Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Marksizm və şüur problemi

Bəşəriyyət özünün rasional– şüurlu oriyentasiyasında sosial, maddi– iqtisadi, psixoloji və digər amillərin böyük qüdrətini kəşf etmişdir. Bunun sayəsində, real şəkildə Plotinin aşağı dünya, eləcə də yüksək səviyyədə olan dünyaya nisbətən zəif hesab etdiyi dünyanın anlamı təsdiq olundu ki, «müqəddəs varlıq kateqoriyası və mənəvi dəyərlər öz qiymətini itirdi, aşağı qüdrətli oldu, yüksək dünya isə zəiflədi və gücsüz oldu (M.Şeler). Plotin düşünməzdi ki, şüurun, onun məzmununu «aşağı» dünyanın xarakteristikası ilə əlaqələndirmək lazımdır. Onun üçün şüur «ali»nin– yüksəyin inikası hadisəsi idi. Dekart və Kant üçün şüurun göstərilən amillərdən asılılığı problemi olmamışdır. Plotində isə belə bir şey olmuşdur. Lakin şüur onlarda birinci reallıq elan olunmuşdur. Ona görə də iqtisadi, sosial, milli və s. amillərlə determinə edilə bilməz.
Bir məqamı da qeyd etmək maraqlıdır. Axı, həm Dekart həm də Kant artıq formalaşmaqda olan burjua cəmiyyətində yaşamışlar. Adamlar artıq böyük işlər görmüşdülər. Elə bir həyat üsulu yarat­mışdılar ki, maddi təlabatlar öncül yer tuturdu, pul– kapital real və qorxulu qüvvəyə, allaha çevrilirdi. Lakin Nitşenin yazdığı kimi ağlını itirmişin sözləri ilə desək, bu əməllərin sədası onların qulağına gəlib çatmamışdı. Adamlar cəmiyyətdə inqilablar etsə də, axıra qə­dər bu inqilabın mahiyyətini başa düşməmişdilər. K.Marks və F.En­gelsin yaşadığı dövr burjua cəmiyyətinin ziddiyyətlərinin kəs­kinləşdiyi bir dövr olmuşdur. Bu dövrdə sosial– iqtisadi amillər adamların həyat fəaliyyətinə güclü təzyiq göstərmişdir. Nəticədə bazisin, maddi– iqtisadi münasibətlərin birinciliyinə çox az adam şüb­həylə yanaşmağa başladı. İnsanlar və onları əhatə edən təbiət təsərrüfat obyekti və ancaq təsərrüfat fəaliyyəti obyektinə çevrildi. Maddi təlabatlar aparıcı yer tutdu və maddi istehsal isə əsas isteh­salın həlledici üsuluna çevrildi. Adamlar bu həyat üsulunu qəbul edirdilər, nəticədə onların mənəvi təcrübəsinin strukturu da dəyiş­məyə başladı. Burada dəyər oriyentasiyasının yeri dəyişdi. Maddi maraq və maddi təlabatlar əsas dəyərlər hesab olundu. Siniflərin maddi nemətlər uğrunda açıq və dərk edilmiş mübarizəsi başlandı.
K.Marks adamların həmin həyat üsulunu və ona müvafiq şüurun formalaşması mexanizmini öyrəndi. O şüurun ikinciliyi ideyasının xarici amillərlə, xüsusilə iqtisadi amillərlə şərtləndiyini formulə etdi. Şüurun birinciliyi əleyhinə arqumentlərə gəldikdə isə hələ Dekartdan, xüsusilə Kantdan başlayaraq şüura– yaradıcılıq, dünya– şüur əlaqəsinin məzmunu kimi baxılırdı. Dünya– şüur, şüurun fəaliyyəti kimi müəyyən edildi. O isə hadisələr aləmini ya­radırdı. İnsan şüurundan keçən dünya haqqında mülahizələr qəbul edilirdi. Dinin və allahın diktatından xilas olmaq eyforiyasını yaşa­yan ilkin burjua cəmiyyəti filosofların şüur haqqında mülahizələrini sevinclə qəbul edirdilər. Hamı inanırdı ki, təbii və sosial proses və hadisələr yalnız şüur aktı vasitəsilə izah edilə bilər. Lakin özünün inkişaf etmiş formasında kapitalizm ontoloji olaraq adamların və onların şüurunun xarici sosial– iqtisadi şəraitdən asılı olduğunu nümayiş etdirdi. Aydın oldu ki, sosial varlıqda elə hadisələr vardır ki, onu şüur aktı vasitəsilə izah etmək olmaz.
Məsələn, Kant təsdiq edirdi ki, biz dünyanın obyektivliyini izah edə bilərik, yəni asılı olmayaraq mövcudluğunu, dünyada səbəbiyyətin hökm sürdüyünü izah edə bilərik. Bu zaman şüurun strukturunda hissetmənin aprior formalarının mövcudluğunu və mühakimənin aprior kateqoriyalarını qəbul edirik. Lakin bəs, sosial varlıqda burjua istehsal üsulunun yaranmasını, eləcədə müasir elmi– texniki inqilab fenomenini izah etmək olar? Bu hadisələri şüurun müvafiq aprior strukturuna əsaslanmaqla izah etmək qeyri– mümkündür. Əks təqdirdə fərz etmək olar ki, şüurun strukturunda burjualığın aprior formaları var və o da dünyanı burjua dünyası kimi yaradır, elə də qavrayır.
