Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Mesopotamiya

Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Onların arasından Dəclə və Fərat kimi böyük çaylar axır. Bu çayların hər ikisi öz başlanğıcını Qafqazdan cənubda olan dağlardan götürür və İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının gətirdikləri çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər iki çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Burada nə metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur. Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını da güclü olur. Dəclə və Fəratın suyunun artması dağlardakı qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral– may ayları arasında mümkündür. Nilə nisbətən bu çayların artıb– azalma rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri– mümkün idi.
Ümumiyyətlə, Mesopotamiya torpağı hələ ən qədim dövrlərdən özünün məhsuldarlığı ilə seçilir. Bunu biz antik dövrün qüdrətli tarixçiləri Herodot, Feofrast və başqalarının əsərlərində də aydın görə bilərik. Lakin İkiçayarası ölkəsinin ərazisində əkinçiliklə məş­ğul olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi və həmin işlər bütün il boyu həyata keçirilməli idi.
Bizim eradan əvvəl VII– VI minilliklərdə əkinçi və maldarlar münbit torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün dağlıq yerlərdən Fərat və Dəclə çayları vadisinə enməyə məcbur oldular. Onlar bataqlıqlar arasında qamış və gildən komalar tikir, mal– qara otarır, toxaların köməyi ilə kiçik torpaq sahələrini əkib becərirdilər. Həmin dəhşətli dövrlərdə əhali bataqlıq qızdırmasından, əqrəblərdən və saysız– hesabsız həşəratlardan əziyyət çəkirdi. Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan qabanlar əkin sahələrini məhv edirdilər. Çay daşqınları komaları dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və Dəclə çayları qovuşaraq coşğun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına elə gəlirdi ki, bu sel bütün dünyanı basır. Çayların daşması cənubi İkiçayarasının ilk sakinləri üçün qorxunc və təhlükəli düşmən idi. Sonralar yaranacaq «Nuhun tufanı» mifinin əsasını Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı.

Cənubi Mesopotamiyada ilk dövlətlər bizim eradan əvvəl IV– III minilliklərdə yaradılmışdır. Bu dövlətlərin özlərinin qoşunları, keşikçiləri və məmurları var idi. Burada padşahı «böyük adam» adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit tayfaları olmuşdur. Suvarma kanallarının çəkilməsi üçün kiçik dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı çox olan qüdrətli dövlət suvarma kanallarını çəkə bilərdi. Kiçik dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan dövlətinin yaranmasına gətirib çıxardı. Bizim eradan əvvəl 2350– ci ildə Semit tayfalarının güclənməsi nəticəsində Akkad padşahı Sarqon bütün Mesopatomiyanı öz hakimiyyəti altında birləşdirdi.1792– 1750– ci illərdə hökmranlıq etmiş Babil hökmdarı Hammurapi bütün Mesopotamiyanı fəth etmiş və padşahlıq üçün vahid qanunlar qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları pozanları bu qanunlara əsasən mühakimə edirdilər. Lakin Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərini işğalları ilə, qanunları ilə deyil, həmçinin mədəniyyəti ilə tarixə düşmüşdür. Həmin mənəvi dəyərlər sırasında İkiçayarası xalqlarının mifologiyası da özünəməxsus yer tutur.
Dəclə və Fərat çayları arasında mövcud olan qədim şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir daha göstərir ki, Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ bizim eradan əvvəl 4000– ci ildə məskunlaşdırılmışdı. Bəzi alimlərin fikrincə, bu ərazi daha qədim tarixə malik olmuşdur. Qədim şəhər dövlətləri Ur, Uruk və Kit daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar. Şübhəsiz, həmin sivilizasiyanı yaradanlar Şumerlər olmuşdur. Şumerlər yəqin ki, yuxarıda qeyd etdiyimiz kimi, dağlıq ərazilərdən gəlmişlər. Bu xalqın mifologiyasının tədqiqi bir daha göstərir ki, onların qədim yurdları gəldikləri, sonradan əldə etdikləri vətənlərindən köklü surətdə fərqlənirmiş. Şumerlər Mixi yazılarını kəşf etmiş («Zikkurat» adlı tikili də bu qəbildəndir) və daha böyük işlər görmüşlər. Onların şəhərlərinin qalıqları (məsələn, Ur şəhərində aparılan qazıntılar əsasında) yüksək sivilizasiyadan xəbər verir. Burada böyük məbədlər tikilmiş, kahinlər, mirzələr yaşamış, qanunlar, ədəbiyyat və zəngin mifologiya yaranıb inkişaf etmişdir.

Zamanəmizə gəlib çatmış Şumer və Akkad miflərində dünyanın yaranması və quruluşu, allahların doğulması, onların xeyir– duaları və lənətləri, nəhayət, allahların yaradıcı və dağıdıcı fəaliyyətləri əks olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad miflərində hakimiyyət uğrunda allahların mübarizəsi əks edilmişdir. Hətta əks olunsa belə adətən bu heç də gərgin mübarizə və amansız münaqişə kimi göstərilmirdi. İntellektual məzmun baxımından Şumer– Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş baxışı ifadə edirdi. Bu miflərə əsasən həmin xalqların ciddi teoloji və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar.
Mesopotamiyada ilk insanlar hələ Paleolit dövründə görünməyə başlamışdır. Neolit dövründə isə İkiçayarasının məskunlaşması daha yüksək sürətlə getməyə başladı. Ovçuluq və yığıcılıq artıq məhsuldar və əlverişli olmadığından daha mütərəqqi təsərrüfat növünə keçmək lazım idi. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açırdı.

