Osmanlı İmperiyası [1] (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye [2]) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cumhuriyyət olaraq davam etmişdir.
Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Kayı boyundandır. Osmanlı mahiyyətcə əsası 1077-ci ildə Selcuqlular tərəfindən qurulan Türkiyə dövlətinin tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə ve ya turk imperiyası olaraq tanınırdı.Mündəricat
1 Tarix
1.1 Osmanlı dövlətinin yaranması
1.2 I Muradın hakimiyyəti və Balkan fəthləri
1.3 Yıldırım Bəyazidin hakimiyyəti
1.4 Osmanlının imperiyaya çevrilməsi
1.5 Osmanlının zəifləməyə başlaması
1.6 Osmanlının sonu: Cumhuriyyətə keçid
2 Əhalisi
3 Ordusu
4 Qalereya
5 Xarici keçidlər
6 İstinadlar
Tarix
Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairesi baxımından ən böyük nailiyyətidir. 622 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və XVI əsrin əvvəlllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür.
Osmanlı dövlətinin yaranması
Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı Dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazi, onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alpdır. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan Kayı əşirətinin başçısı idi. Osman bəyin atası Ərtuğrul Qazi, Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik illərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlçuklu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhəddini qorumaq və xristianlara qarşı cihad etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtugrul Bəy 1281-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına rəğmən çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı Dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman Bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman Bəy, Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.
Osman Bəydən sonra yerinə oğlu Orxan Bəy keçdi. Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və İzmiti aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu yenildi və Qarasi Bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmak istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi.
I Muradın hakimiyyəti və Balkan fəthləri
Orxan Qazi 1362-ci ildə öləndən sonra yerinə oğlu I Murad keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. I Murad qoşunu toplayaraq Ankara üzərinə hücum etdi və şəhəri geri aldı. 1363-cü ildə Çorlu və Lüləburgazı ələ keçirdi. Komandanlarından Evranos Bəy və Haci İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər yenildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi. I Murad Bursaya dönüb oğlu Bəyazidi Süleyman Şahın qızıyla evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin çehizi olaraq Osmanlılara verildi. Akşəhər, Yalvaç, Yenişəhər, Karaağac və Əğridir Həmidoğlu Hüseyin Bəydən satın alındı. 1385-ci ildə Timurtaş Paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən Avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1388-ci ilin əvvəlində I Murad Rumeliyə keçdi və iki ordu Kosovada qarşılaşdı. Xaçlı Birliyi döyüşdə yenildi, Serbiya kralı da bu döyüşdə öldürüldü. Savaşdan sonra I Murad bir Serb tərəfindən şəhid edildi.
Yıldırım Bəyazidin hakimiyyəti
Yerinə 1389-cu ildə oğlu Bəyazid keçdi. I Muradın ölümündən faydalanmaq istəyən Anadolu hakimləri Aydınoğulları, Saruxanoğulları, Gərmiyanoğulları, Məntəşəoğulları, Həmidoğulları bəylikləri Osmanlılara qarşı savaş elan etdilər. 1389-cu ildə Yıldırım Bəyazid, onların Anadoludakı hakimiyyətlərinə son qoydu. Bir il sonra isə Qaramanlılarla, Bəyşəhəri Osmanlılara vermək şərtiylə sülh bağlandı. Yıldırım Bəyazid, 1396-cı ildə İstanbulu tutdu. Bu qəlibiyyət Xaç Yürüşünə səbəb oldu. Niqboluda baş vermiş döyüş Xaçlı Birliyi məğlub oldu. Sonra İstanbulun işğalına davam edildi. Anadoluhisarı qalası tikdirildi. İstanbulun işğalını vəzir Əli Paşaya tapşıran Yıldırım, Anadoluya gedərək Konyanı Osmanlı torpaqlarına qatdı. Qazi Burxanəddinin ölkəsi və Malatya ələ geçirildi. Yıldırım Bəyazid, Anadoluda olarkən "Boucicant" komandası bir donanma ilə İstanbula köməyə gəldi. İstanbulu Türklərin işğalından qurtardı və şəhər yaxınındakı qalaları geri aldı. Yıldırım Bəyazid buna çox üzüldü. 1400-cü ildə İstanbulu yenidən işğal etdi. Bu dəfə isə Teymurun Anadoluya girməsi işğalın dayanmasına səbəb oldu. Anadoluya girən Teymur, Sivası alaraq yağmaladı. Oradan Şərqi Anadolu və Suriyaya döndü. Yıldırım ordusunu topladı və 1402-ci ildə Teymur ilə Ankarada qarşılaşdı. Döyüş Bəyazidin məğlub olunub və əsir alınması ilə nəticələndi. Osmanlıların məğlubiyyət xəbərini eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün aramsız, kilsə zənglərinin sədaları altında Teymur üçün şükranlıq duaları oxutdurmuşdu. Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliyini bərpa etdi, Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bəyazidin 4 oğlu arasında bölüşdürdü. 1403-cü ildə Yıldırım Bəyazid öldü. Onun ölümündən sonra, oğullarından Süleyman Rumelidə, İsa Çələbi Balıkəsirdə, Məhməd Çələbi Amasyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Bəyazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi. Nəticədə Çələbi Məhməd tək hökmdar vəziyyətinə gəldi.
