Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla) — yazıçı, şair, ədəbi tənqidçi, alim, filologiya elmləri doktoru (1985), professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984). Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib. 1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, professoru olub. 1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun sədridir. Elə həmin il "Rus dili və ədəbiyyatı" İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. 1994-1995-ci ildə Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru kimi çalışıb.
Vladimir Putinə Bakı Slavyan Universitetinin fəxri doxtoru adının verilməsi mərasimi
2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir.
Ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssisdir. Eyni zamanda türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində "ümumi dilçilik" və "mətn sintaksisi" fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır.
100-dən çox məqalə və 30-dan çox kitab müəllifidir.
2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V. Putin tərəfindən Puşkin medalı ilə təltif olunub.
Azərbaycanda Humay mükafatını, "525-ci qəzet"in "İlin romanı" mükafatını, Monitorinq qrupunun "İlin ədəbiyyat adamı" adını alıb.
Haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda yüzlərlə məqalə çap edilib.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunub[1]
Əsərləri
Проблемы синтаксиса простого предложения в азербайджанском языке. Баку: Елм, 1983,
Müəllif-əsər-oxucu. Bakı: Yazıçı, 1985, 156 səh.
Əvvəl-axır yazılanlar (ədəbi-bədii əsərlər). Bakı: Yazıçı, 1989, 108 səh.
Gizli Dədə Qorqud. Bakı: Yazıçı, 1991, 152 səh.
Yolun əvvəli və axırı (ədəbi-bədii esselər). . Bakı: Azərnəşr, 1993, 154 səh.
Unutmağa kimsə yox (pyeslər toplusu). Bakı: Azərnəşr, 1995,
Gizli Dede Korkut. Bursa, Ekin Basınevi, 1995,
Gizli Dede Korkut. İstanbul: Ötüken, 1997,
Qəribədi, deyilmi?! (şeirlər). Bakı: 1998,
Ruh (pyeslər). Bakı: Azərnəşr, 1998,
Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998, 281 səh.
Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud-2. Bakı: Elm, 1999, 304 səh.
Kədərli seçmələr (şerlər, tərcümələr, esselər, hekayələr, pyeslər). Bakı: Mütərcim, 2002, 548 səh.
Лекции в Бакинском славянском университете. (Akademik A.Mirzəcanzadə ilə birlikdə). Bakı: Mütərcim, 2003,
Bir, iki, bizimki! (pyes) (altı dildə). Bakı: Mütərcim, 2003,
Yarımçıq əlyazma (roman). Bakı: XXI YNE, 2004, 288 səh.
Шпион (rus dilində). Bakı: Mütərcim, 2004,
Господин дороги (стихи). Москва: РИФ "РОЙ", 2004, 128 стр.
Русский язык в Азербайджане. История, Современность, Перспективы. (İ.Həmidovla birlikdə). Bakı: Kitab aləmi, 2005.
Le Manuscrıt inachevé. Paris: L'Harmattan, 2005,
Tarixsiz gündəlik (povest). Bakı: XXI YNE, 2005, 192 səh.
Тайный "Деде Коркут". Bakı: Mutərcim, 2006,
Неполная рукопись. Роман. Москва. Издательский дом "Хроникер". Серия "Мир современной прозы", 2006,
Eksik El Yazması. İstambul, Ötüken, 2006,
Sehrbazlar dərəsi (roman). Bakı: Mütərcim, 2006, 224 səh.
Büyücülər deresi. Istanbul, Avrupa yakası yayınları, 2007,
300 azərbaycanlı (ədəbi-bədii esselər). Bakı: Mütərcim, 2007, 340 səh.
Hekayələr. Bakı: Mütərcim, 2008,
Все мои печали" (Пьесы). Баку: Мутарджим, 2009,
Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı: Mütərcim, 2009,
O Manuscrito İnacabado. Braziliya. Luiz de Oliveiraş – João Pessoa: İdeia, 2009
Zagadkowy Rykopis. Polşa, Adam Marszalek, 2009,
Tərcümələri
Gümüş dövrün sirləri. Bakı: Mütərcim, 2001,
Tarix: 16.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 603 Bölmə: Şairlər və Yazıçılar