Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda maarifçilik fəlsəfəsi

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.

A.A.Bakıxanovun «Əxlaqın islahı», «Gülüstani İrəm» əsərlərində məntiq, əxlaq, fəlsəfədən söhbət aparılır. Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfəyə əsaslanmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən ibarət saymışdır. Onun fikrincə Allahın əvvəlcə yarandığı varlıq dünyada şeyləri tam əhatə etmək nöqteyi-nəzərdən ağıl, şeyləri nizamlamaq baxımından qələm, ilkin və son olması baxımından işıq və ya nurdur. Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. Onun fikrincə, «Kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur». Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin ölçüsü ədalət və insafdır.

M.F.Axundovun fəlsəfi yaradıcılığının ideya mənbələri qabaqcıl rus, şərq və Avropa fəlsəfəsi və mədəniyyəti olmuşdur. Axundov qədim Yunan fəlsəfəsinə və mədəniyyətinə də yaxından bələd olmuş və öz münasibətini bildirmişdir. Onun fikrincə, fəlsəfənin vəzifəsi kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Axundovun təliminə görə dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyı əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.
Ruhun ölməzliyi ideyasına qarşə çıxış edərək Axundov göstərirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F.Axundov idrakı ətraf aləmin insan şüurunda inikası adlandırmış, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi yəqinliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Onun fikrincə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur. M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili mühüm yer tutur. O, dinlə elmin bir araya sığmadığını, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin strüktur vahidlərinin təhlili əsasında onun mahiyyətini aşkar etmişdir. O dinin mahiyyətini maarifşilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir.


Tarix: 09.12.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Fəlsəfə
loading...