Osmanlının imperiyaya çevrilməsi
Ancaq Çələbi Məhmədin 1421-ci ildə vəfatından sonra yerinə oğlu II Murad keçdi. Qardaşı Mustafanın üsyanını yatırdı. Bizansı işğal etdi. Venesiyalılarla döyüşdü. Eğriboza və Moraya axınlar edildi. 1430-cu ildə Saloniki venesiyalılardan alındı. Əflak və Serbiya yenidən Osmanlı Dövlətinə qatıldı. 1437-ci ildə Həmideli, Daşeli, Konya, Bəyşəhər alındı. Il Murad taxtı oğlu Məhmədə verdi. Bu isə Xaçlı Birliyinin yeni basqınlarına səbəb oldu. II Murad, Osmanlı ordusunun başına təkrar geçərək Xaçlı Birliyini Varnada məğlub etdi və yenidən padşah oldu. 1448-ci ildə bir Xaç ordusunu da Kosovada məğlub etdi. Il Murad buradan Albaniyaya səfər etdi. Akçahisar mühasirəyə alındı, amma alına bilmədi. 1451-ci ildə II Murad öləndən sonra yerinə oğlu Mehmet padşah oldu. II Mehmet, İstanbulu mühasirəyə aldı. 53 gün davam edən bir mühasirədən sonra şəhəri fəth etdi. (29 May 1453-cü ildə) Serbiya və Mora ələ keçirildi. Egey dənizində Limni, Taşoz, Midilli, İmroz və Eğriboz adaları Osmanlıların əlinə keçdi. Fatih Sultan Mehmet sonra 1461-ci ildə Trepizond imperiyasına son qoydu. Krımdakı Genuya koloniyaları ələ keçirildi. Krım Osmanlı Dövlətinə qatıldı. 1473-cü ildə Ağqoyunlulara qarşı səfərə çıxdı. Fatih Sultan Mehmet Otluqbelində Ağqoyunlu hökmdarı Uzun Həsəni tamamilə məğlub etdi. Fərat nəhrinə qədər bütün Anadolu, Osmanlıların əlinə keçdi. 1474-cü ildə Qaraman Bəyliyinə son qoyuldu. 1480-ci ildə Gədik Əhməd Paşa, İtaliyanın fəthi üçün səfərə çıxdı. Otranto qalasını ələ keçirdi. Fatehin ölümü səbəbindən İtalyanın fəthi mümkün olmadı. Fatih 1481-ci ildə Misir səfərinə çıxdı. Ancaq Gəbzədə öldü.
Yerinə oğlu II Bəyazid keçdi. Cem Sultan Bəyazid ilə mücadilə etdi. Cem Sultan Rodos döyüşçülərinə, oradan da Papaya sığındı. Neapolda 1595-ci ildə öldü. Cem Avropada olan zaman, Bəyazid önəmli səfərlərə girişməkdən çəkindi. Bəyazid zamanında Bosniya və Herseqovina Osmanlı hakimiyyətinə qatıldı. Məmlüklərlə Çukurovada 1485-ci ildə başlayan döyüşlər altı il davam etdi. Döyüşlər Tunis hökmdarının vasitəçiliyi ilə sona çatdı. Çukurovada Osmanlıarın əlinə keçirdiyi yerlər, Məkkə və Mədinəyə aid olduğundan, Misirlilərə geri verildi. Morada İnəbahtı, Modon, Koron ilə Adriatik dənizi sahillərindəki Draç limanı ələ keçirildi.
Sultan Fatih Sultan Mehmetin Bellini tarafından çəkilmiş portreti
Bəyazidin həyatının son illərində oğulları arasında səltənət çəkişməsi başladı. Yeniçərilər, qəhrəmanlığına və cəsarətinə heyran olduqları Yavuz Səlimin tərəfini tutdular. 1512-ci ildə Bəyazid, taxtı Səlimə verməyə məcbur oldu. Səlim ilə Şah İsmayıl arasında Çaldıranda baş verən döyüşdə, Şah İsmayıl məğlub oldu. Cənubi Anadolu Osmanlıların əlinə keçdi. Sonra Dulkadiroğullarının ölkəsi ilə Maraş və Əlbistan fəth edildi. Məmlüklar öncə Mərcidabikdə (1516), sonra da Ridaniyədə (1517) məğlub oldular. Suriya, Misir və Hicaz Osmanlı idarəçiliyinə keçdi. Yavuz Sultan Səlim yeni səfər üçün Ədirnəyə gedərkən Çorluda öldü (1520). Yerinə oğlu Süleyman Qanuni hökmdar oldu. Misirdə "Canbçatdı üsyanı" yatırıldı. Belqrad və Rodos Osmanlı torpaqlarına qatıldı. 1526-cı ildə Mohaçda baş verən döyüşdə Macar ordusu məğlub edildi. Macarıstan Osmanlı Dövlətinə bağlı bir krallığa çevrildi. 1529-cu ildə Vyana şəhəri mühasirəyə alındı. Ancaq şəhəri almaq mümkün olmadı. Osmanlı ordusunun çəkilməsindən sonra, Avstriyalılar Budanı təkrar almağa cəhd etdiklərinə görə Qanuni Süleyman 1532-ci ildə Almaniya səfərinə çıxdı. Avstriya torpaqları yağmalandı. Avstriyalılar ilə 1533-cü ildə sülh bağlandı. Sədrəzəm İbrahim Paşa İrana göndərildi. Sonra özü də oraya hərəkət etdi. Təbriz və Bağdad alındı. Bundan sonra Aralıq dənizi səfərləri başladı. Venesiyaya qarşı müharibə elan edildi. Qanuni qurudan, Xeyrəddin Barbaros isə dənizdən hərəkət etdi. 1537-ci ildə Korfu adası mühasirəyə alındı, ancaq alına bilmədən geri dönüldü.
