Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
Kompleksin quruluşu
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilmiş və sərdabə daş lövhələrlə örtülmüşdür.
Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə stalaktitlərlə bəzədlimişdir. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənmişdir.
Baştağda çatmatağın üstündə nəbati üslublu naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan "memar Əli" sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri qabarıq formada oyulmuşdur. Baştağı soldan ayıran çatmatağlı giriş qapısının üstündəki iki sətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir:
Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi — Allah onun dövlət və hökmdarlığını əbədi etsin — anası və oğlu üçün — Allah onların hər ikisinə rəhmət etsin — bu nurlu türbənin tikilməsinə 939-cu ildə (miladi 1435-1436) əmr etdi.
Şirvanşahlar saray kompleksinin Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizgüşəli mərkəzi pavilyonu ucaldılmışdır. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik,qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdır.
Abidənin damı ikiqat örtüklə örtülmüş, xarici görünüşü dilim-dilim memarlıq formasındadır. Divanxana həyətinin divarları boyu sütunlar üzərində qurulmuş çatmatağlı arkaların yaratdığı uzun, düzbucaqlı eyvan mərkəzi binanı, pavilyonu üç tərəfdən əhatə edir. Həyətin günbatana baxan xarici giriş yolu küçə tərəfdən dərin baştağla qeyd edilmişdir. Abidənin ikinci baştağı pavilyonun çatmatağlı eyvanına Qərb tərəfdən bitişərək, darısqal yerdə, pavilyona əzəmətlilik, vüqar və ucalıq təsiri bağışlayır. Bu portalın çatmatağlı taxçası zərif, dilim-dilim formalı yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna söykənmişdir. Baştağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilmişdir. Güman edilir ki, giriş yolunun üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinmişdir.
Tədqiqi
1932-1934-cü illərdə Şirvanşahlar sarayının təmiri və bərpası sahəsində müəyyən işlər görülmüşdür ki, bu da abidənin uçmasının qarşısını almışdır. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulmuşdu. Saray kompleksinin ardıcıl şəkildə öyrənilməsi və tədqiq edilməsi işlərinə yalnız Böyük Vətən Müharibəsindən sonra başlanılmışdır. 1945-ci ildə Şirvanşahlar saray kompleksinin ayrı-ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlanmışdır. Bərpa işlərinə AMEA-nın həqiqi üzvü, prof. Sadıq Dadaşov rəhbərlik etmişdir. Lakin 1946-cı ildə alimin vəfatı Şairvanşahlar saray kompleksinin bərpasını xeyli ləngitmişdir. Yalnız 1950-ci ildə memarlıq işləri idarəsində elmi-bərpa istehsalat emalatxanasının yaradılması nəticəsində Şirvanşahlar saray kompleksinin bərpası yekunlaşdırılmışdır.
Tarix: 12.02.2015 / 13:59 Müəllif: Feriska Baxılıb: 361 Bölmə: Şirvanşahlar dövləti