Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamlet İsaxanlı

Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.

Hamlet İsaxanlının keçid iqtisadiyyatında olan ölkələrin təhsil sistemində islahatlara dair baxışları, nəzəri və praktik işləri təhsil xadimlərinin, hökumət nümayəndələrinin, siyasətçilərin və ümumiyyətlə, ictimaiyyətin fikir və işinə təsir göstərmişdir. O, öz fikirlərini açıq ifadə edən görkəmli ictimai xadim və ziyalıdır.

1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir.Mündəricat
1 Həyatı
2 Hamlet İsaxanlı – riyaziyyatçı
3 Hamlet İsaxanlı – Şair
3.1 Poetik kitabları
3.2 Poetik əsərləri daxil olan bəzi toplu və dərgilər
4 Hamlet İsaxanlı – Tərcüməçi
5 Poeziya və musiqi
6 Hamlet İsaxanlı – Yazıçı və Publisist
7 Hamlet İsaxanlı – Dilçi və Ədəbiyyatşünas
8 Hamlet İsaxanlı-Humanitar və ictimai elmlər üzrə tədqiqatçı
9 Hamlet İsaxanlı-Təhsil siyasəti, təhsil nəzəriyyəsi və tarixi üzrə mütəxəssis
10 Xəzər Universiteti
11 Dünya məktəbi
12 Hamlet İsaxanlı – pedaqoq və elmi rəhbər
13 Beynəlxalq aləmdə fəallıq
14 Ad və təltiflər
15 Haqqında
15.1 Hamlet İsaxanlının portretləri
16 Mənbə
17 Həmçinin bax
18 Hamlet İsaxanlı ilə Vikipediya haqqında müsahibə
19 Xarici keçidlər


Həyatı

Riyaziyyatçı tələbə

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan oldu. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.

Hamlet İsaxanlı imzası ilə elm, təhsil, humanitar və sosial elmlər üzrə məqalə və kitablar, şeir kitabları, bədii-publisistik əsərlər nəşr etdirdi.

1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərdi, Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan bu ali məktəbi təsis etdi, onu sıfırdan yaratmağa başladı. Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq geniş fəaliyyət göstərdi. Bir qədər sonra yeni – Xəzər Universiteti (Universitəsi) adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada ən yaxşı tanınan hörmətli təşkilatlarından biri oldu.

Daha çox strateji inkişaf məsələləri ilə məşğul olmaq və həmçinin elmi-bədii yaradıcılığa vaxt qazanmaq məqsədilə 2010-cu ilin əvvəlində Xəzər Universitetinə yeni rektor təyin etmək üçün müsabiqə elan etdi. 2010-cu ilin sentyabr ayından başlayaraq özü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində, müsabiqədə uğur qazanan professor Con Rayder (ing. John Ryder) isə yeni rektor vəzifəsində fəaliyyətə başladılar. Hamlet İsaxanlı Azərbaycanda universitetin Direktorlar və Qəyyumlar Şurasını yaratmaq və müsabiqə yolu ilə xaricdən rektor gətirmək fikrinə düşən və onu həyata keçirən ilk insan oldu.

Hamlet İsaxanlı elm və təhsil təşkilatçısı kimi geniş tanınmaqla yanaşı, ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafı, siyasi mədəniyyətin və media mədəniyyətinin inkişafı, idmanın inkişafı kimi sahələrə də öz dəyərli töhfələrini vermiş və verməkdədir.

Hamlet İsaxanlı – riyaziyyatçı

Riyaziyyatçı məzun

Hamlet İsayev yüksək tədqiqatçı gücünə və geniş riyazi mədəniyyətə malik alim kimi tanınmışdır. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi, çoxparametrli spektral nəzəriyyə, birgə spektrlər nəzəriyyəsi, differensial tənliklər, ədədi oblastlar, iqtisadiyyatın riyazi modelləri kimi müxtəlif sahələrində ciddi nəticələr almışdır. Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və s. ölkə elmi məktəblərinin uğurlarından da bəhrələndi. Hələ Sovet "Dəmir Pərdə" dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələrini yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq da kəşf edir, öyrənirdi.

Beynəlxalq konfransı açıq elan edirəm

Sonralar da Avropa, Amerika, Asiya və Afrika da yerləşən müxtəlif elm mərkəzləri, akademiya və universitetlər onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, elmi konfranslarda çıxışa dəvət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva və Bakıya dəvət etdi. Artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.

Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını SSRİ Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vladimirov, S.M. Nikolski, Lenin mükafatı laureatları B.M. Levitan və V.B. Lidski, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sadovniçi (hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru), professor F. Atkinson (Toronto Universiteti), professor P.J. Broun (Kalqari Universiteti) və digər görkəmli riyaziyyatçılar, o cümlədən Azərbaycan riyaziyyatçıları Zahid Xəlilov, Mirabbas Qasımov yüksək qiymətləndirdilər.

Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən "ilin ən yaxşı elmi işləri" siyahisinə daxil edildi.