Ümumiyyətlə, İkiçayarası xalqlarınınallahlar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad allahları ilə yanaşı, Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. Əlbəttə Babil allahlarının əksəriyyəti Şumer allahlarıdır. Ancaq Babilstanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə allahların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki allahlar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Allahlar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən çox az məbədlərdə pərəstiş edirdilər. O, əlçatmaz və insanlara düşmən mövqedə olan kimi anlaşılırdı və onlara müxtəlif bəlalar göndərirdi. Ona görə də onunla dindarlar arasında heç vaxt yaxınlıq və etibarlılıq münasibətləri yaranmamışdı. Təsadüfi deyildir ki, elə Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı.
Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə ma­lik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilir­di. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi.
Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gelqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən allah imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı Semit xalqları isə Eya adlandırırdılar. Eya su dibi allahı olub Enlilin oğlu idi. Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə də Şumerlər bütün biliklərinə görə Eyaya borcludurlar. Eya sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə görə, yazı Eyanın sayəsində kəşf edilmişdi. Eyanın əqli insanlara imkan verir ki, yerin gizli qatlarının və səmanın sirlərinə yiyələnsin. Eya xəstəliklərin, bədbəxtliklərin və s. mənfi hadisələrin çarəsini bilirdi. Ona gizli cadugərlik və s.məlum idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər. Dünyanın yaranması haqqında epik əsatirə görə, Eya insanları gildən yaradaraq əjdaha Kinqunun qanı ilə onlara can vermişdir. Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə adamların məhv olmasının qarşısını kəsən Eya hiyləyə əl atmışdır. Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında onlara məlumat verilməsin. Allahlarla birlikdə Eya da and içmişdi ki, insanlara məlumat verməyəcək. Lakin Eya bir vasitəyə əl atmışdı. Sirrini qamış daxma vasitəsilə Utnapiştiyə demişdi:

Lakin Eya sirləri danışmışdı daxmaya,
«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar.
Eşit, a daxma. Divar, yadda saxla nə ki, var.
Şuruppak şəhərində, Ubar– Tutunun oğlu.
Sökərək mülklərini, onlardan gəmi düzəlt
Bu var– dövləti tərk et, həyat barədə düşün.
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.
Eni də uzununa qoy tən olsun, düz gəlsin.
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».