Bir il sonra da Barbaros Prəvəzədə, Xristiyan donanmasına qalib gələrək Osmanlı İmperiyasının Aralıq dənizi hakimiyyətini saxladı. Bu zaman Misir valisi Hadim Süleyman Paşa Hind Okeanında portuqallarla döyüşdü. 1540-cı ildə Macarıstan bir türk əyaləti həddinə gətirildi. 1543-cü ildə Barbaros Hayrəddin Paşa, Fransa kralı I. Françoisə yardım etdiyinə görə vəzifələndirildi. Barbaros, Osmanlı donanmasına qatılan Fransız donanmasıyla birlikdə, Nisi bombardman etdi. Bu arada Qanuni də Əstərgon qalasını aldı. Ertəsi ildə İran üzərinə hücuma keçdi. Şah Təhmasib, padşahın qarşısına çıxmağa cəsarət eləmədiyi üçün, bir çox qala alındı. 1552-ci ildə Şah Təhmasib yenidən saldırdı. Osmanlı ordusu, Naxçıvana qədər irəlilədi. Sonra geri döndü. Şahın elçisi gələrək barışmaq istədi. Azərbaycan, Cənubi Anadolu, İraq Osmanlılarda qaldı. Qanuni 1566-ci ildə Zigətvar qalasını almaq üçün yola çıxdı. İşğal davam etdiyi zaman öldü. Ölümündən qısa bir zaman sonra da qala alındı. Yerinə oğlu Səlim keçdi. Səlim zamanında Kipr adası ələ keçirildi (1570). Osmanlı donanmasının böyük bir hissəsi, İnəbahtidə Xaç Birliyi tərəfindəni yox edildi. II Səlim 1574-cü ildə vəfat edincə, yerinə oğlu III Murad keçdi. Sokullu Məhməd Paşa sədrəzəmlıqda buraxıldı. İranla 12 il davam edən döyüşlər, Osmanlıların üstünlüyü ilə sona çatdı. 1590-cı ildə İstanbul anlaşması imzalandı. Təbriz, Qarabağ, Gəncə, Qars, Tiflis, Şəhərizor, Nihavənd, Luristan Osmanlı hakimiyyətinə keçdi. Osmanlı-Avstriya müharibəsi yenidən başladı və Osmanlı dövlətinə bağlı olan Ərdəl kralıyla, Əflak və Bogdan voyvodaları da Avstriya İmperatoru Rudolf ilə birləşərək, Osmanlı Dövlətinə üsyan etdilər.
Bu döyüşlər sırasında III Murad öldü. Yerinə oğlu Mehmet keçdi (1595). Bir il sonra Əgri qalası alındı. Haçovada Avstriya ordusu məğlub edildi. Bundan sonra Kanijə qalası alındı. 1601-ci ildə Avstriyalıların qalanı geri almaq üçün elədikləri hücumlar, Tiryaki Hasan Paşanın uğurlu müdafiəsi qarşısında bir nəticə vermədi. Sonra Əstərgon qalası alındı. Ərdəl, Əflâk və Bogdan təkrar Osmanlılara qatıldı. 1606-cı ildə Avstriya ilə Zitvatoruk anlaşması imzalandı. Egri, Kanijə, Uyvar Osmanlılara keçdi. Avstriya döyüşü davam edərkən III Məhməd öldü. Yerinə oğlu I Əhməd keçdi. 1603-cü ildə Osmanlılar Avstriya döyüşləri ilə məşğul ikən, İran Şahı Osmanlı torpaqlarına hücum etdi. İran döyüşlərinin bu ikinci hissəsində İstanbulda imzalanan bir anlaşma ilə son verildi. İranlılar hər il Osmanlılara iki yüz yük ipək verməyi qabul etdilər. Şah Abbas 200 yük ipəyi verməyincə, İrana təkrar döyüş başlandı. Bu dəfə bir uğur əldə edilmədi. 1618-ci ildə imzalanan yeni bir anlaşma ilə döyüşlərə son verildi. Bu arada Anadoluda Cəlali üsyanları başladı. Osmanlı Dövləti zəifləməyə başladı. Əsgəri uğurlar azaldı. Karayamcı, Dəli Hasan, Tavil Əhməd, Qələndəroğlu, Canbuladoğlu kimi Cəlali rəisləri, illərlə mərkəz idarəyə və qapıqulu əsgərlərinə qarşı döyüşdülər. Bu üsyanlar Kuyucu Murad Paşa zamanında yatırıldı. I Əhməddən sonra taxta geçən I Mustafa xəstə idi. Bu səbəbdən taxtdan endirildi. Yerinə Il Osman padşah oldu. Il Osman zamanında Reç Pospolita kazaklarının Osmanlı torpaqlarına saldırıları nəticəsində meydana gələn döyüşə II Osman da qatıldı. II Osman bu döyüşdə yeniçərilərin nizam-intizamsızlığını gördü və onları ortadan qaldırmağa, yeni bir əsgəri təşkilat qurmağa qərar verdi. Yeniçərilər üsyan etdilər.