Hamlet İsaxanlı – Şair

Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, şair kimi də çox tanınır. Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

Azərbaycanda, Rusiyada, Çində, İranda, Gürcüstanda, Pakistanda və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunmuşdur. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, türk və digər dillərə tərcümə olunmuşdur.

"Bəxtim gülür ara-sıra
Bir sevda qonur başıma
Bir fikir, bir neçə misra
Hakim olur yaddaşıma".

Poetik kitabları
Təzadlar. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2001.
Bu da bir həyatdı. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2004.
Dördlüklər. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2007.
Ziyarət. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2009.
"Koнтpacты. Kнигa cтихотворений" (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", Моcква (Moskva), 2006.
"Şeirə dönən duyğular", Əxtər nəşriyyatı, Təbriz, 2004 ("ﺭﻻﻮ۔۔ﻐﯿﻮﺩ ڹ۔۔ﻧﺅﺪ ﮦﺭﻌﺷ")
Təzadlar. Əxtər nəşriyyatı, Təbriz, 2005 ("ﺭﻻﺩﺎﻀﺘ")
"Bu da bir həyatdı". Əxtər nəşriyyatı, Təbriz, 2005 ("ﯼﺩڌﺎﯾﺣﺭﯾﺒ ﺍﺩﻮﺒ")
"Sitotxlis Poezia" (Ömür Poeziyası).(Gürcücə, İmir Məmmədlinin tərcüməsində). "İntellekt", Tbilisi, 2004 (ჰამლეთ ისახანლი. სიცოცხლის პოეზია)
"Təzadlar. Bu da bir həyatdı" (Çincə) -(Putonghua-mandarincə). CCTP – Central Compilation & Translation Press, Beijing (Pekin), 2009 ( 咍姆雷特诗迭 阿塞) 咍姆雷特. 伊萨赞里著; 陈子慕译 .一北京: 中央编译岀版社 )

Poetik əsərləri daxil olan bəzi toplu və dərgilər
Azərbaycan Sevgi Poeziyası. Üçüncü kitab. Tərtibçi: Hamlet İsaxanlı. "Xəzər Universitəsi Nəşriyyatı", Bakı: 2009. ISBN 978-9952-20-051-5
"Poetry of Azerbaijan. A drop in the Ocean". Compiled and edited by Dr. Eynulla Madatli. Leaf Publications-İslamabad, 2010.
Д. Каракмазли. Вкус инжира: стихи и переводы. Баку: Юрд, 2005 (стр. 180-190).
Дружба народов, №2, 2007, Москва (стр. 161-164).
Poetik Tərcümələr. 1-ci toplu. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005 (səh. 180-195 və 234-281).

Hamlet İsaxanlı – Tərcüməçi

Hamlet İsaxanlının çoxtərəfli yaradıcılığına tərcümə işi də daxildir. Xüsusi halda, o V.A. Jukovski, F. Baratınski, F. İ. Tyutçev, A.Fet, Sergey Yesenin, Nikolay Qumilyov, Anna Axmatova, Alla Axundova, Corc Qordon Bayron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir. Azərbaycan tərcüməçilərinin ingilis, rus və fransız dillərindən Azərbaycancaya və Azərbaycancadan ingiliscə və ruscaya etdikləri poetik tərcümələr Hamlet İsaxanlının redaktorluğu (və müəllifliyi) ilə aşağıdakı kitabda işıq üzü görmüşdür:
"Poetik Tərcümələr. 1-ci toplu". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005.

Poeziya və musiqi

"Musiqidir qoca dünya başdan-başa..."

Hamlet İsaxanlı musiqi ilə dolu, ürəyəyatan, könülləri ehtizaza gətirən poeziyası Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib. Çoxsaylı lirik şeir və poemaları əsasında mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin "Xəzər Universitəm" şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev "Xəzərimin sorağında" şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vaqif Gərayzadə "Hicran", Lütfiyar İmanov "Yaşamağa nə var ki?!", Nailə İsayeva "Səni sevdim çox sadəcə", "Gözəldir", "Lalə", "İnciçiçəyi", "Külək və qız", "Tək qalmaq istəyirəm", "Tez gəlin", "Dünyam" şeirlərinə, Elza Seyidcahan "Baş açmadım bu dünyadan", "İkimizdən birimiz" və "Bakı" şeirlərinə , Cahangir Zülfüqarov "Görüş yerimiz", Tahir Əkbər "Rübailər" (və ya "Mənə ayrılan vaxt") və "Məndən sənə yar olmaz", Dilarə Qulamova "Qədim sual", "Möcüzə gecə", "Uşaqlıqda qalan buludlar" və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş "Ömür yolu bircə andır" adlı tamaşaya musiqi bəstələyiblər. Hamlet İsaxanlının "Ziyarət" poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Azər Zeynalov, Rəşidə Behbudova, Aygün Bəylər, Gülyanaq Məmmədova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın, Azərbaycan dövlət simfonik orkestri və xoru, "Savalan", "Şaron", "Kristal" qrupları, Dünya məktəbinin xoru və b. tərəfindən ustalıqla ifa olunmuş və olunmaqdadır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Zakir Əliyev kimi muğam ustaları, gənc Abgül Mirzəliyev və başqa xanəndə və müğənnilər də Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.