Qeyd etmək lazımdır əsrin əvvəllərində tədqiqatçıların çoxuna elə gəlirdi ki, qədim tarixi bütünlüklə öyrənmişlər. O zaman qədim dövr haqqında əsas mənbə Bibliya idi. Onun əsas fəaliyyət göstərən personajları isə yəhudilər hesab olunurdu. Suriya və Fələstin xalqları, o cümlədən filistimilyanlar, amoreylər, hetlər və başqaları allah tərəfindən seçilmiş xalqın yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı dövlət də var idi ki, dönə– dönə Bibliyada xatırlanırdı. İkincisi, məbədlər, piramidalar, sfinkslər Misirin qədim şöhrətindən xəbər verirdi. Şübhəsiz Misirin sivilizasiyanın beşiyi olması heç kəsdə şübhə doğurmurdu. Əlbəttə Şumerlər, Akkadlar və Babillər də var idi. Babilistanlı Novuxodonossor yəhudilərin cəzalandırılmasında mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix meydanına çıxmışlar. Lakin onların hər biri öz allahları, kult və məbədləri, mədəniyyət və mifologiyaları ilə tarixin yaddaşına əbədi surətdə həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir– birindən fərqlənirdilər. Vəzifələri və funksiyalarına görə onlar bir– birini təkrar edirdilər.
Ümumiyyətlə, allahlar arasında dünya bölüşdürülmüşdü. Anu hava və səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya hakim idi. Onlar kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil edilmişdilər. İkinci üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar. Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay al­lahı şərəfinə tikilmiş məbədlər var idi. Hətta Navuxodonossorun xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan etmişdi.
Şumerlərin Utu adlandırdıqları günəş allahı Babil zamanı Şamaş adlanırdı. Həmin allah «yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən» hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Xammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotomiyanın qədim sakinlərinin dini həyatında allahlar mühüm rol oynayırdılar. Adamların məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları bütövlükdə dövlətin müdafiəçiləri hesab olunurdular. Qeyd etmək lazımdır ki, bizə məlum olan bütün ədəbiyyat bizim eradan əvvəl 2000– ci ildən sonra yazılmışdır. Həmin dövrdə sülhpərvər xalq olan Şumerlər özlərindən mədəni cəhətdən geri qalan xalqlar tərəfindən əsarət altına alınmışlar. Hammurapi çoxsaylı şəhər dövlətləri işğal edərək böyük bir dövlət yarada bilmişdir. «Böyük inzibatçı» böyük imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi) rəsmi dilə çevirdi. Bu isə Şumer sivilizasiyasına öldürücü zərbə vurmuşdur. Şumer mifologiyası mənimsənilmiş, Şumer allahları adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər.
Qeyd etmək lazımdır ki, İştar müxtəlif funksiyaları yerinə yetirən ilahə olmuşdur. Bir tərəfdən, məhəbbət və məhsuldarlıq ilahəsi kimi İştar ölkəyə maddi rifah və inkişaf vermiş, digər tərəfdən isə o, müharibə və döyüş ilahəsi kimi vuruşmada qalib padşahın önündə getmişdir. Gözəl və ağlı başdan çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. O, gənc qəhrəman Tammuzun (Dumuzun) sevgili arvadı kimi təsvir olunurdu. Lakin gec– tez sevgilisinə xəyanət edərək onu yeraltı dünyaya göndərmişdir. İlahəyə Mesopotomiyanın, demək olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. Onun baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda İştar ilahəsinin böyük məbədi mövcud olmuşdur.
Allah Adad tufanı, yağışı, fırtınanı, dolunu, ildırımı idarə edirdi. O, təbiət hadisələri allahı olub, yerə məhsuldarlıq verməklə yanaşı, daşqın, xüsusilə digər dağıdıcı qüvvələrin allahı kimi də məşhur olmuşdur. Şumer dövründə o qədər də parlamayan Adadın fəaliyyəti Babil dövründə geniş vüsət tapmışdır. Adadın əhəmiyyəti Mesopotomiyaya Semit tayfalarının axını ilə daha gücləndirilmişdir. Həmin tayfalar Adadı «Bəndin səma idarəedicisi» adlandırırdılar. Onun təsvirlərində allahı bir əlində ildırım parçası, digər əlində isə balta tutmuş halda görmək olar. Yeraltı dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. O, eyni zamanda İştarın paxıllığını çəkirdi. Bir dəfə İştar yeraltı dünyaya girərkən onunla orada çox pis rəftar etmişdilər. O, çox çətinliklə geri qayıtmışdı. Allah Nerqal bir dəfə yeraltı dünyaya gələrək Ereşkiqala qalib gəlmiş və onu özünə arvad etmişdi.
Bundan sonra Nerqal yeraltı dünyanın hakimi olmuşdur. Lakin o, yerlə əlaqəsini üzməmişdir. O, təbiətin bir sıra şər qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi, qızdırma və s. keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların fikrincə, Kutu şəhəri axirət dünyası və vəba allahı Nerqalın şərəfinə tikilmişdir.

Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi. Şumer dövründə ikinci dərəcəli rol oynayan Marduk Babil dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və Enlili öz mövqelərindən sıxışdırdı. «Enuma eliş»– «Yuxarıya yüksələn za­man» adlı didaktik poemada Marduka yaradıcı allah funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusən Navuxodonossorun pad­şah­lığı illərindən başlayaraq Marduk allahların əksəriyyətinin fun­k­si­yalarını əlinə keçirdi. Mardukun arvadı ilahə Tsarpanit həmçinin köməkçi və müdafiəçi rolunda iştirak edirdi. Baş allah kimi Mardukun sarayında çoxlu ştatlı işçilər, «nazirləri» və s. qulluqçuları var idi. Bunu Tsarpanit haqqında da demək olar. Mardukun oğlu Nabu idi. Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr, müdriklik və elm hamisi idi. O, eyni zamanda Mardukun mirzəsi idi. Onun tale cədvəllərini hazırlayırdı. Nabunun simvolu yazı üçün qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula– müalicə ilahəsi idi.
Qeyd etmək lazımdır ki, İkiçayarası ərazisində yaşayan xalqlar elmlərin əsasının yaranmasında mühüm rol oynamışlar (qədim Mesopotamiya mədəniyyəti). B.e. əv.II minillikdən başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər əldə etmişlər. Əlbəttə bəzi tədqiqatçılar bunu təbabət deyil, magiya ilə əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri hesab olunmalıdır. Həmin dövrlərdən gəlib bizə çatan sənədlər bir ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin fəaliyyətindən söhbət açır. Hammurapinin kodeksində elə maddələr vardır ki, onlar cərrahlığa həsr olunmuşdur. Orada hər əməliyyat üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu zərər üçün cərimə və cəza da nəzərdə tutulurdu. Müəllimlər haqqında da maraqlı fikirləri vardır. Riyaziyyat və digər elm sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə qədər gəlib çatmışdır.

