Axundov Ruhulla Əli oğlu – sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926).
Həyatı
Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi. 1916-cı ildə mətbəədə işləmişdir. 1917-ci ildə "sağ" azərbaycanlı eserlər qrupunun üzvü olmuşdur. 1918-ci ildə Bakı Sovetinin "İzvestiya", 1919-cu ildə ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist" qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, "Kommunist" qəzetinin və digər dövrü nəşrlərin redaktoru olmuşdur. 1924-1930-cu illərdə Azərbaycan KP(b)MK-nın katibi, Azərnəşrin direktoru, Azərbaycan SSR maarifi xalq komissarı vəzifələrini tutmuşdur. 1930-cu ildə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilmişdir. 10-17-ci partiya qurultaylarının və Kominternin 2-ci konqresinin nümayəndəsi olmuşdur. Ömrünün son illərində Azərbaycan KP(b) MK nəzdindəki tarix institutunda, Azərbaycan SSR XKİ nəzdindəki incəsənət işləri üzrə idarənin müdiri vəzifələrində çalışmışdır, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında və idarə olunmasında yaxından iştirak etmişdir. K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdəndir. Tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, iki cildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olmuşdur. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.
Lenin ordeni laureatıdır.
Tarix: 17.01.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Şairlər və Yazıçılar