Hamlet İsaxanlı – Yazıçı və Publisist

Hamlet İsaxanlının bədii-publisistik yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun "Xəzər"in Sorağında" əsəri sənədli povest janrına aid edilə bilər. Bu əsər həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və oxundu. Maraqlı nəql-yazı üslubu, yeni ali məktəbin yaradılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psixoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənədləşdirilmiş təhlili bu kitabın dəyər-qiymətini çox artırır. Kitabın girişində müəllif qeyd edir – "Xəzər universitəsinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam".

Ədəbiyyat və mədəniyyət tarixinə, görkəmli şəxsiyyətlərə, çağdaş problemlərə həsr olunmuş bir sıra ədəbi etüdlərin, esselərin müəllifidir.

Hamlet İsaxanlı – Dilçi və Ədəbiyyatşünas

"Ömür keçir dalğalarla yan-yana
Salam olsun bu əhvalı duyana".

Hamlet İsaxanlı dil və ədəbiyyat, tərcümə nəzəriyyəsi və tarixi tarixi üzrə tədqiqat aparan və sanballı əsərlər yazan elm və sənət adamıdır, çoxsaylı məqalə, monoqrafiya və dərsliklərin müəllifidir.

Hamlet İsaxanlı 6 cildli "Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət"in (Khazar English-Azerbaijani Comprehensive Dictionary, in 6 volumes) müəlliflərindən biri və həmredaktorudur (professor Tofiq Abasquliyevlə birlikdə). Lüğətin ilkin tərtibatı başa çatdırılmış, üç cildi çap olunmuş, digərləri redaktə və korrektura mərhələsində çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azərbaycan leksikoqrafiyasının və ümumiyyətlə dilçiliyinin ən böyük uğurlarından biridir.

Hamlet İsaxanlının iki həmkarı (Elza İsmayılova və Firəngiz Nəsirova) ilə bərabər yazdığı və ünsiyyət metoduna söykənən "Xaricilər üçün Azərbaycan dili" dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir vəsaitdir. Bu kitab onun və tələbələrinin ikinci dilin öyrədilməsi məsələsi ətrafında apardıqları tədqiqatları və praktik fəaliyyəti nəzərdə tutaraq yazılmışdır.

Hamlet İsaxanlının tərcümə məsələləri ilə bağlı tədqiqatları çox maraqlıdır. "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı" adlı irihəcmli məqaləsi geniş tərcümə fəaliyyətinin həlledici rol oynadığı Şərq-Qərb ünsiyyətinin tarixinə və təhlilinə həsr olunmuşdur. Azərbaycan türkcəsinə və Azərbaycan türkcəsindən tərcümələri, o cümlədən poetik tərcümə problemlərini işıqlandıran bu əsər yaradıcı (bədii) tərcümə ilə məşğul olanlar üçün, mütəxəssislərdən birinin qeyd etdiyi kimi, "əvəzedilməzdir, stolüstü kitabdır, istinad qaynağıdır".

Ömər Xəyyamın Azərbaycan türkcəsinə və ingiliscəyə tərcümə tarixi və xüsusiyyətləri haqqında yazıları da mütəxəssislər və oxucuların diqqətini cəlb etdi.

Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, poeziya və sevgi, ədəbiyyat və milli kimlik, ədəbiyyat və ideologiya, mətbuat tarixi və digər problemləri də araşdırır.

Hamlet İsaxanlı-Humanitar və ictimai elmlər üzrə tədqiqatçı

Hamlet İsaxanlının yaradıcılığında və elmi fəaliyyətində tarix fəlsəfə si və tarix, siyasət və beynəlxalq münasibətlər, mədəniyyət və elm tarixi üzrə əsərlər mühüm yer tutur. "Milli azadlıq hərəkatı haqqında düşüncələr", "Amerika azərbaycanlıların gözü ilə", "Dağlıq Qarabağ problemi üzrə danışıqlar. Buradan hara gedirik?", "Sovetləşmə, kollektivləşmə və sovet totalitarizmi" mövzusunda yazıları və məruzələri Azərbaycanda və nüfuzlu xarici mətbuatda, beynəlxalq konfranslarda öz əksini tapmışdır. İslam sivilizasiyası, Orta əsrlər İslam dünyasında elm, mədəniyyət, təhsil və texnologiya nın inkişafı və Avropaya təsiri, eləcə də "Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır" mövzusunda silsilə əsərləri xüsusi maraq doğurur. Mətbuatda idmana, xüsusilə futbol hadisələrinə aid yazıları və müsahibələri geniş yayılmışdır.