Ümumiyyətlə, babilistanlılar astronomiya və astrologiyanı yüksək qiymətləndirirdilər. Ona görə də onların allahları da səma cisimlərini təcəssüm etdirirdilər. Məsələn, Sin və Şamaşa–Ay və Günəş, Marduka– Yupiter, Nerqala– Mars, İştara– Venera, Nabu­ya– Merkuri müvafiq gəlirdi. Çox vaxt bu astral simvolları allahların özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri sirli elmlərlə məşğul olurdular. Buraya sayların manipulyasiyası da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda ifadə olunan allah Anu idi. Onun müqəddəs sayı (rəqəmi) 60 idi. Enlil– 50, Eya– 40, Sin– 30, sonralar baş allahlar sırasına daxil olmuş Mardukun rəqəmi ən aşağı– 10 idi. Adad özü də 10 rəqəmi ilə ifadə olunurdu.
Şumerlər, sonralar isə Babillər allahları insan surətində təsəvvür edirdilər. Onlara qeyri– adi ölçüdə, fövqəladə gücə malik, hər nəfəs alanda ağzından od püskürmək qabiliyyəti olan cəhətlər aid edilirdi. Allahlar fövqəladə güc və qabiliyyətə malik olduqlarından onlara qarşı heç kim çıxa bilməzdi. Şəkillərdə və hekayələrdə allahlar başlarında tac, qiymətli paltarlarda, ilahilik əlaməti olaraq baş geyimlərində iki, yaxud üç öküz buynuzu sancılmış halda təsvir olunurdular. Allahlar əllərində öz hakimiyyətlərinin simvolunu tuturdular. Marduk– üzük və əsa, Eya– su allahı kimi, su doldurulmuş qab və s. tuturdular.

Quldarlıq cəmiyyətinin ideologiyasında qədim xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər böyük rol oynamışdır. Həmin dünyanın ümumi nəzəriyyəsi, ensiklopedik kompendiumu, onun populyar formada məntiqi din olmuşdur. Qədim Mesopotomiya dininin əsasında ilkin əkinçilik icmalarının qədim ilahəsinin kultları dururdu. Totemizm, təbiətin yaradıcı qüvvələrinin ilahiləşdirilməsi həmin dövr üçün xarakterik olmuşdur.
Ümumiyyətlə, Qədim Şərq və ayrıca götürülmüş Mesopotomiya dini üçün səciyyəvi olan cəhət politeizm– çoxallahlıq olmuşdur.Şumer dinində bu özünü daha aydın şəkildə göstərir. Şumer miflərinə görə, bütün allahlar ilkin okean ilahəsi Nammudan yaranmışdır. Bütün yerdə qalan allahlar Anu və Kinin nigahından meydana gəlmişdir. Sonrakı semitdilli xalqlar– akkadlar, amoreylər, xaldeylər və başqaları Şumer dinlərindən çox şey götürmüşlər. Bütün bunlardan əlavə Mesotopomiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət həyatı, axirət dünyası, ölmə və dirilmə haqqında olan miflər Kiçik Asiya xalqlarının dini görüşlərinə və Bibliya mifoloji ədəbiyyatının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar hökm sürürdü. Bəzi hökmdarlar qələbə çaldıqları ölkələrin allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri himayə etsinlər. Yaxud da qalib xalq məğlub xalqın heykəl və bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən isə allah heykəllərini kömək üçün digər ölkələrə də göndərirdilər. Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə xəstələnmiş Firona İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. Belə misalların sayını istənilən qədər çoxaltmaq olar. Allahları insan simasında təsəvvürünə gətirən qədim insanlar onlara insani keyfiyyətləri də aid edir­dilər. Allahlar ölməz olsalar da, hər halda onlar ölürdülər və onları həyat suyu vasitəsilə diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da yeməyə, paltara ehtiyacı olduğunu göstərirdilər. Utna­pişti və onun arvadından başqa bütün insanları məhv edən dünya daşqınından sonra, birinci nəzir gətirilən kimi allahlar yeməyə «milçək kimi acgözlüklə» atılmışlar. İnsanlar kimi onlar da dadlı yeməklər yemək, sərxoş olana qədər şərab içmək istəyirdilər. Rahat stul və çarpayılardan istifadə edirdilər. Gecələr qulluqçular allahların heykəllərini soyundurub təmiz çarpayılara uzadır, gündüzlər isə yuyundurub, darayırdılar. Allahlar arasında dalaşmalar da olurdu ki, bunu da ali allah yoluna qoymalı idi. Paxıllıq, özündən müştəbehlik və s. insani keyfiyyətlər onlara da yad deyildi. Onlar daima bir– birini aldatmağa, kələk gəlməyə çalışırdılar. Bu, bir də onu sübut edirdi ki, onların heç də hamısı hər şeyi bilən deyildi.

