Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sofizm

Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.
Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.Lakin eyni zamanda (b. er. əv. V əsrin 2– ci yarısında) xüsusi peşə sahiblərini sofistlər adlandırmağa başlamışdılar. Daha dəqiq desək, əmək haqqına görə pul alan (yəni ilk dəfə tədrisə görə pul alan) müəllimlər sofist adlanırdı. Sofizmin nümayəndələri bu adı fəxrlə daşıyırdılar. İlk dəfə özünü könüllü olaraq sofist adlandıran Protaqor (b. er. əv. 490– 420) olmuşdur. Ondan sonra Gorgiy, Prodik və Gippiy özlərini sofist hesab edirdilər. Onlar bütün Yunanıstanı gəzərək pulla «müdriklik» dərsi verirdilər. Platon özünün «Protaqor» və «Gorgiy» adlı dialoqlarında nəql edir ki, müasirləri sofistlərə onların dərslərinə görə yaxşı pul versinlər. Məsələn, Fidi heykəllərinə görə daha az pul alırdı, nəinki müdriklik dərsindən Protaqor!
İlk sofistlər özlərini nəinki müdriklik müəllimləri, həmçinin xeyirxah adamlar kimi təqdim edirdilər. Xeyirxah adamlar anlayışı isə qədim Yunanıstanda təkcə mənəvi mükəmməllik timsalı kimi deyil, həm də praktiklik– ictimai və dövlət işlərini aparmaq bacarığını da ifadə edirdi. «Müdriklik» sözü isə həmin dövrdə elmin sinonimi idi. Çünki sofistlər pul almaqla o zamankı elmi tədris edirdilər. Fəlsəfə bütün elmləri əhatə edir və həmin elmlər də «müdriklik» adı altında tanınırdı. Həmin elmin də müəllimləri sofistlər idi. O dövrdə hər bir tamhüquqlu vətəndaş xalq iclaslarında iştirak edə bilər və dövlət işlərində də fəal ola bilərdi. Xalq iclaslarında qələbə o adama nəsib olurdu ki, o, həmvətənlilərinin ağlına hakim kəsilə bilirdi. Yaxşı nitq söyləmək bu qəbildən idi. Təsadüfi deyildir ki, sofistlər ritorikaya– natiqlik məharətinə üstünlük verirdilər. Tədricən «sofist» sözü «natiqlik» məharəti öyrədən müəllimi ifadə etməyə başladı. Sofistlər Qədim Yunanıstanda uzun müddət mövcud olmuşlar. Məsələn, Mark Avreliy zamanında natiqlik sənətində mahir olan iki müəllim– sofist var idi. Onlardan biri şəhər xəzinəsindən, digəri isə imperator xəzinəsindən təmin olunurdu.
Protaqor insan probleminin qnoseologiyasını dərindən işləyib araşdıran ilk yunan filosofudur. Hissi qavrayışa mühüm yer verən Protaqora görə, qavranılan şeylər və qavrayan hiss üzvləri fasiləsiz olaraq dəyişirlər. Onun fikrincə, hər şey başqaları ilə əlaqədə əmələ gəlir. Faydalı olan şey həqiqətdir. «İnsan hər şeyin ölçüsüdür»– onun fikridir. Hər şeyin dəyişməsi haqqında Heraklitin fikirlərini Protaqor inkişaf etdirmişdir. Onun çoxlu əsəri olsa da, bizə gəlib çatmamışdır. Fəlsəfənin inkişafında sofistlər mühüm rol oynamışlar. Onlar biliyə marağı artırmışlar. Nəticədə fəlsəfədə yeni dövr başlanmışdır. Bu dövrdə fəlsəfə biliyə əsaslanır. Bu dövr Sokratla başlayır, Aristotellə qurtarır.


Tarix: 09.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Fəlsəfə
loading...