Hamlet İsaxanlının sədrlik etdiyi "Elm və Sənət Məclisi" görkəmli tədqiqatçıların, elm və sənət adamlarının, istedadlı gənclərin, tələbələrin bir yerə yığışdığı və humanitar və sosial elmlər üzrə müxtəlif aktual məsələlərin müzakirə olunduğu bir yerdir. Burada bir sıra xarici ölkələrdən gələn görkəmli alimlərlə yanaşı Azərbaycan tədqiqatçıları da məruzə edirlər. Hamlet İsaxanlı bu məclislərdə fəlsəfə və poeziya, sufilik, tərcümə nəzəriyyəsi və tarixi, etnogenezis və millətçilik, qloballaşma və mənəvi varislik, elektron məkan, hun tarixi, oriyentalizm, Azərbaycan ədəbiyyatının tarixi və coğrafiyası, tarixşünaslığın problemləri və digər mövzularda məruzə etmiş, məqalə və esselər çap etdirmişdir.

Hamlet İsaxanlı-Təhsil siyasəti, təhsil nəzəriyyəsi və tarixi üzrə mütəxəssis

Keyfiyyətli təhsil nəyə deyilir?

Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, o cümlədən təhsil siyasəti, təhsil nəzəriyyəsi, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən ən nüfuzlu alim və ictimai xadimlər sırasındadır. Onun "On Education System in Transition Economy. A View From Azerbaijan" ("Keçid iqtisadiyyatındakı təhsil sistemi haqqında. Azərbaycandan baxış") və "Müasir dünyada ali təhsil sistemində nələr baş verir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı necə olsa yaxşıdır?" adlı kitabları, orta əsrlər təhsil tarixi və fəlsəfəsi, təhsil və elmdə Şərq-Qərb əlaqələri-tarix və bu gün, təhsil sistemləri, təhsildə keyfiyyət, milli azlıqların müqayisəli təhsil problemləri və digər məsələlər üzrə tədqiqatları, müxtəlif ölkələrdə və dillərdə çap olunmuş çoxsaylı məqalələri, hesabatları, qəzet, radio və televiziya müsahibələri bir qayda olaraq mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyətin diqqət mərkəzindədir.

Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, xüsusi halda Azərbaycan ali təhsil sisteminin keçirdiyi böhranın məna və səbəblərini izah etməyə, geniş ictimaiyyətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzetlərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu, eləcə də böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxışlar etdi.

Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şəraitində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi. Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı oldu. O, müstəqil Azərbaycanın ilk təhsil qanununu (1992) hazırlayan qrupunun üzvü idi. Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım islahat aparılmasının vacibliyini qeyd etməklə yanaşı, sürətlə dəyişməkdə olan, qloballaşan yeni dünyaya uyğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çəkdi. O, yeni yaradılacaq ali məktəblərin ən mühüm göstəricilərini işləyib hazırladı: təhsil plan-proqramları, idarəetmə, keyfiyyətli tədris və tədqiqat, universitet-sənaye-iş dünyası münasibətləri, bilik iqtisadiyyatı və innovasiya, tələbənin xüsusi trayektoriya ilə irəliləməsinə imkan verən kredit vahidi yığma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil sistemi, bakalavr, magistr və doktor (PhD) dərəcələri verən proqramlar və s.

Bu məsələlərin nəzəri çərçivələrinin müəyyən edilməsində və həyata keçirilməsində o, dünyada ali təhsilin lideri olan ABŞ təcrübəsindən bəhrələnməni düzgün saydı. Təhsil sahəsində aparılacaq ciddi islahatların cəmiyyətin fəallaşması və demokratikləşməsi yolunda da mühüm rol oynayacağını qeyd etdi.

Xəzər Universiteti

Əsas məqalə: Xəzər Universiteti

"Xəzər Universitetinin şərəfini qoruyacağıma and içirəm"

Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1990-cı il 20 dekabr tarixli 286 saylı sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli 41 saylı qərarla Xəzər Universiteti (o zamankı adı ilə "İngilisdilli Azərbaycan Universiteti") yaradıldı. Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı, keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi. Bu universitetin qurulması ilə bağlı hadisələri o, bir qədər sonra qələmə aldığı "Xəzərin sorağında" adlı əsərində ustalıqla təsvir etdi.

Hamlet İsaxanlı bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən və keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı.

Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən "tələbə mərkəzli" çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi. "Tapşırıq-rüşvət" virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.

Bir yerdə olaq

Hamlet İsaxanlı ingiliscəni Xəzər Universitetində əsas tədris dili elan etdi. Bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsinə, tələbə mübadiləsi proqramlarının inkişafına və xarici professorların dəvət edilməsi və səmərəli işinin təşkilinə zəmin yaratdı.

Ümumiyyətlə, ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün də bu ingilisdilli təhsil güclü amil və vasitə oldu. Hamlet İsaxanlı eyni zamanda Qərb dəyərlər məcmusunun "mədəni imperializm" deyilən təzyiqinə qarşı milli mədəniyyətin öyrənilməsi və inkişafı məsələsini də hərtərəfli təhlil etdi və bu ideyanı Xəzər universitetində uğurla həyata keçirməyə başladı.

