə demişdir: “Kim (oruclu olarkən) günah sözdən və ona əməl etməkdən əl çəkməzsə, onun yeməyi və içməyi tərk etməsinə Allahın ehtiyacı yoxdur.” ( Buxari: Oruc ? 1804. Tirmizi: Oruc ? 707. Əbu Davud: Oruc ? 2362. İbn Macə: Oruc ? 1689. Əhməd: 2/505.)
Kim bu iki işi: orucu pozan amilləri və qadağan olunan işləri tərk edərsə, oruc tutanlara verilən kamil savabı əldə edər. Bunları layiqincə yerinə yetirməyən isə, yalnız özünü qınasın.
Sonra Peyğəmbər (s.a.v) oruc tutan şəxsə, onunla mübahisə etmək və ya onu söymək istəyənlə necə davranmaq qaydasını öyrədərək həmin adama sözlə: “Mən orucam.” deməsini öyrədir.
Bunun faydası, sanki oruc tutan şəxsin: “Bil ki, sənin cavabını verməkdə aciz deyiləm. Lakin mən orucam və orucuma hörmət edirəm. Onun kamil olmasına çalışıram. O, Allahın və Onun elçisinin əmridir. Bil ki, oruc məni səndən əvəz çıxmamağa çağırır və səbirli olmağa təşviq edir. Ey çəkişən kəs! Mənim etdiyim sənin mənə etdiyindən xeyirli və yüksəkdir.”
Burada həm oruca, həm də bütün əməllərə qarşı diqqətli olmaq, onları daha kamil şəkildə həyata keçirmək və naqislik gətirən işlərdən uzaq dayanmaq tələb olunur. Həmçinin insan etdiyi əməlin tələblərini xatırlamalı və əmələ xələl gətirən amillərə qarşı necə davranmalı olduğunu bilməlidir.
Peyğəmbərin (s.a.v) “Oruc sipərdir” kəlamı, orucun insanı dünyada günahlardan, axirətdə isə əzabdan qoruduğunu bildirir. Onunla həmçinin xeyir işlər görməyi də öyrənir.
Orucun bu faydası, şəriət sahibinin ən böyük hikmətlərindəndir. Çünki uca Allah buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183). Deməli, oruc bir sipər və təqvanın əldə edilməsi üçün səbəbdir. Orucun hikmətləri və faydaları barədə verilən açıqlamanın məcmusu budur. Oruc insanın haramlara yol verməsinin qarşısını tam, yaxud qismən alır, bir çox itaətlərə həvəsini artırır.
Peyğəmbərin (s.a.v) “Oruc tutanın sevindiyi iki vaxt var: İftar zamanı olan sevinci və Rəbbi ilə görüşdüyü an olan sevinci.” sözləri, dünya və axirətdə verilən iki savabdır.
Dünyadakı sevinci, orucunu tam yerinə yetirdiyinə və gündüz vaxtı oruc əsnasında məhrum olduğu dünya ləzzətlərinə yenidən qovuşmasına görədir.
Axirətdəki sevinci isə, Rəbbi ilə qarşılaşdıqda Onun razılığı və səxavətini gördükdə olacaqdır. Dünyada olan fərəh, axirət fərəhinin nümunəsidir. Allah onların hər ikisini oruc tutana nəsib etmişdir.
Oruc tutan adamın iftarına az qalarkən yaşadığı bu fərəh hissi, onun gündüz vaxtı məşəqqətlə tərk etdiyi şəhvətlərinin əvəzidir. Bu, insanın fəallığını artırır və xeyrə əzmkar olmasını təmin edir.
Peyğəmbər (s.a.v) buyurmuşdur: “Oruclunun ağzından gələn iy, Allah dərgahında müşk iyindən gözəldir” Oruclunun ac olduğu zaman ağzından gələn qoxu insanlara xoş gəlməsə də, oruc tutan şəxs bilməlidir ki, o, Allah dərgahında müşk iyindən də gözəldir. Demək, sən Allaha edilən ibadətdən və itaətdən təsirlənmisən. İbadət zamanı yaranan hər bir məşəqqət və narahatçılıq Allah üçün sevimlidir. Allaha sevimli olan hər iş, mömin üçün hər şeydən üstündür.
Tarix: 22.04.2013 / 22:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Hedisler