Arçil Mixayloviç Qomiaşvili (gür. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR-in xalq artisti (1966).
Həyatı
Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur.
1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır.
Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir. 2 il sonra o, Lenin komsomolu adına Moskva teatrının aktyoru olmağa nail olur. Bir neçə ildən sonra isə Puşkin adına teatra keçir.
1990-cı ildə Arçil Qomiaşvili "Siti-biznes" səhmdar cəmiyyətinin prezidenti olmuşdur. 1992-ci ilin axırlarında isə Moskvada "Qızıl Ostap" klubunu açır. Bu klub tezliklə paytaxtın ən nüfuzlu məkanlarından birinə çevrildi. Klubun restoranı isə 1996 və 1997-ci Avropanın ən yaxşı belə məkanlarından seçilmişdir.
Ömrünün son illərini Arçil Qomiaşvili xəstəliklərlə keçirirdi. 2004-cü ildə onda bədxassəli şiş tapılmışdı. ABŞ-da həyata keçən əməliyyat zamanı onun 40-dan artıq limfa düyünlərini kəsib götürürlər.
Arçil Qomiaşvili 31 may 2005-ci ildə Moskvada vəfat etmişdir. İyunun 3-ü elə həmin şəhərdə də dəfn olunmuşdur.
Filmoqrafiya
12 stul (film, 1971)
Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
Tarix: 07.02.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Aktyorlar