Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Naxçıvani

Məhəmməd Naxçıvani – mənşəcə Azərbaycan türklərindən olan məşhur tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Mündəricat
1 Haqqında
2 Xarici keçidlər
3 Mənbə
4 Həmçinin bax


Haqqında

Məşhur ictimai-siyasi xadim və dilçi-alim Hinduşah Naxçivaninin oğlu görkəmli alim və siyasi xadim Məhəmməd ibn Hinduşah Naxçivani XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamışdır. Atası kimi o da yaxşı təhsil almışdı, Azərbaycan, fars və ərəb dillərini kamil bilirdi. Qələmindən bir neçə dəyərli əsər çıxdıqdan sonra onu Təbrizə, Elxanilərin sarayına dəvət edirlər və o, burada münşi (katib) vəzifəsində uzun müddət əsasən maliyyə məsələlərin üzrə çalışır. Onun alim kimi nüfuzunu və öz sahəsindəki böyük xidmətlərini nəzərə alaraq ona Şəms-i Münşi ən-Naxçıvani (Naxçıvandan olan münşilərin günəşi) ləğəbi verilmişdir.

Sarayda o Elxani Əbu Səidin (1316-1335), daha sonra isə Arpa xanın (1335-1336) vəziri, görkəmli islahatçı, siyasi xadim və tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu Qiyas əd-Din Rəşidi ilə dostluq edir. 1327-1328-ci ildə yazdığı Sihahü-l fürs lüğətini də məhz ona itihaf edir.

Fars dilinin bu izahlı lüğətini tərtib etdikdən sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə Elxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Sifariş çox ciddi olduğundan iş ləngiyir. Nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmirlər. Məhəmməd bu əsəri 1360-cı ildə bitirir, lakin alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyi üçün daha 6 il əsəri redaktə edir və onun üzərində işləyir.

Nəhayət, 1366-cı ildə aprelin 6-da həmin iri həcmli əsərini tamamlayaraq, onu Dəstur əl-katib fi təyin əl məratib (Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait) adlandırır. Əsəri Elxinlərdən sonra Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan Şeyx Üveysə həsr edir.

Orta əsrlərin elm və dövlət xadimləri həmin əsəri yüksək qiymətləndirmişlər və bu da Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirmişdir.Vaxt keçdikcə bu cür əsərlər yaranmamış, həmçinin müharibələr zamanı bir çox dövlət arxivləri məhv olunmuşdur. Məhz bu səbəbdən əsərin dəyəri da artmış və bütün dünyada məşhur olan siyasətçi və islahatçı alimlər Nizam əl-Mülkün Siyasətnaməsini və Rəşid əd-Dinin Came ət-Təvarixi ilə bərabər tuturlar.

Məhəmməd Naxçıvaninin həmin vəsaiti Elxanilər dövründə Azərbaycan dövlət quruluşu və ictimai-siyasi həyatının müxtəlif sahələrini əks etdirən nadir ensiklopedik əsərdir. Burada vergi qoyulmasının iqtisadi-hüquqi normaları, torpaq üzərində və digər mülkiyyət məsələləri, məhkəmə və pul dövriyyəsinin müxtəlif problemləri öz əksini tapıb. Bundan başqa əsərdə din, dinlə dövlətin qarşılıqlı münasibətləri, fəlsəfə və cərayanlar, mədəniyyət, ticarət, sənətkarlıq və incəsənət, hətta xəttatlıq alətlərindən istifadə məsələlərinə dair suallara da cavab tapmaq mümkündür.

Kitab bir çox dillərə tərcümə edilmiş və nəşr olunmuşdur. Əsərin Bakı nəşri Məhəmməd Naxçıvaninin tədqiq və təbliği üçün böyük əmək sərf etmiş akademik Ə.Əlizadə tərəfindən hazırlanmışdır. Əlizadə ona geniş şərh də vermişdir.

Məhəmməd Naxçıvani qələmindən çıxan başqa bir əsər-fars dilinin izahlı lüğəti olan Sihahül-fürs də az əhəmiyyət kəsb etmir, baxmayaraq ki, həmin lüğət son vaxtlara qədər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. İndi artıq lüğətin müəllifliyi ilə əlaqədar mübahisələr həll olunmuş və onun fars leksikoqrafiyası tarixindəki əhəmiyyət yüksək qiymətləndirilər. Bir çox araşdırıcılar bu nəticəyə gəlmişlər ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində aparıcı rol Azərbaycan türklərinə məxsus olmuşdur.

Müasir tədqiqatçılar həm orijinallığına, həm həcminə, həm də materialın əhatə dairəsinə görə Naxçıvaninin bu əsərini Qətran Təbrizinin izahlı lüğəti ilə tən tuturlar.

Burada oxucu fars dilinin fonetika, qrammatika və toponimikasına dair geniş məlumat tapa bilər, həmçinin elə şairlərdən nümunələr gətirilir ki, onların adları orta əsrlərin salnamə və müntaxabatlarında çətin rast gələ bilər.

Məhəmməd Naxçıvaninin əlyazmaları dünyanın bir çox kitabxanalarında saxlanılır və bunların tədqiqinə Avropa və Şərq alimləri çoxlu əsərlər həsr etmişlər.


Tarix: 03.03.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Dunya ve tarixi
loading...