Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Tağı Sidqi

Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu (Məhəmməd Tağı Sidqi) – maarifçi, pedaqoq, şair, publisist.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur.

Fəaliyyəti

Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında" 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tədbirlər nəzərdə tutulmuşdur.

Məzarı Naxçıvan şəhərindədir


Tarix: 17.01.2013 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Şairlər və Yazıçılar
loading...