1622-ci ildə II Osman taxtdan endirildi və öldürüldü. Yerinə ikinci dəfə I Mustafa gətirildi. I Mustafa qısa bir zaman sonra taxtdan endirilərək yerinə IV Murad padşah oldu. İranla döyüş yenidən başladı. 1624-cü ildə Bağdad İranlılar tərəfindən ələ keçirildi. Anadoluda Abaza Məhməd Paşa üsyanı, İstanbulda isə Qapıqulu ocaqlarının üsyanı başladı. IV Murad bir nizam-intizam yaratdı və qanlı təmizlik hərəkətləriylə asayişi yenidən sağladı. Dövlət nizamına bir çəkidüzən verdikdən sonra, birinci İran səfərinə çıxdı. İrəvanı İranlılardan geri aldı. İkinci İran səfərində də Bağdadı ələ keçirdi. IV Murad 1640-cı ildə öləndən sonra, yerinə qardaşı İbrahim keçdi. 1645-ci ildə başlayan Girid döyüşündə, Xanya qalası alınmaqla birlikdə adanın böyük bir hissəsi venesiyalılarda qaldı. Venesiyalılar donanmalarıyla Osmanlı sahillərinə hücum etdilər. Bu arada Sultan İbrahim taxtdan endirildi, yerinə oğlu IV Məhməd keçdi. İstanbulda Qapıqulu ocaqları, Anadoluda Cəlali üsyanları və Giriddə torpaq itkiləri davam etdi. 1656-cı ildə Köprülü Məhməd Paşa sədrəzəm oldu. Köprülü Məhməd Paşa, IV Murad dövründəki kimi Osmanlı Dövlətinə əvvəlki qüdrətini qazandırdı. İstanbulda dövlətə qarşı çıxanlar təmizləndi. Venesiyalılar üzərinə gedildi. Venesiya donanması məğlub edilərək adalar geri alındı. Sonra Osmanlı Dövlətinə üsyan etmiş olan Ərdəl kralı üstünə bir səfər edildi. Yanova qalası və daha bəzi qalalar alındı. Abaza Hasan Paşa üsyanı yatırıldı. 1661-ci ildə Köprülü Məhməd Paşanın ölümündən sonra yerinə oğlu Fazil Əhməd Paşa sədrəzəm oldu. Avstriyaya döyüş açıldı və Köprülü Fazil Əhməd Paşa, "Sərdarı-əkrəm" təyin edildi. Uyvar ələ keçirildi. 1664-cü ildə Zərinvar qalası alındı. Fazil Əhməd Paşa sonra Giridə hərəkət etdi. Kandiyə qalası ələ keçirildi (1669). Bəzi kiçik qalalar venesiyalılarda qalmaq şərtiylə Girid adası Osmanlı Dövlətinə keçdi. Kazaklara saldıran Reç Pospolitaya qarşı bir səfər edildi. Kamaniçə qalası ələ keçirildi. Fazil Əhməd Paşa 1676-cı ildə öldü və yerinə Qara Mustafa Paşa sədrəzəm oldu. Rusların əlinə keçmiş olan Çəhrin qalası geri alındı.
Osmanlının zəifləməyə başlaması
Türk yeniçəriləri
1683-ci ildə Avstriyaya döyüş elan edildi. Vyana ikinci dəfə mühasirəyə alındı. Krım Xanının xəyanəti üzündən, Vyananın yardımına gələn Reç Pospolita kralı Osmanlı ordusunu məğlub etdi. Avstriya, Venesiya və Reç Pospolita Osmanlı Dövlətinə qarşı birləşdi. Daha sonra bu ittifaqa Rusiya da qatıldı. Osmanlı Dövləti məğlub oldu. 1699-cu ildə imzalanan Karloviça anlaşması ilə Tameşvar xaricində qalan bütün Macarıstan Avstriyaya, Mora Venesiyaya, Podolya və Kamaniçe Reç Pospolitaya, Azov qalası də İstanbul anlaşmasıyla Rusiyaya verildi (1700). Sabitlik yenidən pozuldu. İstanbulda və Anadoluda birçox üsyan çıxdı. IV Məhməd taxtdan endirildi. Karlofça və İstanbul Anlaşmalarıyla baş vermiş itkilərin unudulması üçün təşəbbüsə kəçildi. İsveç kralının Osmanlı torpaqlarına sığınması və yardım istəməsi səbəbiylə 1710-ci ildə Osmanlı Dövləti, Rusiyaya döyüş elan etdi. Sədrəzəm Baltacı Məhməd Paşa tabeçiliyindəki Osmanlı Ordusu Prutda Rus ordusunu məğlub etdi. Döyüşdən sonra bağlanan Prut Anlaşmasıyla (1711) İstanbul Anlaşmasına görə Ruslara verilmiş olan yerlər geri alındı. Sonra Venesiyaya döyüş elan edildi (1714). Karloviça Anlaşmasıyla Venesiyaya keçmiş olan Mora və digər adalar geri alındı. 1716-cı ildə Avstriya ilə döyüş başladı və böyük itkilər verildi.