Marks göstərir ki, şüur dünyanı müəyyən etmir, dünya hadi­sələrini qavramır, əksinə varlıq şüuru müəyyən edir, şüur dərk edil­miş varlıqdır. Nəzərə almaq lazımdır ki, varlıq anlayışı adı altında K.Marks burjua cəmiyyətində adamların real həyat şəraitini başa düşürdü. Bu, hər şeyin maddi uğurlara tabe edildiyi qəribə bir cəmiyyət idi. Həmin vəziyyət adamların dəyər oriyentasiyasına çox böyük (həm də mənfi) təsir göstərmişdir. Belə çıxırdı ki, maddi uğur­lara doğru necə gedirsənsə, bu əxlaqi hərəkət hesab olunmalı­dır. İnsanlararası münasibətdə də bu, özünü göstərməyə başladı. Adamlar bir– birinə zəngin mənəvi təcrübəsi olan kimi deyil, şeylərin sahibi kimi baxırdılar.
Marks real faktı qeyd etdi: burjua münasibətləri yalnız bir şəraitdə– adamların şüurunun dəyişilməsi şəraitində mümkündür. Bu dəyişikliyin səbəblərini O, xarici sosial– iqtisadi münasibətlərdə axtarmağa çalışırdı. Marks göstərirdi ki, şüurda insanın varlığının bütün mahiyyəti təzahür edir. Şüur həyatın maddi formaları ilə determinə edilmişdir. Dekartdan fərqli olaraq Marks üçün insan və onun şüuru, onun mənəvi həyatı ictimai– iqtisadi münasibətlərlə müəyyən edilir. Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın bütün prosesləri üçün şərt olur. İnsanların varlığını onların şüuru deyil, əksinə insanların ictimai varlığı onların şüurunu müəyyən edir. Marksa görə, kapital insan fəaliyyətinin məqsədi olur, iqtisadi münasibətlər həlledici qüvvəyə çevrilir.
Marksizm sübut edirdi ki, insana xas olan, həmçinin elemen­tar formada ali heyvanlara da xas olan təfəkkür qabiliyyəti xarici və daxili aləm hadisələrinin canlı varlıqlar tərəfindən getdikcə mürək­kəb­ləşən inikası yollarında uzun tarixi inkişafının məhsuludur. K.Marks kapitalizm cəmiyyətinin iqtasadi mexanizminin təhlili yolu ilə bu cəmiyyətin şüurunu da təhlil etmişdi. Burjua cəmiy­yətində maddi münasibətlərin həlledici xüsusiyyəti dönə– dönə vurğulanır. K.Marksın ictimai şüur və ictimai varlıq haqqında fikirləri də maraqlıdır. «Siyasi iqtisadın tənqidinə dair» əsərində o yazırdı: «Mənim çıxartdığım və sonra bütün gələcək tədqiqatımda rəhbər yer tutan ümumi nəticəni qısaca belə ifadə etmək olar. İnsanlar öz həyatının ictimai istehsalında öz iradələrindən asılı ol­ma­yan müəyyən, zəruri münasibətlərə– öz maddi məhsuldar qüv­vələrinin müəyyən inkişaf pilləsinə uyğun olan istehsal münasi­bətlərinə girirlər. Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi quruluşunu, real bazisi təşkil edir, hüququ və siyasi üst­qu­rum bu bazis üzərində yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur. Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın ictimai, siyasi və mənəvi prosesləri üçün şərt olur. İnsanların varlığını onların şüuru müəyyən etmir, əksinə, insanların ictimai varlığı onların şürunu müəyyən edir. cəmiyyətin maddi məhsuldar qüvvələri öz inkişafının müəyyən pilləsində mövcud istehsal münasi­bətlərinə, yaxud bu münasibətlərin ancaq hüquqi ifadəsi olub məh­suldar qüvvələri indiyədək öz daxilində inkişaf etdirən mülkiyyət münasibətlərinə zidd gəlir. Bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formalarından dönüb onlar üçün buxov olur. Onda ictimai inqilab dövrü başlanır. İqtisadi əsas dəyişildikdə, bütün böyük üstqurumda çox və ya az sürətlə çevriliş əmələ gəlir. Belə çevrilişləri tədqiq edirkən, istehsalın iqtisadi şəraitində baş verib təbii– elmi bir dürüstlüklə müəyyən edilən maddi çevrilişi həmişə hüquqi, siyasi, dini, bədii və ya fəlsəfi formalardan, qısası: insanların bu toqquş­manı dərk etdikləri və onu həll etmək üçün mübarizə apardıqları ideoloji formalardan ayırd edib fərqləndirmək lazımdır. Ayrıca bir adam haqqında onun özünün öz barəsində nə düşündüyünə əsasən fikir yeritmək mümkün olmadığı kimi, belə bir çevriliş dövrü haqqında da həmin dövrün şüuruna görə fikir yeritmək olmaz. Əksinə, bu şüuru maddi həyatın ziddiyyətləri ilə, ictimai məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı toqquşma ilə izah etmək lazımdır. Heç bir ictimai formasiya, onun kifayət qədər meydan verdiyi bütün məhsuldar qüvvələr inkişaf etmədikcə məhv olmur və daha yüksək yeni istehsal münasibətləri, köhnə cəmiyyətin öz içərisində bu münasibətlərin mövcud olması üçün lazım gələn maddi şərait yetişmədikcə meydana gəlmir. Buna görə həmişə bəşəriyyət öz qarşısına ancaq yerinə yetirə biləcəyi vəzifələr qoyur, çünki yaxından baxanda həmişə məlum olur ki, vəzifə özü yalnız, onu yerinə yetirməyin maddi şəraiti mövcud olanda və ya heç olmazsa, bu şərait qərarlaşma prosesində olduğu zaman meydana gəlir. Asiya, antik, feodal və müasir burjua istehsal üsullarını ümu­miyyətlə, iqtisadi– ictimai formasiyanın mütərəqqi dövrləri kimi qeyd etmək olar».

