Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövlanə Cəlaləddin Rumi "Gəl"

“Gəl, gəl, daha da yaxına gəl, bu çəkişmə yolunda nə vaxta qədər çəkişəcəyik? Madam ki, sən mənsən, mən də sənəm, artıq bu mənlik və sənlik nə əhəmiyyət daşıyır? Biz haqqın nuruyuq. Onun güzgüsüyük. Bu halda, özümüz özümüzlə, bir-birimizlə nə səbəbə çəkişirik? Bir işıq işıqdan nəyə görə qaçmalıdır? Biz hamımız, bütün insanlar, bir bədən kimi yetkin bir insanın varlığında vəhdət tapmış kimiyik. Lakin nə üçün belə çaşqınıq? Bir vicudun üzvləri olduğumuz halda, nə üçün varlılar yoxsullara xor baxır? Eyni bədəndə olan sağ əl, sol ələ xor baxa bilərmi? Madam ki, hər ikisi sənin əlindirsə, eyni bədəndə uğurlu və uğursuz nə məna daşıyır? Biz hamımız, bütün insanlar həqiqətdə bir cövhərik. Ağlımız da birdir, başımız da bir. Lakin qozbel fələk üzündən biri iki görürük. Artıq bu düşüncədən azad ol! Hamı ilə anlaş, hər kəslə xoş rəftar et! Sən özündə qaldıqca, bir dən, bir zərrəsən, hər kəslə birləşəndə, qaynayıb-qarışanda isə bir ümman bir mədənsən! Bütün insanlarda eyni ruh vardır, lakin bədənlər yüz minlərlədir. Buna görə də, dünyada sonsuz badam olsa da, onların hamısında eyni yağ vardır. Dünyada müxtəlif dillər və lüğətlər olsa da, hamısının mənası birdir. Müxtəlif qablara yerləşən sular, qablar sınanda birləşib bir su halında axarlar. Tövhidin nə demək olduğunu anlasan, birliyə qovuşarsan, könlündən mənasız sözü və düşüncələri çıxarıb atarsan. Qəlb gözü açıq olanlara xəbərlər göndərib, onlara həqiqətləri söyləyərsən”.


“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır!” Qurani-Kərim (surə-30, ayə-22)
“... Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər haqda sizə xəbər verəcəkdir”. Qurani-Kərim (surə-5, ayə-48)


P.S. Təəssüf ki biz fərqli ümmətlər bir-birimizə pislik etmək üzrə yarışırıq. Görəsən nə vaxt dostluğun düşmənçilikdən daha faydalı olduğunu dərk edəcəyik?


Tarix: 09.12.2014 / 13:26 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Fəlsəfə
loading...