Avstriyalılar Temaşvarı və Belqradı ələ keçirdilər. 1718-ci ildə Paşarofça Anlaşmasıyla döyüşlərə son verildi. Sonra Lalə Dövri başladı. (1718-1730). Mətbəə də bu dövrdə açıldı. 1723-ci ildə başlayan İran döyüşlərində, Qafqazda və İraqda sərhəd olan İran torpaqlarında önəmli yerlər Osmanlı ordusunca ələ keçirildi. Döyüşə 1727-ci ildə Həmədan Anlaşmasıyla son verildi. II Şah Təhmasib taxta keçincə, Osmanlılara geçən Həmədan və Təbrizi geri aldı. İstanbulda Patrona Üsyanı çıxdı. İbrahim Paşa öldürüldü. III Əhməd taxtdan endirildi. Yeni padşah I Mahmud zamanında da döyüşlərə davam edildi. Bu sırada Ruslar Azov qalasını aldılar və Kırımı isti1a etdilər. Kırım şəhərlərindən Bahçəsaray, Ağməscid, Gözləvə Ruslar tərəfindən dağıdıldı. Avstriya da Osmanlı Dövlətinə qarşı döyüş elan etdi. Osmanlı quvvətləri bu döyüşlər sırasında, xüsusilə Avstriya cəbhəsində düşmənlə uğurla döyüşdü. 1790-cu ildə Belqrad Anlaşması ilə, Belqrad və Səməndirə təkrar Osmanlılara keçdi. Avstriya ilə sülh imzalanmasından sonra Rusiya da sülh istədi. Anlaşmaya görə; Azak Qalası dağıdıldı və hər iki Dövlətin ərazisindən çıxdı. Rusiyanın Qaradəniz və Azov dənizində döyüş və ticarət gəmisi saxlamayacağı qəbul edildi. Fransaya böyük imtiyazlar verildi. Osmanlı Dövləti ilə İran arasında yenidən döyüş başladı (1742). Bu döyüşlər Osmanlı Dövlətinin qalibiyyəti ilə sona çatdı. 1768-ci ildə Rusiya ilə yeni bir döyüş başladı. Osmanlı orduları ağır itkilərə uğradı. Kırım, Əflak, Bogdan Ruslar tərəfindən istila edildi. Mora Rumları Osmanlı Dövləti ələyhinə qaldırıldı. Çeşmədəki Osmanlı donanması, Rus donanması tərəfindən məğlub edildi.
1774-cü ildə bu döyüşlər Kiçik Kaynarca Anlaşması i1ə sona çatdı. Bu anlaşmaya görə Kırım Osmanlı Dövlətindən ayrılır, Aqsu ırmağı iki dövlət arasında sərhəd olur, Qafqazda da bir hissə torpaq Ruslara verilirdi. Bu illərdə yenə Akkada və Ərəbistanda üsyanlar başladı. 1783-cü ildə Ruslar Kırımı tamamən aldılar. Bu arada Osmanlı Dövlətində əsgəri islahatlara başlanıldı. Mühəndisxanəyi-Bahri Hümayun açıldı. 1787-ci ildə Kırımın yenidən alınması üçün Rusiyaya döyüş elan edildi. Avstriya da dərhal Rusiyaya yardım eləməyə başladı. Osmanlı orduları iki cəbhədə döyüşmək məcburiyyətində qaldı. Avstriyaya qarşı müharibə uğurla sona yetdi. Ancaq Rusiya qarşısında döyüşlər uğursuzluqla sona çatdı. Fransız devrimi və Osmanlı Prusiya Anlaşması, Avstriyanı döyüşü dayandırmaq məcburiyyətində qoydu. Avstriya ilə Zistovi Anlaşmasi imzalandı. Anlaşmaya görə Avstriya Osmanlılardan aldığı torpaqları geri verdi. 1792-ci ildə Osmanlı Rus döyüşü Yas Anlaşması ilə sona çatdı. Rusiya da döyüşlər sırasında işğal etmiş olduğu qala və şəhərləri geri verdi. Osmanlı Dövləti Kırımı almaq istəyindən vaz keçdi. Bu döyüşlər davam edərkən, Osmanlı taxtına Ill Səlim keçdi. Səlim şahzadəliyi və padşahlığı dönəmindəki iki böyük döyüşdə, Osmanlı ordularının Avropa dövlətlərinin ordularına görə geri qaldığını gördü. Yeniçəri Ocağından ayrı, "Nizami-Cədid" adında yeni bir ordu qurdu. Yeniçəri Ocağı, Topçu ocağı, Humbaracı ocağı və Timarlı Sipahilər ilə donanma yenidən quruldu. London, Paris, Vyana, Berlin kimi Avropanın böyük paytaxtlarında davamlı elçiliklər quruldu.
1789-cu ildə Misir Fransanın hücumlarına məruz qaldı. Misir asanlıqla Fransızlar tərəfindəni işğal edildi. Bu işğal qarşısında Osmanlı Dövləti öncə Rusiya, sonra da İngiltərə ilə, Fransaya qarşı anlaşdı. Fransızlar tərəfindəni işğal edilmiş olan adalar geri alındı. 1799-cu ildə Napolyon, Suriyanı almaq üçün Akka Qalasını mühasirəyə aldı. Ancaq məğlub olaraq Misirə geri çəkildi. Bundan sonra da Osmanlı İngilis quvvətlərinə qarşı mübarizə apara bilmədi. Misiri boşaltdı. 1806-cı ildə Ruslar Əflak-Bogdana hücum etdilər. İngiltərə Osmanlı Dövlətini Rusiya ilə sülhə məcbur etmək üçün, donanmasını Çanakqala Boğazından geçirərək İstanbul qarşısına gətirdi. Ancaq bu hədə-qorxu bir nəticə vermədi. İngilis donanması geri çəkilmək məcburiyyətində qaldı. İngilislər Misirə getdi. Rus donanması da Bozca-adasını ələ keçirdi. Bu sırada İstanbulda Kabakçı Üsyanı qalxdı. Ill Səlim taxtdan endirildi və öldürüldü. Yerinə IV Mustafa keçdi. Ancaq Aləmdar Mustafa, IV Mustafanı taxtdan endirərək, yerinə II Mahmudu keçirdi. Özü də sədrəzəm oldu. Yeni bir ordu quruldu və adına "Səkbani-Cədid" deyildi. Yeniçərilər Babialiyə hücum çəkərək, Aləmdar Mustafanı öldürdülər (1808). Asilər bu arada II Mahmudu taxtdan endirərək yerinə IV Mustafanı padşah etmək istədilər.
