Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fuad Poladov

Fuad Ağarəhim oğlu Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı.

Həyatı

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirmişdir. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Xalq artistidir (20 mart 1987).

Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.

Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.

Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarır.

Fuad Poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun şəkildə dəyişir. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə tamaşaçılara çatdırılır.

Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur.

Filmoqrafiya
Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Nazim
Ağasadıq Gəraybəyli (film, 1974)
Ailə (film, 1998)
Aktrisa (film, 2011)
Arxada qalmış gələcək (film, 2005)
Atayevlər ailəsi (film)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Cəza (film, 1996)
Dərvişin qeydləri
Dolu (film, 2012)
Ehram Tv (film, 2009)
Etimad telefonu (film, 2001)
Əlavə təsir (film, 2010)
Əlvida, cənub şəhəri (film, 2006)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fatehlərin divanı (film, 1997)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Günaydın, mələyim! (film, 2008)
Hacı Qara (film, 2002)
Həqiqətin özü (film, 2008)
İmtahan (film, 1987)
İşarəni dənizdən gözləyin (film, 1986)
İstintaq davam edir (film, 1966)
Köpək (film, 1994)
Küçələrə su səpmişəm (film, 2004)
Qara "Volqa" (film, 1994)
Qayınana (film, 1978)
Qırmızı qatar (film, 1993)
Qırmızı Terror və ya Mircəfər Bağırov (film)
Ovsunçu (film, 2003)
Ömür və Tale. I Film (film)
Ömür və Tale. II Film (film)
Ömür və Tale. III Film (film)
Ömür və Tale. IV Film (film)
Ömür və tale. V film (film, 1998)
Rus Tərcüməsi-Əbdu Salih (Rusiya teleserialı)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Tərsinə çevrilən dünya (2011)
Təsadüfi görüş (film, 1999)
Üçüncü zəng (film, 2006)
Ümid (film, 1995)
Vahimə (film, 1998)


Tarix: 01.02.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Aktyorlar
loading...