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, PhD deyilən üçüncü mərhələ tədqiqat-yüksək təhsil dərəcəsinin anlaşılmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində Hamlet İsaxanlının yazıları, bu istiqamətdə arasıkəsilməz fəaliyyəti və Xəzər Universitetinin təcrübəsi mühüm rol oynadı. 1990-1996-cı illərdə öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar (Bologna) Bolonya Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının ("European Higher Education Area") yaradılması ideyasını da qabaqladı. O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.

Dünya məktəbi

Əsas məqalə: Dünya Məktəbi

Uşaqlarla birlikdə gülüş səadəti

1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu bağça-məktəb kompleksi ciddi uğurlar qazanmış, ölkədə çox sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır. Azərbaycan təhsil ənənələrini nəzərə almaqla yaxşı dünya təcrübəsini də mənimsəyən Dünya məktəbində azərbaycan dili birinci, ingilis dili ikinci dildir. Dünya məktəbi 2009-cu il yanvarın 16-da beynəlxalq status almış, Beynəlxalq Bakalavriat Təşkilatının (İnternational Baccalaurate Organization – IBO) akkreditasiyasını keçmişdir. Dünyanın minlərlə qabaqcıl universitetləri İBO diplomu sahiblərinə üstünlük verirlər.

Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də beynəlxalq yarışa girə bilən təhsil ocağı modelini formalaşdırdı. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.

Hamlet İsaxanlı – pedaqoq və elmi rəhbər

Hamlet İsaxanlı öz alimliyi, geniş yaradıcılığı və liderliyi ilə insan potensialının açılması və inkişafı sahəsində də xeyli iş görmüşdür. O, elm və təhsil təşkilatçısı kimi çox böyük sayda gəncləri, alim və müəllimləri inkişaf etmiş ölkələrdə uyğun olaraq təhsil almaq, tədqiqat aparmaq və təcrübə keçmək üçün göndərməyə müvəffəq olmuşdur. Bununla yanaşı, o, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək işinə şəxsi töhfəsini də vermiş və verməkdədir.

Hamlet İsaxanlı Azərbaycanda (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti,...) və keçmiş Sovet İttifaqı nda, Avropa və Amerika da, Yaxın Şərq və Uzaq Şərq də,...doktorantura, magistratura və bakalavrlıq pillələrində dərs demiş, elmi araşdırmalar aparılmasına kömək etmişdir.

1. Riyaziyyat və onun tətbiqləri üzrə tədris etdiyi fənnlər:

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz, Ali cəbr, Diferensial tənliklər, Funksional analiz, İnteqrallama nəzəriyyəsi və funksional fəzalar, Kompleks analiz, Topoloji fəzalar, Banax cəbrləri, Operatorlar nəzəriyyəsi, Operatorların spektral nəzəriyyəsi, Çoxparametrli spektral nəzəriyyə, Tenzor hasillər (cəbri və funksional), Ədədi oblastlar nəzəriyyəsi, Əməliyyatlar nəzəriyyəsi, Kvant mexanikasının əsasları.

2. İntellektual və mədəniyyət tarixi üzrə:

Elmi kəşflər tarixi, Təhsil tarixi, Mədəniyyət tarixi, Türklər və Azərbaycan (zəka və mədəniyyət tarixi).

3. Ədəbiyyat üzrə:

Azərbaycan ədəbiyyatının əsasları, Ədəbiyyat və milli kimlik, Şeir sənəti, Poetik tərcümə (tarix, nəzəriyyə və praktika), Fəlsəfə və poeziya.

Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı qayğıkeş elmi rəhbərdir, onların dünyagörüşünü və sezgi-intuisiya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi tədqiqatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında elmi iş görən və dissertasiya müdafiə etmiş olanlar indi ABŞ, Avropa, Rusiya, İsrail, Türkiyə, İran və başqa ölkələrdə çalışmaqdadırlar.

Beynəlxalq aləmdə fəallıq

Hamlet İsaxanlı geniş beynəlxalq fəaliyyəti ilə seçilir. Hələ Sovet dövründə, çox gənc ikən müxtəlif ölkələrdə (Polşa, Kanada, Böyük Britaniya, Almaniya) elmi-tədqiqat işi aparır, elmi konfranslarda çıxış edir, universitetlərdə dərs deyir, əsərlərinin əksəriyyəti ya tərcümə olunmuş, ya birbaşa ABŞ-da və digər ölkələrdə nüfuzlu jurnallarda çap olunmuşdu. O özü də xarici həmkarlarını dəvət etməklə məhsuldar beynəlxalq əməkdaşlıq şəbəkəsi qurmağa müvəffəq oldu. Kanadada, Kalqari universitetində (University of Calgary) oxuduğu mühazirələr "The University of Calgary. Lectures on Multiparameter Spectral Theory of Orerators. Hamlet Isayev. Department of Mathematics and Statistics, 1985" mütəxəssislər arasında ən çox istifadə olunan, istinad edilən əsərlərdən biri oldu.