Ancaq II Mahmud qardaşı IV Mustafanı öldürtdü. Səkbani-Cədid də aradan qaldırıldı. Bu zaman Osmanlı-Rus döyüşü davam edirdi. Rusçuk, Yergöyü və Niğboluyu alan Ruslar Lofçaya hücum etdilər. Döyüşə 1812-ci ildə Bükrəş Anlaşması ilə son verildi. Prut çayı iki dövlət arasında sərhəd qəbul edildi. Anadolu sərhədi də dəyişmədi. Əflak, Bogdan Osmanlı Dövlətinə geri verildi. Morada Rumlar ayağa qalxdı. Bütün Mora asilərin əlinə keçdi. Mora və Girid əyalətləri Məhməd Əli Paşaya verildi. Morada asilərin əlinə keçmiş olan şəhər və qəsəbələr geri alındı. Buna İngiltərə, Rusiya və Fransa etiraz etdilər. 1827-ci ildə bu üç dövlət Navarində Osmanlı-Misir donanmasını yandırdı. Rusiya da döyüş elân etdi. Ruslar Əflak və Bogdanı aldı. Kalas, İbrail, İsakçı, Tolçı, Maçin və Silistrə qalalarını ələ keçirdilər və Ədirnəyə qədər irəlilədilər. Şərqi Anadoluda da Ərzuruma qədər gəldilər. 1829-cu ildə Ədirnə Anlaşması imzalandı. Şərqi Anadoluda Anapa, Poti, Ahıska Ruslara verildi. Rumelində işğal edilən yerlər Osmanlılara geri verildi. 1830-cu ildə Osmanlı Dövləti, müstəqil bir yunan dövlətinin qurulmasını da qəbul etdi. Cəzayir Fransa tərəfindən işğal edildi. Misir valisi Məhməd Əli Paşa da üsyan etdi. Misir ordusu Kütahyaya qədər irəlilədi. Məhməd Əli Paşaya qarşı Il. Mahmud Rusiyadan yardım istədi. 1833-cü ildə Kütahya sülhü imzalandı. Bu sülhə görə: Suriya vəliəhdliyi Məhməd Əli Paşaya, Adana vəliəhdliyi də İbrahim Paşaya verildi.
1839-cu ildə Misirlə yenidən döyüş başladı. Nizipdə Osmanlı ordusu məğlub oldu. Bu arada II Mahmud öldü. Yerinə oğlu Abdülməcid keçdi. Avropa dövlətləri, Məhməd Əli Paşaya çox təzyiq etdilər. Suriya vəliəhdliyini tərk etdirdilər. Boğazlar 1841-ci ildə bütün döyüş gəmilərinə bağlandı. 1839-cu ildə Tənzimat Fərmanı elan edildi və bu fərman birçox yeniliklər gətirdi. Beləliklə Osmanlı İmparatorluğunda Tənzimat Dövrü başladı. Bu arada Livan məsələsi ortaya çıxdı. 1846-cı ildə Livan Fransanın müdaxiləsi ilə ikili idarəetmə halına gətirildi. Yenə bu aralarda Əflak və Bogdanda ixtilaflar çıxdı. Osmanlı Dövləti bu hərəkətləri Rusiyanın köməkliyi ilə yatırdı. Avstriyaya üsyan edərək, Osmanlı Dövlətinə sığınan Macar mültəcilər, Avstriya və Rusiyanın bütün basqılarına rəğmən, onlara təslim edilmədi. 1853-cü ildə Kırım döyüşü başladı. Osmanlı Dövləti Tuna boyunda tək başına, Kırımda isə Fransa və İngiltərə ilə birləşərək, Rusiyaya qarşı döyüşdü. 1856-cı ildə Paris Anlaşmasıyla döyüş sona çatdı. 1860-cı ildə Fransa birlikləri Livana və Suriyaya köməyə gəldi. Livan üçün yeni bir nizamnamə hazırlandı. Bu arada Abdülməcid öldü və yerinə Abdüləziz keçdi, onun taxta geçməsindən sonra, Balkan yarmadasında yeni qarışılıqlar yarandı. Osmanlı Dövləti, Balkanların istəklərini qəbul etmədi və üsyan yatırıldı. Üsyanın yatırılmasından sonra Giridde yenidən narazılıqlar çıxdı. 1868-ci ildə bir fərmanla Giridde yeni qayda elan edildi.
Osmanlının sonu: Cumhuriyyətə keçid
1876-cı ildə Əbduləziz taxtdan endirilərək, yerinə V Murad keçirildi. V Muradın ruhi xəstəlikləri vardı. 90 gün sonra onun da yerinə II Əbdülhəmid keçdi. Serbiya Osmanlı Dövlətinə qarşı müharibə elan etdi. Sonra Monteneqro da bu müharibədə Serbiyaya qatıldı. Osmanlı orduları, Abdülkərim Nadir Paşa və Muxtar Paşa ordusundakı, Serbiya və Qaradağ ordularını məğlub etdilər. Serb ordusu, Cərnayəvin istəyi ilə Prins Milanı kral elan edərək, döyüşə yenidən başladı. Osmanlı ordusu, Serbləri təkrar məğlub etdi. Osmanlı Dövləti, Rusiyanin istəyinə əsasən döyüşləri dayandırdı. 23 dekabr 1876-cı ildə İstanbulda konfrans başladı. Həmin gün, Osmanlı Dövləti I Məsrutiyət elan etdi. Konfrans bir qərar qəbul etmədən dağıldı. Sonra 1877-1878-ci illər Osmanlı Rus döyüşü başladı. Döyüşlər, Balkanlarda və Anadolu cəbhəsində aparılırdı. Ruslar, Ayastefanos və Ərzuruma qədər irəlilədilər.