Ümumiyyətlə, allahlar haqqında miflərin yaranması və geniş yayılmasında əsas rolu kahinlər oynamışdır. Keçmiş allahların adının, funksiyasının dəyişdirilməsində də onlar həlledici işləri görmüşlər. Xalq arasında qəhrəmanlar, yarımallahlar, iblislər dünyasına inam olduqca güclü idi. Bu dünyada Dumuzi (Tummuzi), Gelqameş (Bilqamış), 7 müdrik və s. var idi. Onların köməyi ilə ali– baş allaha da arzular, istəklər tez çata bilirdi. Bütün bunlardan əlavə cəmiyyətdə müəyyən göstərişlər də hökm sürürdü. Bu göstərişlərə tabe olmaq, ona riayət etmək lazım idi. Qədim dünyanın hüquqi, əxlaqi və s. prinsiplərini əks etdirən bu kodeks sistemində maraqlı cəhətlər çoxdur. Onlar dindarlara aşağıdakıları qadağan edirdilər: bəd danışmaq, təsdiq etmək əvəzinə inkar, ataya və anaya hörmət etməmək, böyük qardaşlara nifrət etməmək, başqasının arvadına yaxınlıq etmək, yaxın adamın qanını tökmək, nəsli parçalamaq, sözdə düz olub ürəkdə günahkar olmaq, pis şey öyrətmək və s.
Yuxarıda qeyd etdiyimiz kimi, kahinlər dindarlara böyük təsir göstərirdilər. onlar xalqla hər şeyə qadir allahlar arasında vasitəçi idilər. Kahinlər mürəkkəb duaları və ritualları bilir, bununla də günahların bağışlanması açarını öz əllərində saxlayırdılar. Çox az adam özündə cəsarət tapıb kahinlərə qarşı çıxa bilərdi. Kahinlərin sözünün düz olması və ona əməl edilməsinin zəruriliyi haqqında çoxlu göstərişlər zəmanəmizə qədər gəlib çıxmışdır. Lakin hər halda etiraz edənlər tapılırdı. Onlardan bəziləri özlərinə məxsus fəlsəfələrini yaradırdı. Bu fəlsəfədə dünyadan kifayət qədər götürmək istəyi özünü göstərirdi. «Bilqamıs» dastanında deyildiyi kimi:

«Sən hara can atırsan? Gəzsən də kainatı,
Heç vaxt tapa bilməzsən, axtardığın həyatı!
Tanrılar xəlq eləyib insanı yaradanda
Ölümü insan üçün buyurmuşdular onlar.
Həyatı saxlamışlar özlərinin əlində,
Biqamıs, qəm eləmə, canın sağ olsun sənin,
Gecə– gündüz ye, şənlən, kefin çağ olsun sənin.
Kef elə, bayram keçir.
Gecə– gündüz çal– çağır, nəğmə de, gül, oyna sən!
Yaxşı geyinib– keçin, əynin təmiz, ağ olsun.
Saçlarına sığal çək, qoy saçın parlaq olsun.
Uşaqların oynasın, qoy tutsun əllərindən
İnsanın həyatı da, işi də budur ancaq».

Dastandan məlum olur ki, qədim Şumerlər də həyatın əbədi olmadığını bilirdilər. Vaxt, zaman keçdikdən sonra yeraltı dünyaya köçmək məcburiyyətində olan insan bu dünyadan kifayət qədər götürməlidir. Çünki zamanında həyat sona çatacaq, insan bədəni parçalanıb gilə çevriləcək, ruh isə öz hərəkətini yeraltı dünyada davam etdirəcəkdir.
Ümumiyyətlə, «Bilqamıs» dastanında qəhrəmanın adı gil lövhələrdən müxtəlif cür oxunsa da, tərcümələrin hamısında onun mənası eynidir, yəni hər şeyi görən, hər şeyi bilən deməkdir. S.Ş.Çaqdurov öz əsərində «Bilgə» sözünün bilən, biliklər toplusu və s. sözündən olduğunu əsaslandırır. Belə olduqda onun Azərbaycan dilində də həmin mənanı verdiyi aydınlaşır. Qames, yəni qamıs– hamı şeylər, hər şey deməkdir. Ona görə də tərcümə zamanı qəhramanın adını məhz Bilqamıs kimi verilməsi daha məqsədəuyğundur.
«Bilqamıs» dastanı öz məzmununa görə də Azərbaycan folkloru, xüsusilə nağıl və dastanları ilə kök yaxınlığına malikdir. Bir çox xalq nağıllarımızda və əfsanələrimizdə rast gəlinən yeraltı dünyaya, gedər gəlməz, dünyanın o başına getmək kimi süjetlər, xüsusilə dirilik suyu, həyat ağacı, əbədi həyat tapılması kimi motivlər bu dastanda da vardır. Xızır peyğəmbər haqqındakı əfsanə «Bilqamıs» dastanı ilə çox yaxındır. Bu, təsadüfi hal deyildir. Ümumiyyətlə, qoca dünyanın ən qədim dastanlarından biri olan «Bilqamıs» dastanının qəhrəmanı Bilqamıs böyük şəhər saldırır, igidliyi və qəhrəmanlığı ilə şöhrət qazanır. Son onilliklərdə çap olunan bir sıra mətnlər Bilqamısın tarixi şəxsiyyət olduğuna şübhə yeri qoymur. Bilqamıs eramızdan əvvəl 27– ci əsrin sonu və 26– cı əsrin əvvəllərində Şumerdə Uruk şəhərində hakimlik edən sülalənin 5– ci hökmdarı olmuşdur.Görünür, Bilqamısın ölümündən az keçməmiş onu ilahiləşdirmişlər. Sonrakı mətnlərdə artıq onun adı ilahilik rəmzi kimi çəkilir. Uruk III sülaləsinin «şahlar siyahısında» Bilqamısın artıq mifik şəxsiyyət kimi adı çəkilir. Mifik şəxsiyyət Bilqamısın hakimlik illəri 126 ildir. Onun atası iblisdir. Epik mətnlərdə isə o, Uruk hakimi Luqalbandanın və günəş allahı Utunun nəslindən olan ilahə Ninsunun oğludur. B.e.ə. ikinci minillikdən başlayaraq Bilqamıs axirət dünyasının hakimi, insanların iblislərdən müdafiəçisi kimi tanınmağa başlanmışdır. Eyni zamanda şəhər quruculuğunun banisi kimi tanınır. Dastanda onun şöhrəti göylərə qaldırılır.

