Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saleh Qazıyev

Saleh Mustafa oğlu Qazıyev (1893-1971) - Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.

Haqqında
Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928-1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935-1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916-1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925-1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928-1932-ci illərdə Bakı məktəblərində, 1932-1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1934-1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947-1952-ci illərdə direktoru, 1952-1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasının (1946-1953-cü illər ) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir.

Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur. "Azərbaycan maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanmışdır. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.


Tarix: 11.02.2015 / 13:31 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Azərbaycan tarixçiləri
loading...