Abdulla ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Hər şey, hətta acizlik və fərasət də qədərə bağlıdır.” Müslim rəvayət etmişdir.
(Müslim: Qədər ? 2655. Əhməd: 2/110. Malik: əl-Cami ? 1663.)
ŞƏRH
Bu hədis çox əzəmətli bir əsası, imanın altı əsasından birini özündə ehtiva etmişdir. O, qədərin xeyrinə və şərinə, şirinliyinə və acısına, ümumisinə və xüsusisinə, keçmişinə və gələcəyinə iman gətirməkdən ibarətdir. Belə ki, insan Allahın Öz elmi ilə hər şeyi əhatə etdiyini, bəndələrin edəcəyi xeyri və şəri bildiyini, bütün işlərdən və hallardan agah olduğunu etiraf etməlidir. O, bütün bunları Öz dərgahında qorunan kitabda (lövhi-məhfuzda) yazmışdır. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!” (Həcc, 70).
Allah Öz hikməti və istəyinə uyğun olaraq müəyyən etdiyi vaxtlarda bu təqdir olunanların baş verməsinə izn verir. Onun hikməti və istəyi keçmişdə və gələcəkdə olanların hamısını, yaratmanı və əmr verməni əhatə edir. Allah, bəndələrini, onların əməllərini və xüsusiyyətlərini yaratmaqla yanaşı, onlara öz seçimləri ilə əməllərini həyata keçirmək üçün qüdrət və iradə də vermişdir. O, insanları hər-hansı işə məcbur etməmişdir. Onların qüdrətlərini və istəklərini yaradan Odur. Səbəbin yaradanı, səbəb nəticəsində hasil olanın da yaradanı sayılır. İnsanların əməlləri və sözləri Allahın onlarda yaratdığı qüdrət və istək ilə baş verir. Allah onların zahiri və daxili görünüşlərini yaratdığı kimi, mənəvi güc və istəklərini də yaratmışdır. Kim nə üçün yaradılıbsa, uca Allah da onu həmin işə müyəssər edir.
Kim üzünü və məqsədini Rəbbinə yönəldərsə, Allah ona imanı sevdirər, onun qəlbini imanla bəzəyər, küfrə, fasiqliyə və asiliyə nifrət bəslədər. Onu doğru yolda olanlardan edər. Allahın nemətləri hər bir tərəfdən tam şəkildə ona yetişər.
Kim də üzünü Allahdan qeyrisinə, Onun düşməni şeytana yönəldərsə, bu işlərə müyəssər olmaz. Əksinə Allah onu tutduğu yola istiqamətləndirər, onu rüsvay edər, öz nəfsi ilə baş-başa buraxar. Nəticədə o, zəlalətə düşər və azar. Onun Rəbbi qarşısında heç bir sübutu qalmaz. Çünki Allah onun hidayətə yetişməsi üçün bütün səbəbləri vermiş, o isə hidayətin əvəzinə zəlaləti seçmişdir. Elə isə belə insan yalnız özünü qınasın. Uca Allah buyurur: “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.” (Əraf, 30). Başqa ayədə buyurulur: “Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları Öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər! ” (Maidə, 16).
Bu qədər, bəndənin bütün hallarında, fellərində və sifətlərində, hətta acizliyində və fərasətində də özünü büruzə verir. Bunlar iki ziddiyyətli vəsflərdir. Birinci ilə yəni, acizliklə məhrumiyyət və xəsarət, ikinci ilə yəni, fərasətlə isə Rəhmana itaətdə ciddiyyət əldə edilir. Burada acizlik dedikdə, insanın qınanıldığı acizlik nəzərdə tutulur. Bu da öz növbəsində iradəsizlik və tənbəllikdir. Hədisdə məqsəd insanın bacarığı xaricində olan acizlikdən danışılmır. Elə bu da başqa bir hədisin mənaca ifadəsidir. Həmin hədisdə buyurulur: “Əməl edin. Hamı yaradıldığına müyəssər edilmişdir.”
(Buxari: Quranın təfsiri ? 4666. Müslim: Qədər ? 2647. Tirmizi: Qədər ? 2136. Əbu Davud: Sünnə ? 4694. İbn Macə: Müqəddimə ? 78. Əhməd: 1/157. )
Səadət əhlinə gəlincə, onlar səadətə uyğun əməllərə yönələcəklər. Bu onların göstərdikləri fərasətə, əldə etdikləri uğurlara və Allahın bəxş etdiyi lütfə görədir. Fərasətlilik və acizlik Peyğəmbərin (s.a.v) kəlamında da qeyd olunmuşdur. O (s.a.v) buyurur: “Fərasətli aqil adam, nəfsini hesaba çəkən və ölümdən sonra üçün əməl edəndir. Aciz isə, nəfsinin istəklərinə uyan və Allahdan arxayınçılıq təmənna edəndir.”
(Tirmizi: Qiyamətin vəsfi ? 2459. İbn Macə: Zühd ? 4260. Əlbani hədisin zəif olduğunu demişdir.)
Tarix: 22.04.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Hedisler