O, insandır, yarıdan çoxu tanrıdır ancaq
Heç kəs ona tay olmaz– ona görkəminə bax,
Urukun divarını odur ucaldan belə
Çılğınlıqda, qüvvədə oxşar qızmış kələ
Döyüşdə silahının yox tayı– bərabəri,
Təbil səslənən kimi oynayır igidləri–
Sıçrayır yatağından Urukun ərənləri
«Ataların yurdunda oğul qoymaz Bilqamıs
Özü öz başına o gecə– gündüz açır iş.
O hasarlı Urukun kahinimi Bilqamıs?
Uruk oğullarının kahini tək birdi o,
Əzəmətli, şöhrətli hər şeyə qadirdi o».

Bilqamıs vəhşi heyvanlar içərisində boy atan mərd Enkidu ilə dost olur. Onunla birlikdə Sidr meşəsinə gedib qorxunc Humbabanı məhv edirlər, çoxlu vuruşlardan qəhrəmanlıqla qalib çıxırlar. Lakin Humbabanı öldürdüklərinə görə allahların bu iki dosta qəzəbi tutur. Enkiduya ölüm hökmü verilir. Enkidu öz dostunun gözü önündə can verib ölür. Enkidunun ölümü Bilqamısı sarsıdır və bir xalq qəhramanı kimi o söz verir ki, ölümün özünə qalib gələcəkdir. Lakin bu vəzifə olduqca çətindir. İnsanları ölümsüz etməkdən ötrü o çətin bir səfərə çıxır. Gündoğana qədər yol gedən Bilqamıs axırda dünyanın o başında vaxtilə əbədi həyat qazanmış Utnapişti ilə görüşür. Utnapişti onu başa salır ki, insan həyatı əbədi ola bilməz, o bir vaxt mütləq başa çatmalıdır. Əbədi yaşamaqdan ötrü insan öz ömrünü mənalı yaşamalıdır. Yəni xeyirxah olmalı, xalqına xidmət etməli, gözəl övladlar yetirib sağlam şəkildə boya– başa çatdırmalıdır.
Lakin Bilqamıs insan olduğu halda Utnapiştinin özünün əbdi həyat qazana bildiyinin sirrini soruşur. Utnapişti elmi ədəbiyyatda Nuhun tufanı adlanan hadisəni nəql edir, yəni dastan içərisində yeni bir dastan başlanır. Dünyanı su basandan sonra Utnapişti necə hərəkət etdiyini söyləyir:

Nisir dağı yanında dayandı bizim gəmi,
Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi.
Düz iki gün qoymadı gəmini tərpənməyə
Üç, dörd gün də qoymadı, dağ gəmini saxladı,
Beş, altı gün də keçdi, gəmini buraxmadı,
Yeddinci gün gələndə,
Mən göyərçin çıxarıb onu buraxdım göyə
Göyərçin uçub getdi, sonda döndü geriyə.