Öncə Ayastefanos, sonra da Berlin Anlaşmaları imzalandı. Abdülhəmid Xan, Məclis-i Məbusani dağıdaraq idarəçiliyi əlinə aldı. Berlin Konqresi başlamamışdan öncə də İngiltərə Kipri işğal etdi. Avstriya Bosniya-Hersoqovinanı, Fransa Tunisi, İngiltərə də Misiri aldı. Cənubi Rumeli əyaləti də Bolgarıstana qatıldı (1885). Albay Bassos Ordusunda 10.000 yunan, Giridə hücuma keçdi. Girid müsəlmanları öldürülməyə başlandı. 1891-ci ildə Albay Bassos, adanı Yunan kralı adından ələ keçirdiyini elan etdi. Yunanıstan Rumeli sərhəddindən Osmanlıya hücum etdi və cavab olaraq Osmanlı Dövləti Yunanıstana qarşı müharibəyə başladı. Ədhəm Paşanın rəhbərliyi altında olan Osmanlı ordusu bir çox döyüşdə Yunan ordularını məğlub etdi. Yunanıstan sülh istəmək məcburiyyətində qaldı və 1897-ci ildə İstanbul Sülhü imzalandı. Bir müddət sonra Girid də Osmanlı Dövlətindən ayrılmış oldu. Makedoniyada 1902-ci ildə etirazlar başladı. II Abdülhəmid Xan, Hüseyin Hilmi Paşanı Saloniki, Manastır və Kosova müfəttişi təyin etdi. 1908-ci ildə Məşrutiyət yenidən elan edildi. Çox keçmədən də II Abdülhəmid Xan taxtdan endirildi. Bu isə Osmanlı İmparatorluğunun yıxılması üçün atılan son addım oldu. İtaliya, Trablusqara hücum etdi. Oniki ada İtalyan donanması tərəfindən işğal edildi.
Trablusqar və Oniki-ada İtaliyaya verildi. Osmanlı orduları, dörd Balkan dövləti qarşısında məğlubiyyətə uğradı. Balkan dövlətləri Çatalcaya qədər gəldilər. 30 May 1913-cü ildə Londonda imzalanan anlaşmaya görə; Midya-Ənəz xətti Osmanlı Dövlətinin sərhəddi oldu. Ədirnə, Bolqarıstanda qaldı. Girid də əldən çıxdı. Bir müddət sonra Osmanlı Dövləti, Kırklareli və Ədirnəni geri aldı. Balkan döyüşlərindan sonra, I Dünya Müharibəsi başladı. Osmanlı Dövləti, Almaniyanın tərəfində Fransa, İngiltərə və Rusiyaya qarşı döyüşə başladı (11 noyabr 1914). Döyüş 4 il davam etdi. Anadoluda Ruslara, İraq, Suriya, Fələstin və Misirdə İngilislərə qarşı döyüşdü. Almaniya, Avstriya və Bolgarıstan ilə birlikdə Osmanlı Dövləti də, İngiltərə-Fransa qarşısında məğlub oldu. 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalanaraq döyüşlərə son verildi. Bu arada V Mehmed Rəşad öldü və yerinə VI Mehmed Vahideddin sultan oldu. Bu zaman düşmənlər İstanbula soxuldu. Qars erməni hərbi dəstələri, Ərdahan gürcü hərbi dəstələri, Antalya İtaliya, İzmir Yunanıstan, Urfa, Antep, Maraş və Adana Fransa tərəfindən işğal edildi. İstanbuldakı Məclisi Məhbusan ( Osmanli parlamentinin aşağı palatası) Missaki Milli (Milli And) aktını qəbul edərək dövlətin bütövlüyünün milli hüdüdlar çərçivəsində toxunulmaz olduğunu bəyan etdi. Sevr muqaviləsinin ratifikasiyasını rədd eden parlament üzvlərinin həbsini qərara alan Britaniya işğal rejimi kütləvi tədbirlərə əl atmağa başladığı anda Məclis üzvləri Anadoluya keçərək, mübarizəyə Mustafa Kamal Paşanın öndərliyində Ankaradan davam etdilər. 23 aprel 1920-ci ildə Böyük Millət Məclisi toplandı. Əldə qalan torpaqların müdafiəsi və qorunmasını Məclis öz üzərinə götürdü. TBMM yeni dövlət yaratmaq məqsədi ilə yaradılmamışdı, İstanbuldakı şərtlərin uyğunsuzluğu səbəbindən Anadoluya keçən Məclis üzvlərinin formalaşdırdığı Ankara parlamenti simvolik anlamda sultanın, real kontekstde millətin maraqlarının müdafiəsini həyata keçirən qurum idi. 1921-ci il Konstitusiyası Sultan barədə heç bir müddəa nəzərdə tutmasa da, hüquqi baxımdan siyasi sistemdə monarxın qalma ehtimalını tam istisna etmirdi. Lakin Mustafa Kamal hakimiyyətin bütün ünsürləri üzərində nəzarətə sahib olduqdan sonra, mərhələli əsasda konstitusiyalı monarxiyadan cumhuriyyətə keçid prosesini surətləndirdi. 1 oktyabr 1922-ci il tarixində TBMM səltənəti qalıdırmaqla padşahlığı ləğv etdi. Yalnız xəlifə ünvanını saxlayan Osmanlı ailəsinin rəisi bu ünvandan 1924-cü ildə məhrum edildi. 1922-ci ildə TBMM tərəfindən təyin edilən və formal əsasda belə heç bir siyasi hakimiyyəti olmayan Xəlifə II Əbdülməcidin dini hakimiyyəti iki il sonra parlament qərarı ilə ləğv edildi, Osmanlı Xanədanının bütün üzvlərinin ölkədən xaric edilməsi haqqında qanun çıxarıldı və Osmanlı sultan ailəsinin bütün üzvləri Türkiyə dövlətini tərk etdilər. Osmanlıların səltənəti bir tək sülalədən gələn tarixin ən uzun ömürlü səltənəti olmuşdur.
Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1516-cı ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır. Ancaq o da həqiqətdir ki, xəlifəlik və ya səltənət II Əbdülhəmidin taxtdan endirilməsi ilə təsirini tamamən itirmiş bir hala gəlmişdi. Bu vəziyyəti nəzərə alsaq, Osmanlıların xəlifəliyi 393 il davam etmişdir və II Əbdülhəmid ilə sona çatmışdır. II Əbdülhəmid, Həzrəti Əbü Bəkrdən sonra 98-ci xəlifə, bu gün son xəlifə olaraq bildiyimiz Abdülməcid isə 101-ci xəlifədir.
Əhalisi
Qeyri-Avropa dünyasının bütün hissələrindən Avropaya ən yaxın olanı Osmanlı imperiyası idi və bu imperiya ilə avropalılar əsrlər ərzində yaxın əlaqələrdə olmuşdular. İmperiya ümumiyyətlə Avropa dövlətinə bənzəmirdi. Ölçülərinə görə nəhəng olan bu imperiya dini icmaların toplumundan ibarət idi. Onun əhalisinin əksəriyyəti müsəlman idi, özü də bura həm ortodoks müsəlmanlar, həm də Druz və Vəhhabi məzhəbləri daxil idi. Bir hissəsi daim Yaxın Şərqdə yaşayan yəhudilər, həmçinin çoxusu yunanlar, ermənilər, Suriyada yaşayan ərəblərin bir hissəsi və maronitlər olan xristianlar da imperiyada yaşayırdı. Türklər idarə edən sinif idi və yalnız türklər və ya digər müsəlmanlar orduda xidmət edə bilərdi. Müsəlman olmayanlar raya, "naxır" və ya "sürü" kimi tanınırdı, onlar vergiləri ödəyirdilər. Hər kəs türkə çevrilə bilərdi. Burada din və ya irqlə heç bir əlaqə yox idi. Bosforun Avropa tərəfindəki keçmiş xristianların çoxu islama keçmiş və ağalıq edən türklərin dilini, geyimini və mədəniyyətini qəbul etmişdi. Müxtəlif dinə sahib olan insanlar çiyin-çiyinə, onların hər biri öz dini qruplarının qanunları, məhkəmələri və adətləri altında yaşayırdılar. Din xadimləri patriarxlar, yepiskoplar, rabbilər, imamlar, üləmalar öz adamları üçün türk höküməti qarşısında cavabdeh idilər, çünki bu adamların üzərində onlar xeyli hakimiyyətə malik idilər.
Qərbi avropalılar öz xüsusi hüquqlarına malik idilər. Roma katolik din xadimləri əsasən Fələstində yaşasa da, dində Papaya, dünyavi hamiyəyə görə isə Fransaya baxırdılar. Qərb tacirləri "kapitulyasiya"dan və ya Osmanlı İmperiyasının XVI əsrdən başlayaraq bir sıra müqavilələrlə verdiyi xüsusi hüquqlardan istifadə edirdilər. Kapitulyasiyaya tabe olanlardan idxal edilmiş mallar üçün Türkiyə 8%-dən çox tarif ala bilməzdi. Avropalılar vergilərin çoxundan azad olunmuşdular. İki avropalı arasında olan mülki mübahisə və ya cinayət hadisəsi yalnız avropalı konsulun apardığı məhkəmədə, Avropa qanunları altında həll edilə bilərdi. Avropalı ilə Osmanlı təbəəsi arasındakı mübahisə türk məhkəmələrində yoluna qoyulurdu, ancaq bu məhkəmədə hökmən avropalı müşahidəçi iştirak etməli idi.
Ordusu
Osmanlı dönəmində də Səlcuqluların ənənələrinə sadiq qalınaraq, ordunun dövlətin siyasi sütünunu təşkil edən türklərdən qurulması xətti yürüdüldü. Əslən türk olmayan yeniçərilərə gəlincə isə, onların türk-islam kimliyinə qovuşduqlarını nəzərə alsaq, ordunun monolitliyinin pozulmamasını yəqinləşdirmək olar. Osmanlı qoşunlarının əsas hissəsi sipahi adlandırılan atlı feodal qoşunlarından ibarət idi. Bu qoşun hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarətdir. Sultanın daimi piyada qüvvələri isə yeniçəri adlanırdı. Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü sultan hakimiyyətinə ehtiyacı var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi.
Tarix: 03.03.2013 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1462 Bölmə: Dunya ve tarixi