Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin ilk görüşdə etdiyi səhvlər

Tərəflərin hər ikisi üçün ilk görüşün maraqlı keçməsi münasibətin gələcəyi baxımından çox əhəmiyyətlidir. Buna görə də deyə bilərik ki, möhkəm münasibət qurmağın yolu elə ilk görüşdən başlayır. Bu zaman edəcəyiniz ən kiçik səhv belə gələcək münasibətinizi zədələyə bilər. Ancaq təssüflər olsun ki, bir çox kişilər ilk görüşdə bunun qadın tərəfindən necə qəbul ediləcəyini bilmədən bəzi səhvlərə yol veririlər. İndi həmin səhvləri sizinlə bölüşmək istəyirik. Əziz kişilər, oxuyun və digər həmcinslərinizin etdiyi bu səhvləri təkrarlamaqdan çəkinin.

1. Köhnə sevgililərdən danışmaq
Qadınlar cəsur, heç nədən çəkinmədən duyğularını onlarla bölüşən kişiləri sevirlər. Amma bu heç də o demək deyil ki, siz onunla ilk görüşdə keçmiş sevgililəriniz, baş tutmayan eşq macəralarınız haqqında rahatlıqla danışa bilərsiniz. Belə etdikdə siz ilk tanışlıq zamanı etməməli olduğunuz 5 hərəkətdən birin həyata keçirmiş olursunuz. İlk söhbətinizin əyləncəli, maraqlı keçməsi çox vacibdir. Amma əmin olun ki, bu mövzu qadınlar üçün heç də əyləncəli deyil.

2. Pul haqqında danışmaq
Qadınlar varlı, pul qazanmağın yolun bilən kişiləri sevirlər. Bu hər birimizə məlumdur. Amma bu heç də o demək deyil, ilk görüşünüz zamanı sizin gələcək layihələrinizdən, kimdən nə qədər alacağınızın olmasından danışmağınız mütləqdir. Belə etdikdə qadın sizin pul düşkünü, özündən razı biri olduğunuzu düşünəcək.

3. Onunla danışarkən şablon cümlələr qurmaq
Düzdür, qadınlar romantikanı sevirlər. Amma onlar üçün şeir kitablarından, facebook statuslarından əzbərlənən “romantika dolu sözlər”i yox. Bir qadının kişidə əhəmiyyət verdiyi ən əsas özəlliklərdən biri də onun orjinallığıdır. O daim sizdə heç kimdə olmayan nəisə görmək istəyir.

4. Çox danışmaq heç də ünsiyyətcil olmaq demək deyil
Qadınlar nə qədər çox danışmağı sevən olsalar da, onlar sevdikləri kişinin də özləri kimi gəvəzə olmasını qəbul etmirlər. Siz ilk görüşünüzün maraqlı olması üçün müxtəlif mövzular aça bilərsiniz, amma bu zaman quracağınız cümlələrə, seçəcəyiniz sözlərə xüsusilə diqqət edin. Qadın sizin onunla yalnız söhbət olsun deyə danışdığınızı hiss etsə, bir daha sizinlə kəlimə də kəsmək istəməyəcək. Buna görə də yaxşı olar ki, ilk görüşdə daha çox onun özü haqqında danışmağına icazə verəsiniz. Bu üsulla siz həm ona diqqətlə qulaq asdığınızı göstərirsiniz, həm də onun özünü tanıtmasına şans yaradırsınız.

5. Görüş müddətini çox uzatmayın
İlk görüşdə bir-birinizi o qədər yaxşı başa düşürsünüz ki, vaxtın necə keçdiyini hiss etmirsiniz, özünüz haqqında demək olar ki, lazım olan hər şeyi, hətta ondan daha artığını danışırsınız. Və sonda o saatına baxır, artıq gec olduğunu deyərək sizinlə sağollaşıb gedir. Bəs sizcə, sonra o sizi axtaracaq? Əlbəttə ki, yox. Siz özünüz haqqında ona artıq hər şeyi danışmısınız. Sizin haqqınızda heç nə onun üçün sirrli deyil. Necə ki, heç kim üçün oxuduğu kitabı ikinci dəfə oxumaq əvvəlki kimi maraqlı deyil.

Bu qədər, əziz kişilər. Unutmayın ki, qadının gözündə nə qədər sirrli olsanız, onun sizə qarşı olan marağı da bir o qədər çox olar. Buna görə də çalışın ki, onda özünüz haqqında əsrarəngiz təsəvvür yaradasınız və yuxarıdakı səhvlərə yol verməyəsiniz.


Tarix: 06.01.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Gəl, tanış olaq
loading...