Dünyanı su basandan sonra yer üzündə öz ailəsi ilə salamat qalan insan– Utnapişti, xeyirxah və el qədri bilən olduğuna görə, tanrıların məsləhəti ilə nəhəng gəmi düzəltdirib ailəsini və dünyadakı heyvanlardan damazlıq götürür və tufandan qurtulur. Bu maraqlı səhnələr Bilqamıs üçün uğursuz başa çatsa da, Utnapişti ona dənizin dibində olan cavanlıq çiçəyinin yerini nişan verir. Bilqamıs çətinliklə dirilik çiçəyini əldə edir, lakin özü yemir. Sözün həqiqi mənasında əsl xalq qəhrəmanı kimi hərəkət edərək həmin çiçəyi öz şəhərinin adamları üçün aparmaq istəyir. Lakin atalar «sən saydığını say gör fələk nə sayır»– demişlər. Yolda ilan qəfildən çiçəyi ondan oğurlayıb yeyir, o saat dərisini dəyişərək cavanlaşır və əbədi həyat qazanır. Burada Bilqamısın taleyi Dədə Qorqudun taleyi ilə yaxınlaşır. Ölməzlik qazanmış Dədə Qorqud da ilanın qurbanı olur. Nizami Gəncəvinin İsgəndəri də dirilik suyu əldə edə bilmir. Dastandakı maraqlı obrazlardan biri də Utnapiştidir. O, qədim kitablarda təsvir olunmuş Nuhla eyniləşdirilir. Əslində elə həmin əhvalat eyni ilə Nuhun başına gəlmiş əhvalatdır. Son illərin tədqiqatçıları, o cümlədən qədim Şərq tarixinin, mədəniyyətinin tədqiqatçıları qeyd edirlər ki, ən qədim şərq kitablarında, Hind dastanlarında təsvir olunan Nuhun tufanı da məhz «Bilqamıs» dastanından götürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, son dövrlərdə çox geniş şəkildə öyrənilən Şumerlərin tarixi, ədəbiyyatı, bir sözlə mədəniyyəti olduqca zəngin və maraqlıdır. Ancaq qədim Şumerlərin yaratdığı ədəbi abidələrin çoxu hər halda bizə gəlib çatmamışdır. Qoca Babil torpağı öz qoynunda hələ çox sirləri gizlətmişdir. Şumer mədəniyyətindən bizə gəlib çatan kiçik nəğmə, ağı, öygü, dua və s. şer parçaları həcmcə az olduqlarına görə daha yaxşı mühafizə oluna bilmişdir.
Ümumiyyətlə, Şumer və Akkad şəhər dövlətləri, eləcə də bütövlükdə Babilistan mədəniyyəti «tunc əsrinin mədəniyyəti»nin tipik nümunəsi hesab edilir. Mesopotamiya ərazisində elm çox tez meydana çıxmışdır. Tapılmış yüzlərlə riyaziyyat mətnləri ən qədim Babilistan palşahlığı dövrünə aiddir. Burada vurma cədvəli, kəmiyyət, kvadrat, say, xüsusilə məsələlər və onların həlli yazılmış yazılar müasir dövrə qədər gəlib çıxmışdır. Qədim Babil astronomları səma cisimlərini sistemli şəkildə müşahidə edirdilər. Makedoniyalı İskəndərin dövründən 2250 il qabaq ayın tutulması cədvəlini yaratmışdılar. Bizim eradan əvvəl II minilliyin başlanğıcında Ay– Gün təqvimi yaradılmışdır. Hammurapinin əlavə ay haqqında verdiyi fərman bizə gəlib çatmışdır. Tapılmış tibbi mətnlər təbabətin müalicə magiyasından ayrıldığını göstərir.
Elmlə əlaqədar təfəkkür vərdişləri də meydana gəlir. Lakin hər halda fəlsəfə sistemli şəkildə Babilistanda yarana bilməmişdir.
Daha dəqiq desək, onlar geniş şəkildə qəbul olunmuş fəlsəfə yarada bilməmişlər. Onların heç vaxt ağlına da gəlməzdi ki, şeylərin həqiqi təbiəti, yaxud da onların şeylər haqqında təsəvvürləri şübhə doğura bilər. Elə buna görə də onlarda fəlsəfənin qnoseologiya (idrak nəzəriyyəsi) sahəsi demək olar ki, olmamışdır. Bunula yanaşı, şumerlər təbiət haqqında dünyanın yaradılması qanunları haqqında fərziyyələr irəli sürürdülər. Belə bir fikri yürütmək üçün əsas vardır ki, artıq hələ b. er. əv III minillikdə Şumerdə elə mütəfəkkirlər və pedoqoqlar meydana gəlmişdi ki, yuxarıda qeyd etdiyimiz sualları irəli sürür və ona cavabları axtarıb tapmağa çalışırdılar. Elə bunun üçün də onlar özlərinin kosmologiya və teologiyasını yaratmışdır. Hə­min mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o qədər inandırıcı olmuşdur ki, Yaxın Şərqin əksər ölkələri həmin sistemi etirazsız qəbul etmişlər.
Əlbəttə qədim şumer ədəbiyyatında onların kosmologiya və teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki Şumer mütəfəkkirləri idrakın əvəzedilməz silahı olan müəyyənetmə və ümumiləşdirmə kimi elmi metodlarına yiyələnməmişdilər. Elə götürək səbəb və nəticə əlaqələrinin qarşılıqlı asılılıq məsələsini. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin nümunələrdən hər şeyi ümumi və hərtərəfli əhatə edən qanunu çıxara bilməmişdilər. Axı, hər bir nəticənin öz səbəbi var və yaxud da əksinə. Qədim Şumer fəlsəfəsi, teologiya və kosmologiyası haqqında məlumatın ayrı– ayrı ədəbi əsərlərdən, miflərdən, epik əsatir və himnlərdən toplanması heç də təəccüb doğurmur. İndi baxaq görək ki, Şumerlərin fəlsəfi və teoloji doktrinalarının, eləcə də dünya haqqında təsəvvürlərinin əsasında hansı «elmi» faktlar dururdu. Maraqlı cəhət budur ki, Şumer filosofunun və pedaqoqunun baxışlarında dünyanın yaranmasının ilkin və əsas ünsürləri torpaq və səma (yer və göy) idi. Elə buna görə də onlar kainatı «an– ki»– «yer– göy» adlandırırdılar.
Şumerlərə görə, yer yastı disk, göy isə boş məkan olub aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy arasında üçüncü element– «lil»– «külək– hava, ruh» yerləşirdi. Bu, bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, Ay, planetlər və ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır ki, işıq sala bilirlər. «Göy– Yer» aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə olunmuşdur. (Bax: qədim coğrafi bilgilər)
Bu əsas təsəvvürlərlə Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını qururdular. Onların fikrincə, birici okean olmuşdur. Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər– günəş, ay, planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı kim yaratmışdır və onu gündən– günə, ildən– ilə hərəkət etməyə kim məcbur edir? Şumer teoloqları allahlar pateonunda hər bir allahın öz işi– gücü və funksiyası olduğuna inanırdılar. Kainatı da onlar birlikdə hərəkətə gətirirdilər. Şumer filosoflarına görə allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi. Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi allah sözünün həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı dinlərdə əsas yeri tutmuşdur (bax: İslamda və Xristianlıqda allah kəlamının qüdrəti haqqında fikirlər). Şumerlilərin fikrincə, insanın taleyinə öz həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqa– başqadır.