Azərbaycanın yeni tipli ali məktəbini, ilk özəl universitetini yaratmaqla H. İsaxanlının beynəlxalq fəaliyyəti daha da artdı və çoxşaxəli oldu. O, ali məktəb qurucusu və təhsil-elm-mədəniyyət siyasəti sahəsində yenilikçi və təcrübəli mütəxəssis kimi beynəlxalq arenada sayılan şəxsə çevrilir, bu sahələrdə beynəlxalq və regional siyasətin müəyyən edilməsində fəal iştirak edir. Həmçinin idarəetmə, beynəlxalq münasibətlər, konfliktlərin həlli, humanitar yardım kimi məsələlərin müzakirəsində, qərar qəbul edilmə prosesində yaxın və uzaq ölkələrdən onun səsi gəlir. H. İsaxanlı ən müxtəlif təyinatlı nüfuzlu qurumlarla əməkdaşlıq proqramları həyata keçirir, beynəlxalq təşkilat və fondların idarə heyətində çalışır, UNESCO, Avropa Şurası, UNDP, NATO, Erasmus, Tempus, Avrasiya fondu, Açıq Cəmiyyət İnstitutu, Dünya bankı və digər çoxsaylı beynəlxalq qurumlarla sıx əlaqədə işlər görür. ABŞ-da qeydiyyatdan keçən və geniş fəaliyyət göstərən Qarabağ Fondunun (Karabakh Foundation) üç həmtəsisçisindən və Direktorlar Şurası üzvlərindən biri olur.

Hamlet İsaxanlı beynəlxalq aləmdə şair kimi də çox tanınır, kitabları, şeirləri müxtəlif dillərə tərcümə olunur.

Yaratdığı və rəhbərlik etdiyi "Elm və Sənət Məclisi" ilə Hamlet İsaxanlı beynəlxalq fəaliyyətində daha bir yeni mərhələyə qədəm qoyur, dünyanın hər tərəfindən böyük elm və sənət adamlarını Bakıya gətirib elmi müzakirələr keçirir. Azərbaycanda və kənarda böyük hörmət və nüfuz qazanan bu məclisdə, o, əyalətçilikdən uzaqlaşmaq, dünya ilə ayaqlaşmaq siyasəti yürüdür, tarixdə və digər sahələrdə baş verən hər cür saxtakarlıqla mübarizə aparır.

Ad və təltiflər

"Köhnədir bəşər qədər
Düşüncənin gərdişi
Ömür getməsin hədər
Budur xilqətin işi".
1965: Qızıl medal – Orta məktəb məzunu, Gürcüstan
1970: Fərqlənmə diplomu, mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti
1973: Fizika-riyaziyyat еlmləri namizədi -alimlik dərəcəsi,M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu
1973 – 1988: Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutnun baş elmi işçisi, tədqiqat qrupu rəhbəri
1975 – 1976: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında tədqiqatçı
1976-dan başlayaraq: Elmi məqalələri SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən ən sanballı elmi işlər siyahisinə daxil edilmişdir
1979 – 1981: Azərbaycan Dövlət Universiteti, dosent
1979-cu ildən bu vaxta qədər: Amerika, Avropa və Asiya da çoxsaylı universitet və tədqiqat mərkəzlərinin dəvətli professoru, çoxsaylı beynəlxalq layihələrin rəhbəri, beynəlxalq konfransların təşkilatçısı
1983: Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər akademiyasının V.A. Steklov adına Riyaziyyat İnstitutu, Moskva
1988 – 1990: Leninqrad Maliyyə və İqtisad İnstitutu Bakı filialında Riyaziyyat kafedrasının müdiri
1991: Xəzər Universitetinin təsisçisi
1991-dən bu vaxta qədər: Xəzər Universitetinin rektoru
1994: Yusif Məmmədəliyev mükafatı laureatı – Elm və təhsil sahəsindəki xidmətlərinə görə
1995-ci ildən bu vaxta qədər: "Аzərbaycan Araşdırmalar Jurnalı" (Journal of Azerbaijani studies), "Xəzər Riyaziyyat Jurnalı"з (Khazar Journal of Mathematics) elmi jurnallarının və "XəzərXəbər" (Khazar View)ədəbi-publisistik dərgisinin redaktoru, "Azərbaycan Arxeologiyası" jurnalının təsisçisi
1996 – bu vaxta qədər: Azərbaycan universitetləri rektorlar şurasının həmsədri
1997: Xəzər Universitəsi İdman klubunun təsisçisi (super liqada futbol klubu -1999-2004, super liqada basketbol klubu -1999-bu günə qədər, şahmat klubu – 2005)
1997 – 1999: Avrasiya (Eurasia Foundation) Qafqaz fondu, Tbilisi, idarə heyətinin üzvü
1998 – 2002: Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Soros fondu), idarə heyətinin üzvü
2000 – 2007: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, İcraiyyə Komitəsinin üzvü
2001- bu vaxta qədər: Özəl universitetlər Assosiasiyasının prezidenti
2001: Beynəlxalq Elmlər Akademiyası – Elmi Tərəqqi üzrə Beynəlxalq Şura, həqiqi üzv
2004: "Qızıl Qələm" mükafatçısı – Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə
2005: Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası, həqiqi üzv
2005: "Səməd Vurğun" mükafatı laureatı – Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə
2005: Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, üzv
2008: Fəxri doktor. Avrouniversitet (Tallin, Estoniya)
2008: Birinci vitse-prezident, EURAS (Avroasiya Universitetlər Birliyi)
2010: Cəfər Cabbarlı mükafatı laureatı – Klassik və çağdaş Azərbaycan poeziyası nın təbliğinə, çoxcildli "Azərbaycan Sevgi Poeziyası" kitabının tərtibinə görə.
2010: Milli "Xəzər" mükafatı laureatı – Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə və beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə.
2010: Karabakh Foundation, USA (Qarabağ fondu, ABŞ), (www.karabakhfoundation.org), həmtəsisçi və direktorlar şurasının üzvü.

