Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu dörd xislətə sahib olan insan xalis münafiq olar

Abdulla ibn Amr (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət edir: «Bu dörd xislət kimdə olarsa, o, xalis münafiq (riyakar) sayılar. Kim bu xislətlərdən birini daşıyarsa, ondan əl çəkənə qədər həmin insanda münafiqlikdən bir pay olar. (Həmin xislətlər bunlardır:) Əmanət verildikdə ona xəyanət edər, danışanda yalan danışar, əhd bağladıqda əhdini pozar və mübahisə etdikdə həddini aşar». Buxari və Müslim.
(Buxari: İman ? 34. Müslim: İman ? 58. Tirmizi: İman ? 2632. Nəsai: İman ? 5020. Əbu Davud: Sünnə ? 4688. Əhməd: 2/189.)

ŞƏRH

Nifaq şər əməllərin əsasıdır. Nifaq, zahirdə xeyirxahlıq göstərib, daxildə şəri gizlətməkdir. Bu tərifə etiqadla edilən böyük nifaq daxildir. Onun sahibi zahirdə İslamı təzahür etdirib daxildə küfrü gizlədir. Bu növ, insanı tamamilə dindən kənarlaşdırır və onu Cəhənnəmin ən dərin yerinə sürükləyir.
Uca Allah münafiqləri bütün şər sifətlərlə: küfr, imansızlıq, dinə və müsəlmanlara istehza etmək, onları ələ salmaq, İslam dininin düşmənlərinə tam şəkildə meyl göstərmək və s. ilə vəsf etmişdir. Belə kimsələr hər zaman, xüsusən də mal-dövlətə hərisliyin, dinsizliyin və əxlaqsızlığın tüğyan etdiyi müasir dövrümüzdə mövcuddurlar.
Burada nəzərdə tutulan nifaq, ikinci növ nifaqdır. O, hədisdə qeyd olunmuşdur. Əməldə olan bu nifaq insanı tamamilə dindən çıxarmır. Lakin o, küfrə aparan bir dəhlizdir. Sadalanan bu dörd xisləti özündə daşıyan insanda şər xüsusiyyətlər cəmləşmişdir. O, bununla münafiqlərin vəsflərinə malik olmuşdur. Çünki doğru olmaq, əmanəti qorumaq, əhdə vəfalı çıxmaq və bəndələrin hüquqlarını tapdalamamaq, xeyri özündə toplamaqdır. Bu isə, möminlərin ən bariz xüsusiyyətlərindən sayılır. Həmin xüsusiyyətlərdən birini itirən kimsə, artıq İslamın və imanın vacib bir əməlini məhv etmiş sayılır. Bəs elə isə bütün bu xüsusiyyətləri itirən insanın halı necə olsun?!

Hədisdə qeyd olunan yalan danışmaq, Allahın adından yalan danışmağa da aiddir. Peyğəmbərin (s.a.v) adından yalan söyləmək də bura daxildir. Halbuki Peyğəmbər (s.a.v) buyurmuşdur: “Kim mənim adından qəsdli şəkildə yalan danışarsa, qoy onun yeri Cəhənnəmdə hazırlansın.” (Buxari: ? 107)
Uca Allah buyurur: «...Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!» (əs-Saff, 7).

Hədis, hər bir yalan sözə aiddir. Kim belə edərsə, münafiqlərin bu məxsusi xislətlərində onlara şərik olmuş sayılar. Bu müştərək xislət, yalan danışmaqdır. Baxmayaraq Peyğəmbər (s.a.v) yalan danışmaq haqqında buyurmuşdur: ”Yalan danışmayın. Yalan danışmaq insanı günaha, günah isə Cəhənnəmə sürükləyir. Bir insan yalan söyləməyə və buna cəhd göstərməyə davam edərsə, sonda Allah yanında yalançılardan yazılar.” (Buxari: Ədəb ? 5743. Müslim: Xeyirxahlıq ? 2607. Tirmizi: Xeyirxahlıq ? 1971. Əbu Davud: Ədəb ? 4989. İbn Macə: Müqəddimə ? 46. Əhməd: 1/405. Darimi: ? 2715.)


İnsana mal-dövlət, haqlar və ya sirlər əmanət verildiyi halda o, bu əmanətlərə xəyanət edib onları qorumursa, onun imanı, qəbul etdiyi İslam həqiqəti hanı?!
Həmçinin özü ilə Allah arasındakı, yaxud özü ilə insanlar arasındakı əhdi pozan adam münafiqlərə xas olan mənfur xislətlə vəsf edilmişdir. İnsanların malına və hüququna laqeyd yanaşıb onu mənimsəmək üçün fürsət axtarmaq, nahaq işə haqq qazandırmaq və ya haqqı inkar etmək üçün mübahisə etmək də münafiqlərin sifətlərindəndir. Yetərincə imana sahib olan şəxsdə bu xislətlər cəm edilə bilməz. Çünki bunlar imanla çox ciddi ziddiyyət təşkil edirlər.
Bil ki, Əhli sünnə və camaatın əqidəsinə görə bəzən bir insanda xeyir və şər, iman və küfr, yaxud da nifaq xüsusiyyətləri cəm ola bilər. Bununla da o, etdiyi əməldən asılı olaraq həm savaba, həm də cəzaya layiq görülür. Quran və hədislərdən iqtibas edilmiş çoxsaylı dəlillər bu əqidə məsələsini sübuta yetirir. Dəlillərin isə hamısına riayət etmək və bütünlüklə təsdiqləmək lazımdır. Biz gərək (haqq yoldan azmış cərəyan nümayəndələri olan) xəvariclərdən uzaq olaq. Onlar Quran və hədislərdə varid olmuş, insanı dindən çıxarmayan bir günahı edəndə, həmin insanda imanın və dinin qalmasını bildirən dəlillərə etiraz edirlər. Xəvariclər bütün bu sübutları danırlar. Onlar böyük günahlardan hər hansı birini, küfr və ya nifaq xislətlərini edəni dindən çıxmış hesab edirlər. Onun əbədiyyən cəhənnəmdə yanacağını söyləyirlər. Qurana, hədislərə və ümmətin sələflərinin yekdil qərarına əsasən bu rəy batildir.


Tarix: 22.04.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Hedisler
loading...