Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Paklığı pozulduqda dəstəmaz almayanın namazı qəbul edilməz.” Buxari və Müslim.
(Buxari: əl-Hiyəl ? 6554. Müslim: Təharət ? 225. Tirmizi: Təharət ? 76. Əbu Davud: Təharət ? 60. Əhməd: 2/308.)
ŞƏRH
Bu hədisin sözlərinə əsasən, paklığı pozulan adam dəstəmaz almasa, onun qıldığı namaz məqbul sayılmaz. Yəni, düzgün hesab edilməz və savab verilməz. Hədisin məfhumuna görə, kim dəstəmaz alarsa, onun namazı qəbul olunar. Yəni, namazın digər vaciblərini və şərtlərini yerinə yetirməklə qəbul edilər. Bir çox hallarda əməlin qəbul edilməsi üçün bir şərt qeyd edilir. Əslində bu şərt əməlin qəbul edilməsi üçün yetərli olmur, burada digər şərtlər və maneələr də nəzərə alınmalıdır. Elm adamları bu şəriət qaydasını yekdilliklə qəbul etmişlər. Çox məsələləri əhatə edən ibadətlərin, məsələn namazın, şəriət mənbələrində bütün hökmlərinin bir yerdə varid edilməsi şərt deyildir. Bu barədə əldə edilən hökmlər müxtəlif ayə və hədislərdən toplanılır. Fiqh alimlərinin öz sahələri ilə bağlı elmlərin və hökmlərin əsasını qoymalarına ən böyük səbəblərdən biri də bu olmuşdur. Onlar tərtibat, fəsillərə ayırma, eyni cinsə və növə məxsusluq, digərlərinə nisbətən bir-birinə daha yaxın olma kimi amilləri əsas götürüb fiqh kitablarını yazmışlar. Həmin alimlərin bu elmlərin təsis edilməsində böyük zəhmətləri olmuşdur. İslam və müsəlmanlara göstərdikləri gözəl xidmətə görə Allah onlara xeyirli mükafat versin.
Hər bir sahədə bu əsası nəzərə almaq lazımdır. Qaydaya görə, hökmlər yalnız şərtlərinin və tələbatlarının cəm edilməsi, eyni zamanda maneələrinin aradan qaldırılması ilə tamamlanır.
Hədis dəstəmazı pozan hər bir amilə aiddir. Bura ön və arxa ifrazat çıxışlarından xaric olanlar, dəstəmazı pozan yuxu, bədənin digər yerlərindən çıxan və nəcis sayılan şeylər, dəvə əti yemək, şəhvətlə qadına toxunmaq və əllə övrət yerinə dəymək daxildir. Bunlardan bəzilərində ixtilaf vardır.
Dəstəmazı pozan bu amillərdən hər hansı biri baş verərsə, qılınan namaz düzgün sayılmaz. Gərək o, Allahın əl-Maidə surəsində buyurduğu kimi şəriətə əsaslanmış dəstəmaz alsın. Əzaları yusun, bu zaman ardıcıllığa və əzaların yuyulma vaxtına riayət etsin. Yaxud da üzrlü səbəbdən su istifadə edə bilmədikdə onun əvəzinə torpaqla təmizlənsin. Üzrlü səbəb su tapmamaq, yaxud istifadəsinin zərərli olmasıdır.
Hədisin ümumi ifadəsinə əsasən, paklığının pozulduğunu unudan və ya bu haqda bilməyən şəxs qıldığı namazı yenidən qılmalıdır. Bu barədə ittifaq edilmişdir. O, namazı və onda olan ibadətləri formaca icra etdiyinə görə savab qazanır, lakin məsuliyyətdən azad olmaq üçün yenidən qılmalıdır. Bu, təmizlənərkən bədənində və ya paltarında qalan nəcisi təmizləməyi unudanın halından fərqlidir. Səhih rəyə görə o, namazı yenidən qılmır. Çünki təharət (paklıq) insanı məsuliyyətdən azad edən işlərdəndir. Nəcisdən uzaq olmaq isə qadağan edilmişdən çəkinmək işidir. Qaydaya görə kimsə üzrlü səbəbdən belə işə yol verərsə, ibadətini yeniləməli deyil.
Tarix: 22.04.2013 / 22:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Hedisler