Əliyev Rəhim Nadir oğlu — tənqidçi, nasir, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1996).
Həyatı
Rəhim Əliyev 1950-ci il noyabrın 6-da Bakı şəhərinin yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Burada 198 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1968-1973). 1973-1975-ci illərdə Sovet ordusunda zabit rütbəsində moto-piyada hissəsində hərbi qulluqda olmuşdur.
Y.Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra dövri mətbuatda ədəbi-tənqidi məqalələri vaxtaşırı çıxır. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975-1976), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1976-1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978-1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olmuşdur (1988-1991)
Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir (1990-1991), C.Cabbarlı fondunun sədri seçilmişdir (1994-cü ildən). "1970-ci illər lirikasının inkişaf meylləri" mövzusunda namizədlik (1983), "C.Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə etmişdir. Azərbaycanda 90-cı illər xalq hərəkatı dövründə ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş məqalələrlə çıxış etmişdir. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisidir (1996-cı ildən).
Ədəbi tənqid, nəsr və publisistika ilə məşğul olur. 2001-ci ildən türkdilli hürufi mətnlərinin tədqiqi ilə məşğuldur. "Ədəbiyyat nəzəriyyəsi" kitabında dilin yazıdan törəmə olması barədə nəzəriyyə irəli sürmüşdür. Bu kitabda sözün semiotik işarə nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinə də tətbiq edilir.
1.Poeziyanın təbiiliyi. Bakı: Yazıçı, 1982, 96 səh.
2.Göndərilməmiş məktub (nəsr). Bakı: Gənclik, 1984, 147 səh.
3.Cəfər Cabbarlının yaradıcılıq təkamülü. Bakı: Yazıçı, 1989, 236 səh.
4.Bütövlənməyən borc (nəsr). Bakı: Sabah, 1995, 270 səh.
5.Dilimiz, ədəbiyyatımız, tariximiz. Bakı: Elm, 1997, 260 səh.
6.Nəsimi və klassik dini üslubun təşəkkülü. Bakı: 2006,
7.Taleyin sözü. Bakı: 2008
8.Ədəbiyyat nəzəriyyəsi. Bakı: 2008
Tarix: 17.01.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Şairlər və Yazıçılar