Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Karma inancını müdafiə edənlərə görə, bir insan keçmişdə nə edibsə, bu, gələcəkdə mütləq onun qarşısına çıxacaq. Keçmiş insanların əvvəlki həyatı, gələcək isə ölümündən sonra başlayacağı iddia edilən yeni həyatdır. Buna görə bu gün kasıb olan bir insanın əvvəlki həyatında pisliklər etdiyinə və bunun əvəzini bu həyatında kasıbçılıqla aldığına inanılır. Bu batil inanc pis bir insanın sonrakı həyatında bitki və ya heyvan ola biləcəyi kimi iddialara da yer verir.
Karma inancının zərərli nəticələrindən biri insanların acizliklərinin, kasıblıqlarının və zəifliklərinin onların əxlaqi qüsurlarının bir nəticəsi olan cəza kimi göstərməsidir. Karma inancına görə, əgər bir insan kasıb və ya şikəstdirsə, bunun səbəbi əvvəlki həyatında etdiyi pisliklərdir və dolayısı ilə yenidən dünyada bu cür yaşamağa layiqdir.
Bu batil inanc əsrlər boyu Hindistanda “kasta sistemi” kimi tanınan çox ədalətsiz bir cəmiyyət quruluşunun olmasının da ən mühüm səbəbidir. Karma inancına görə, kasıb, xəstə, şikəst insanlar alçaldılmış və onlar da kasta sistemində əzilmişlər. Sistemin ən yüksək pilləsində olan varlılar və idarəçilər sinfi isə bu xüsusiyyətlərini təbii bir haqq olaraq qəbul etmişlər. Halbuki İslamda insanların zəiflikləri bir günah deyil, Allahın göndərdiyi bir imtahan olaraq qəbul edilir. Başqa insanların ehtiyac içində olan bu insanlara kömək etməsi çox mühüm bir vəzifə olaraq əmr edilir. Buna görədir ki, İslam - və İslamla eyni İlahi mənbədən gələn, lakin sonradan təhrif edilən xristianlıq və yəhudilik - çox güclü bir sosial ədalət anlayışına sahibdir. Buddizm və Hinduizm kimi karma inancları isə tam əksinə, sosial ədalətin qarşısında böyük bir manedir.
Karmanın əsası reinkarnasiya inancı, yəni insanların eyni ruhla davamlı olaraq müxtəlif bədənlərlə dünyaya yenidən gəldiyi düşüncəsidir. Karma bu inanca bir də “hər həyatın sonrakına təsir etdiyi” fərziyyəsini əlavə edib. Ancaq bu inanc bircə sualla dağılmağa məhkumdur. İddia edilən bu karma inancı necə işləyəcəkdir? İnsanları əvvəlki həyatlarına görə kim hesaba çəkib buna görə təzə bir bədənlə dünyaya göndərəcəkdir? Bu sualın cavabı yoxdur. Bəziləri bunun bir təbiət qanunu kimi “öz-özünə” işlədiyinə inanırlar. Halbuki təbiət qanunlarını yaradan da Allahdır. İnsanların həyatı boyu tutduğu əməllərə nəzarət edəcək, bunların hesabatını aparacaq, onları öləndən sonra bu hesaba görə sorğu-suala tutacaq, bunun nəticəsində onlara yeni bir həyat tərzi müəyyənləşdirəcək, onları bu yeni həyat tərzinə uyğun olaraq yenidən yaradacaq və bu ssenarini dünyadakı milyardlarla insan (və heyvan) üzərində qüsursuz şəkildə həyata keçirə biləcək bir “təbiət qanunu” yoxdur. Ortada belə bir təbiət qanunu olmadığına görə belə bir mərhələ də əlbəttə ki, mövcud ola bilməz. Reinkarnasiya inancının heç bir məntiqli yönü olmasa da, onun dünyanın dörd bir yanında bir çox tərəfdarının olmasının əsas səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən və ölümdən qorxan insanların reinkarnasiyanı bu qorxularını məğlub etmək üçün bir çıxış yolu kimi qəbul etməsidir. Çünki reinkarnasiya inancının əsasında da - karmada olduğu kimi - ölümdən qorxmamağın lazım gəldiyi və insanın yenidən anadan olmaqla arzularına çata biləcəyi yönündə əslində həqiqətdən uzaq bir təskinlik durur.
Reinkarnasiya bir təbiət qanunu kimi öz-özünə ola bilməyəcəyinə görə bunun ancaq fövqəltəbii bir yaradılışla təmin edilə biləcəyi aydındır. Ancaq Qurana baxanda reinkarnasiyanın bir xurafat olmasının şahidi oluruq. Allahın insanlara yolgöstərən olaraq göndərdiyi Kitab reinkarnasiyanı açıq-aşkar təkzib edir.
Bir müsəlmanın hər məsələdə olduğu kimi karma fəlsəfəsinə baxışı da Allahın Quranda bildirdiyi şəkildə olmalıdır. Quranda ölümün və dirilişin bir dəfə baş verdiyi xəbər verilir. Hər bir insan dünyada ancaq bir həyat yaşayır. Bu həyatının bitməsi ilə də ölür. Rəbbimiz: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (“Cumuə” surəsi, 8) - buyurur. İnsan ölümündən sonra yenidən dirildilərək dünyada bütün etdiklərinə görə sonsuza qədər cənnətdə və ya cəhənnəmdə qalmağa layiq olur. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı var. İnsanların öləndən sonra dünya həyatına geri qayıtmayacağını Allah Quranda çox aydın şəkildə bildirir: “Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (bir də dünyaya) qayıtması mümkün deyildir” (“Ənbiya” surəsi, 95), “Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu, onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (bərzəx) vardır” (“Muminun” surəsi, 99-100).
Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, insanların bir hissəsi ölümlə qarşılaşanda yenidən dirildilməyi ümid edəcək. Amma onlara bunun qətiyyən mümkün olmadığı həmin an açıqlanacaq. Allah başqa bir ayəsində insanların ölümü və dirildilməsi ilə bağlı bunları bildirir: “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız” (“Bəqərə” surəsi, 28).
Allah insanın başlanğıcda ölü olduğunu bildirir. Yəni insanın yaradılışının əsası torpaq, su, palçıq kimi cansız maddələrdir. Daha sonra Allah bu cansız yığını “düzəldib qaydaya salıb” (“İnfitar” surəsi, 7) onu dirildir. Bu dirilişdən müəyyən bir müddət sonra, insan üçün müəyyən edilmiş vaxt qurtaran kimi yenidən öldürülür və torpağa geri qayıdır, çürüyüb toz halına düşür. Bu da insanın ikinci dəfə ölü halına keçməsidir. Geridə isə axırıncı dəfə dirildilməsi qalmışdır. Bu da axirətdəki dirildilmə olacaqdır. Hər insan axirətdə dirildiləcək və bir də geri qayıtmağın mümkün olmadığını başa düşərək dünyada etdiyi hər bir hərəkətinin hesabını verəcək. Allah ayələrində insanın dünyaya gələndən sonra təkcə bir ölümdən başqa ölüm dadmayacağını belə bildirir:
“Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! Allah onları cəhənnəm əzabından qorumuşdur. Sənin Rəbbindən bir lütf olaraq! Bu, böyük qurtuluşdur!” (“Duxan” surəsi, 56-57).Yuxarıdakı ayələr ölümün ancaq bir dəfə olduğunu göstərmək baxımından çox aydın və mütləqdir. Bəzi insanlar ölüm və axirət qorxusuna qalib gələ bilmək və özlərinə təsəlli verə bilmək üçün hər nə qədər karma ya da reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, həqiqət budur ki, heç kim öləndən sonra bir də dünyaya geri qayıtmayacaq. Hər bir insan ancaq bir dəfə öləcək və bu ölümündən sonra Allahın təqdir etdiyi şəkildə sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq. Allah hər insanı dünyada etdiyi yaxşılıq və ya pisliklərə görə cənnətlə mükafatlandıracaq və ya cəhənnəmlə cəzalandıracaq. Allah sonsuz ədalət sahibidir. Sonsuz mərhəmətli və şəfqətlidir. Hər kəsə etdiyinin əvəzini nöqsansız olaraq verəndir. Ölümdən və ya cəhənnəmə getmək ehtimalından qorxaraq batil inanclarda təsəlli axtarmaq isə şübhə yoxdur ki, insanı daha çox bataqlığa aparır.
Ağıl və vicdan sahibi olan hər bir insanın bu yöndə bir qorxusu varsa, cəhənnəm əzabından qurtulub cənnəti ümid edə bilmək üçün səmimi olaraq Allaha yönəlməli və insanlar üçün hidayət rəhbəri olan Qurana tabe olmalıdır.
İnsan heç vaxt yaddan çıxarmamalıdır ki, nə cavan, nə yaşlı, nə gözəl, nə də varlı olması bu günə qədər yaşayan heç bir insanı ölümdən qoruya bilməmişdir. Buna görə də heç bir insan ölüm həqiqətini unutmamalıdır. Çünki insan bu həqiqəti qulaqardına vursa da, vurmasa da qaçılması mümkün olmayan bu həqiqət mütləq yaşanacaq.
“Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Bu, sənin qorxub qaçdığın şeydir!” (“Qaf” surəsi, 19).Siz bu sətirləri oxuyarkən də ölümün yaxınlığını ağlınızdan keçirə bilərsiniz. Ancaq ölüm sizi bəlkə də əlinizdəki qəzeti oxuyub qurtarmamış tapacaq. Bəlkə də ölüm sizə başqa insanlardan daha yaxındır. Bunun üçün mütləq bir səbəbin olması, bir xəstəlik, qəza və ya qocalığın olması da lazım gəlməyəcək. Çünki Allah ölüm vaxtı gələn insana ölüm mələklərini göndərəcək və bu insanın canını alacaq. Elə isə insanlar bu böyük həqiqəti heç vaxt ağıllarından çıxarmamalı, ölümə hazırlaşmağı heç vaxt sonraya buraxmamalıdırlar. Allah “Munafiqun” surəsindəki “...Allah əcəli çatan heç kəsə möhlət verməz...” (“Munafiqun” surəsi, 11) hökmü ilə ölümün gecikdirilməyəcəyini və ölümlə qarşılaşan bir insanın peşmançılığını Quranda bizə bildirib:
“Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (“Munafiqun” surəsi, 10-11).
Tarix: 09.12.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Fəlsəfə