Haqqında

Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.

Fuad Tanrıverdiyev in 1997-cu ildə nəşr olunmuş "Hamlet İsaxanlı. Alim və qurucu ömrü" kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş "Bu dünyaya nə gətirdim...Hamlet İsayev (İsaxanlı" kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər.

Bir çox monoqrafiya və elmi məqalələrdə, xüsusilə riyaziyyat, təhsil və humanitar sahələr üzrə tədqiqatlarda Hamlet İsaxanlının (İsayevin) əsərlərinə istinad edilmiş, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Azərbaycanın bütün radio və televiziyalarının, Qərbdə və Şərqdə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çoxsaylı radio və televiziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir.

Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Arzumanlı, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.

Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sənət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır.

Hamlet İsaxanlının portretləri

Mənbə
Fuad Tanrıverdiyev. "Hamlet İsaxanlı. Alim və qurucu ömrü". Bakı, 1997.
Knyaz Aslan, Vahid Ömərli. "Bu dünyaya nə gətirdim...Hamlet İsayev (İsaxanlı". Bakı, 2005.
С. Исмайлова. Лекции в университетах Калгари и Торонто. Элм, 1986, 11 февраля.
Rafael Nağıyev. Qisas düsturu. "Kommunist" qəzeti, 1987, 02 iyul, s. 6.
В. Одинец. В университетах Канады. Советский экономист, Ленинград, 1989, 27 января, с. 4.
Hamlet Isayev(Issakhanly) in "Who's Who in the Former Soviet Union". Surrey, England: Debrett's Peerage Ltd., 1994, p. 22-23.
Aslan Hacılı. Əbədiyaşarlıq. Qardabani qəzeti, Gürcüstan, Tbilisi, 1996, dekabr.
Ирeнa Сеидова. "Хазар" – это озеро, которое может называться морем. Consulting and Business, Баку, 1996, с. 82-83.
Mirabbas Qasımov – Qoy ilahi səni mütaliədən heç vaxt ayırmasın. "Hamlet İsaxanlı" ("Xəzər Xəbər"in xüsusi buraxılışı): Mustafayev Camal – Milli ziyalı şərəfi, Rzayev Nurəddin – Taleyin gözəl bir səhifəsi, Süleymanov Manaf – Dostluğumuz necə başlanıb?, Mahmudov Elmxan – Zirvəyə yüksələn yollar, Zəlimxan Yaqub – Hamlet İsaxanlı kimdir mənim üçün?, Mahmudov Rza – Yaşadıqca yaşayan xatirələrim, "Xəzər Xəbər", 1998, 01 mart (№ 42).
Camal Mustafayev. Poeziya intellektlə qovuşur (Hamlet İsaxanlının "Təzadlar" kitabına ön söz). Bakı, Xəzər Universitəsi nəşriyyatı, 2001.
H. Siyami. Təzadları görən şair. "Fəcr-e Azərbaycan" qəzeti, İran, 2001, 7 avqust, № 2445.
Mövlud Süleymanlı. Böyük sözün içindən gələn ifadəsi. 525-ci qəzet, 2002, 3 sentyabr, s. 7.
Mövlud Süleymanlı. Oxucunu özüylə aparan misralar: Hamlet İsaxanlının "Təzadlar" kitabını oxuyarkən. Xəzər Xəbər, 2002, 15 sentyabr, № 129, s. 6-9.
S. Gültən. Hamlet İsaxanlı şer dünyasına qısa səyahət. Azərbaycan müəllimi, 2003, 3-9 oktyabr, s. 8.
S. Gültən. Təzadlar: Hamlet İsaxanlının şer kitabı haqqında təzadsız fikirlərim. Xəzər Xəbər, 2003, 01-31 oktyabr (№ 153), s. 8-9; Həmçinin bax: Yeni əsr, 2003, 23 sentyabr.