«İnsan ayran kimidir, tanrılarsa yağ kimi,
Adam saman kimidir, tanrılar buğda kimi».

Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz. Əcəl hamının qapısını döyməlidir. İnsan ölümə məhkumdur. Qədim şumerli şair– mütəfəkkir fikirlərini sual– cavab üstündə belə qururdu:

Qəzəbli, qəddar əcəl adama verməz aman.
Əbədimi tikirik evləri tikən zaman?
Əbdilikmi vurur məgər möhür vuranlar?
Əbədimi ayrılır qardaşlar qardaşından?
Əbədidirmi məgər nifrət hissi insanda?
Əbədi axır məgər çaylar suda daşanda?
Mütləqdirmi cücünün cırcırama olmağı?
Ayna əvəz edərmi əbədilik günəşi?
Dünya bina olanda
Belə şey görünməmiş.
Ölüyə bənzəmirmi, söylə, əsir olanlar.
Ölümün sifətini məgər göstərmir onlar?
Hökm edən insandırmı? Böyük Enlil onlara
Xeyir– dua verəndə
Bəs niyə toplaşırlar bir yerdə Annunaklar,
Mamet, ulu tanrılar?
Talelər yaradanı
Məgər sorğu– suala tuturmu taleləri?
Onlar təyin eləmiş ölümü və həyatı,
Ölüm saatınısa söyləməmişlər qəti.
Beləcə buyurmuşlur: «Qoy yaşayan yaşasın».

Şumer allahları da insanlara bənzəyir, onlar bir–birindən küsür, barışır, bir– birilə dalaşır. Bir sözlə, insanlara xas olan bütün keyfiyyətlər allahlara da aid edilir. Sonralar biz görəcəyik ki, yunanların allahları adlarını dəyişmiş və nisbətən təkmilləşdirilmiş Şumer allahlarıdır. Şumerdə baş allahlar və ikinci dərəcəli allahlar var idi. Yüzlərlə allahların içərisində ən başlıcası səma allahı An, hava allahı Enlil, su allahı Enki və böyük allah– ana Ninhursaq idi. Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə fəaliyyət göstərirlər. Yığıncaqlarda və məclislərdə onlara ən hörmətli yerlər ayrılırdı.
Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, şumerli mütəfəkkirlər dəqiq ifadə olunmuş fəlsəfi təlim yaratmamışlar. Bu, onların əxlaqi prinsiplərinə, öyüd– nəsihətlərinə də aiddir. Onlarla xüsusi etik normalar məcmuəsi olmadığından etika haqqında fikirləri ancaq ayrı– ayrı əsərlərdən toplamaq mümkündür.
Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə azadlığı problemi qətiyyən maraqlandırmırdı. Onlara görə, allahlar insanları öz kefləri xatirinə yaratmışdılar. Ona görə də insanlar ölü-mə məhkum, allahlar isə əbədidir. Onlara görə yüksək əxlaqi key­fiyyətlər insanlara allahlar tərəfindən bəxş edilmişdir. Doğrudur, şumerlilər həqiqəti və xeyirxahlığı, qanun və qaydanı, ədaləti və azadlığı, mərhəməti və s. yüksək qiymətləndirmişlər. Təbiidir ki, onlar şər və bəd əməlləri, özbaşınalığı, yalanı, haqsızlığı, pozğunluğu, amansızlığı rədd edirdilər. Qədim şumer filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirdilər ki, bəşər sivilizasiyasını yaradan allahlar şəri, yalanı, zorakılığı, bir sözlə bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. Allahlar nə üçün belə hərəkət edirlər?– sualına onlar cavab tapa bilmirdilər, daha doğrusu onlar bu cavabı heç axtarmırdılar da. Eyni zamanda Şumer mütəfəkkirləri allahları yer üzərində hökmranlıq edən padşahlarla çox vaxt eyniləşdirirdilər. Yəni şahlar necə hər bir adama kömək etmirdilərsə (yaxın adamları bura aid deyil), allahlar da ondan kömək diləyən ayrı– ayrı adamlara kömək etmirdilər. Elə buna görə də ayrı– ayrı «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası meydana çıxırdı. Şumerlərə görə, insanlar allahlara xidmət etmək üçün gildən yaradılmışdır.
Bir sözlə, bəşəriyyətin ümumi mədəni inkişafında qədim Şumer xalqı özünəməxsus yer tutur. Onların yaratdığı ilkin mədəniyyət dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyatının və s. inkişafına əvəzedilməz təsir göstərmişdir. İlkin Şumer miflərinin Azərbaycan xalqının mifologiyası, mədəniyyəti, dini və fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir.


Tarix: 09.12.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 628 Bölmə: Fəlsəfə
loading...