Göründüyü kimi, şüur probleminə dialektik materialist baxışı K.Marks və F.Engels formalaşdırmışlar. Belə bir haqlı sual mey­dana çıxa bilər. Marksın şüurun təhlili metodunu müasir hesab et­mək olarmı? Doğrudur, şüurunun təhlinin Marks metodu şüb­həsiz universal metod deyildir. Niyə? Ona görə ki, hər şeydən əvvəl, orada şüurun məzmununun predmet– fəaliyyətindən və maddi iqtisadi prinsiplərdən çox güclü asılılığı göstərilir. Əslində bəşər tarixi fərd­lərin, hətta bütöv xalqların mənəvi cəhətləri haqqında məlumatlarla zəngindir. Orada iqtisadi mənafelər ikinci dərəcəli hesab olunur. F.En­gels 21– 22 sentyabr 1890– cı ildə Yozef Bloxa mək­tubunda ya­zırdı: «Biz öz tariximizi özümüz yaradırıq, lakin, əvvələn, çox müəyyən müqəddəs şərtlərlə və şəraitdə yaradırıq bunların içə­risində iqtisadi şərait nəticə etibarı ilə həlledicidir. Lakin siyasi şə­rait və i.a. hətta insanların başında yaşayan ənənələr, həlledici ol­ma­­sa da, müəyyən rol oynayır». İkincisi, şüurun təhlilinə Marks ya­naşması şəxssizdir. O, fövqəlfərdi şüurun ümumi məzmu­nunu, im­­kanlarını səciyyələndir­məkdə ustadır. Nəticədə fərdin fəallığı, müs­təqilliyi, həmçinin öz xüsusi şüurunun məzmununa görə məsul­i­y­­yəti nəzərdən qaçır. Əslinə qalanda şəraitə əsaslanaraq fərdi şüurun imkanlarına həmişə haqq qazandırmaq mümkündür. Fərdi şüurun cəmiyyətlə tam determinə edilməsinin etirafı zamanı o hər cür mə­nə­vi məsuliyyətdən kənar çıxır. Bu zaman cəmiyyətin yetkin ol­ma­dığını nəzərə alaraq bütün cinayətkarlara bəraət vermək lazım kəlir.
Üçüncüsü, sosial hadisə olan ortodoksiyaya haqq qazan­dırmaq imkanı yaradılır. Ortodoksiya kateqoriyası (yunanca: Orthos– düz, birbaşa, doxia– rəy) dini mənşəyə malikdir və doktrina­nın düzlüyünü ifadə edir. Sosial mənada ortodoksiya kolektivin şəxsiyyət üzərində ağalığıdır. Ortodoksiyanın hökmranlığı dövründə fərdi insan kollektiv psixozun qurbanı olur. Şəxsi şüurun imkanları məhdudlaşır. Fərdin mənəvi həyatı avtonom yaradıcılıq aktı kimi öz fəaliyyətini, demək olar ki, saxlayır.
Bir çox mütəfəkkirlər yuxarıdakı fikirlərlə Marksın təhlilinin əleyhinə çıxır və təklif edirlər ki, şüur unikal– şəxsi proses kimi, hər bir fərdin özü istədiyi kimi, mədəni– tarixi münaqişələrin yaradıcı həlli kimi öyrənilsin. Əlbəttə, Marks ictimai şüur anlayışını irəli sürərkən heç vaxt fərdi şüuru inkar etməmişdir. Bu baxışın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Çünki nə qədər ki, dövlət əmək bölgüsü, milli ayrı– seçkilik vardır, şüurun təhlilinin Marks metodunu arxivə vermək tezdir.


Tarix: 09.12.2014 / 13:51 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Fəlsəfə
loading...