Kamran Nəzirli. Görkəmli alimin şer dünyası (Hamlet İsaxanlının "Təzadlar"ı barədə düşüncələr). Xəzər Xəbər, 2003, 01-15 sentyabr (№ 152), s. 14-15.
S. Gültən. Bu da bir həyatdı – "Təzadlar"la dolu "Ömür poeziyası" "Şeirə dönən duyğular"da. 525-ci qəzet, 2004, 13 may.
Aydın Qənbərov. Həzin nəğmə dolu "Təzadlar". Xəzər Xəbər, 2004, 15 mart (№ 162), s. 14-15.
Metin Turan. Yeni Azerbaycan Şiiri ve Hamlet İsahanlı. LİTTERA. Edebiyat Yazıları. Ankara, 2004, Cilt 14, s. 163-168. Həmçinin bax: 525-ci qəzet, 2005, 12 oktyabr, s. 7.
N. Səməndər. "Şair qəlbi olmayan böyük riyaziyatçı ola bilməz". 525-ci qəzet, 2004, 4 dekabr, s. 27.
Дinara Каракмазли. В моем сердце живут две любви – к математике и поэзии. Эхо, 2004, 3 марта (№41), с. 41.
S. Gültən. Sevgi kimi əbədi poeziya. 525-ci qəzet, 2005, 20 aprel.
Camal Mustafayev. Ruh düşünəndə yaşayır. Xəzər Xəbər, 2005, 01 mart (№ 183), s. 19-21.
Kamran Nəzirli. Hamlet İsaxanlının həssas poeziyası. Xəzər Xəbər, 2005, 01 noyabr (№ 196), s. 21-23.
Süleyman Əfəndi. Təzadlar dalğasında üzən şair. Tbilisi şəhərində Xəzər Universitəsinin təsiscisi və rektoru, professor Hamlet İsaxanlı ilə görüş keçirilmişdir. Xəzər Xəbər, 2006, 15 iyun (№ 211), s. 6-11. Həmçinin bax: Gürcüstan qəzeti, 2006, 2 iyun.
Ə. Ağamirzəyev. Müasir dövrdə Azərbaycanda rus ədəbiyyatının nəşri. V. Bəhmənli, Hamlet İsaxanlı və Anarın tərcümələri haqqında. Mütərcim, 2007, № 1-2, s. 146-150.
X. Əhmədov, Z. Əliyeva. "Məhdud çərçivələr içində parlaq gözəllik": Hamlet İsaxanlı həm elmdə, həm ədəbiyyatda, həm də idarəetmədə təkbaşına bu missiyanı sərgiləyir. Geopolitika, 2007, № 37, s. 12.
X. Əhmədov, Z. Əliyeva. "Sadə, səmimi, xoşniyyət olanda ətrafdakıların da rəğbətini hiss edirsən". Geopolitika, 2007, № 38, s. 12.
"Isayev (Isaxanli) Hamlet Abdulla" / M.B. Babayev // "Azerbaijan Mathematicians XX Century = Математики Азербайджана ХХ век " kitabında (М.B. Babayev, E. Taghizadeh, K. Musayev). Baku, Oka Ofset, 2007, p. 77.
Людмила Лаврова. "Приглашение к странствию" (Bступительная статья к книге "Конрасты. Книга стихотворений". Пер. с азерб. Аллы Ахундовой. Москва, ИзографЪ, 2007, с. 7-26. Həmçinin bax: Xəzər Xəbər, 2007, 01-15 yanvar (№ 221-222), s. 16-21.
Vaqif Arzumanlı. Mənim stolüstü kitablarımdan biri belə adlanır: "Bu dünyada nə gətirdim?". Xəzər Xəbər, 2008, 15 aprel (№ 249), s. 14-15.
Xəlil Məcidoğlu. Allahın sevimli bəndəsi. Xəzər Xəbər, 2008, 01 yanvar (№ 242), s. 8-11.
Xəlil Məcidoğlu. Dostum haqqında. 525-ci qəzet, 2008, 20 dekabr (№ 235), s. 26.
Xəlil Məcidoğlu. Keçməsək arzudan əmələ / məhv olar, puç olar arzular. Xəzər Xəbər, 2008, 01 mart (№ 246), s. 7-9.
Telman Nəzərli. Qəlbin hökmündən başlanan yol. "Azərbaycan" qəzeti, 2008, 19 mart (№ 61), s. 10. Həmçinin bax: Xəzər Xəbər, 2008, 01 aprel (№ 248), s. 14-16.
D. Zeynalova. "Hələ ki gedirik üzü sabaha…". Xəzər Xəbər, 2008, 01 mart (№ 246), s. 18-19.


Tarix: 15.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3252 Bölmə: Şairlər və Yazıçılar
loading...