Minasazov Hüseyn Baxşəli oğlu – Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu
Həyatı
Hüseyn Minasazov 1881-ci ildə Borçalı mahalının eyni adlı nümayəndəliyinin Sarvan kəndində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndi Sarvanda qurtardıqdan sonra təhsilini 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirmiş, tam kursu 1894-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycana köçmüş, əvvəlcə Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində, sonra isə Bakıya gələrək ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləmişdir.
Hüseyn Minasazov 1924-cü ilə qədər (ara-sıra) Borçalı mahalının Sarvan (indiki Marneuli) kəndində yaşamış, yerli məktəbdə müəllimlik etmiş, Gürcüstan SSR Mərkəzi İcraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məsul katibi işləmişdir. 1924-cü ilin dekabr ayından 1928-ci ilə qədər Naxçıvan və Bakı şəhərlərində arxivlər idarəsində elmi işçi vəzifəsində çalışmışdır.
Hüseyn Minasazov 1932-ci ildə Bakıda vəfat etmişdir.
Fəaliyyəti
Hüseyn Minasazov müəllim işləyə-işləyə mətbuatda ictimai quruluşa, milli münasibətlərə, qadın azadlığına və s. problemlərə həsr olunmuş elmi, elmi-publisistik məqalələr çap etdirmişdir. O vaxt belə yazıların üstündə pedaqoji məktəblərin (Bakı, Dağıstan) müdirləri ilə Hüseyn Minasazovun münaqişələri olurdu. 1902-ci ildə Hüseyn Minasazov redaksiyaların birində korrektor vəzifəsinə işə düzəlmiş, "Kaspi" qəzetinin korrektoru olmuşdur. Bu qəzetdə kəndli hərəkatına qarşı çıxan zadəganları və müftəxor siyasətçiləri ifşa edən yazılarla, qadın azadlığı və təlim-tərbiyə, feodal-kəndli həyat tərzinə və s. məsələlərə dair məqalələrlə çıxış etmişdir. O, həmin dövrdə böyük Azərbaycan mütəfəkkiri, alimi və publisisti olan mahir qəzet işçisi Həsən bəy Zərdabi ilə ilk dəfə görüşüb yaxından tanış olmuşdur.
1906-cı ilin ortalarında Hüseyn Minasazov ukraynalı dostu E. Bondarenko ilə Tiflisə köçmüş, "Zaqafqaziye" qəzetində əməkdaşlığa başlamışdır. Hüseyn Minasazov burada məşhur "Molla Nəsrəddin" jurnalının heyəti, onun yaradıcısı Cəlil Məmmədquluzadə və inqilabçı-demokratik hərəkatın banilərilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Minasazov Ömər Faiq Nemanzadə, Qr. Diasilidze, İ. Nakaşidze və P. Qotua kimi məşhur incəsənət xadimləri və ədəbiyyatşünaslarla dostlaşmışdır.
Gürcü ədəbiyyatının klassiklərindən olan İ. Çavçavadzenin vəhşicəsinə öldürülməsi gənc Hüseyni sarsıtmış və 1907-ci il sentyabrın 5-də Gürcüstanın ən məşhur qəzeti olan "İsari" də ("Strela") bütün Azərbaycan gəncləri adından başsağlığı vermişdir. İki gündən sonra isə bu görkəmli şəxsiyyəti qətlə yetirən caniləri cəsarət və hiddətlə ifşa etmişdir.
1907-ci ilin iyununda dostu E. Bondarenko ağır xəstələnmişdir. Hüseyn Minasazov "Jurnalistin payı" adlı məqaləsində dostu haqqında ürək ağrısı ilə yazaraq qeyd etmişdir ki, onun 25 il döyüşən qələmi susmamalıdır. O, sağalıb xalq arasında öz qüdrətli qələmi ilə çıxış etməlidir. Ona görə xalqa müraciət edib, kömək diləmişdir. Əlbəttə, xalq onun səsini eşitmiş, sözünə qulaq asıb yardım göstərmişdir.
1908-ci ildə məşhur gürcü klassiki A. Seretelinin ədəbi yaradıcılığının 50 illiyi münasibətilə keçirilən yubiley gecəsi mərasimində də fəal iştirak etmişdir.
Ümumiyyətlə, Hüseyn Minasazov o dövr üçün lazımlı və gərəkli olan qəzet, mətbuat məsələlərinə çox ciddi yanaşmış, bu sahədə gərgin əmək sərf etmişdir. Tiflisdə "Oqni" jurnalının çapı üçün dövlət orqanlarından, Poliqrafiya və Tipoqrafiya Nazirliyindən icazə almışdır (1907). Hüseyn Minasazov yeganə azərbaycanlı publisistdir ki, həmin jurnalın birinci buraxılışını redaktə edib rus variantını buraxmışdır. Bu jurnal tez bir vaxtda məşhurlaşmış, yayılma miqyasını genişləndirmişdir. Qısa bir müddətdə "Oqni", "Rus", "Svobodnaya mısl", "Odesskoe obozrenie" və s. jurnallar öz baş məqalələrini "Zakavkazskoe obozrenie" jurnalına həsr etmişdilər. V. Pşavelanın, İ. Nakaşidzenin, C. Məmmədquluzadənin siyasi felyetonları, Hüseyn Minasazovun siyasi xarakterli məqalə və məlumatları da çap olunmuşdur.
Jurnalist və publisist yaradıcılığından başqa, Hüseyn Minasazov xalqın aşağı təbəqəsinin bir yumruq kimi birləşməsi naminə, onların dünyagörüşlərinin inkişafı istiqamətində, teatr, dram əsərlərinin yaranması istiqamətində, ümumiyyətlə, ictimai-siyasi və mədəni-ədəbi, əhalinin incəsənət və maariflənməsi yönümündə çox böyük və misilsiz işlər görmüşdür.
1907-ci ildə Hüseyn Minasazov "Qafqazda uşaqların təhsil və savad məsələlərinin təminatı" qərarını bir qrup rus, gürcü və s. ziyalıların birgə səyi nəticəsində həyata keçirmişdir. Gələcək sovetə üzv olan Minasazov 1911-ci ilə qədər yüzlərlə ziyalıdan, tələbədən bu barədə məktublar almışdır. 1907-ci ilin axırlarında Hüseyn Minasazov "Zakafkaziye" qəzetinin müxbiri kimi Təbrizə yola düşmüş, orada, yəni Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırmışdır.
Hüseyn Minasazov 1909-cu ildə Peterburqa getmişdir. Onun mahir bir jurnalist-publisist kimi yetişməsində Peterburq mühitinin çox böyük təsiri olmuşdur. Elə həmin ildə K. Abaşidze, Qr. Diasamidze, V. Eqorov, V. Ostrovski və başqa ədiblərin əməkdaşlığı və yaxından iştirakı ilə birinci dəfə olaraq rus dilində "Ejenedelnoe obozrenie" qəzeti buraxılmışdır.
Bakı və Tiflis şəhərlərində çıxan bütün rus qəzetlərində Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluq, qardaşlıq həmrəylik və s. kimi aktual problemlər qaldırıb məqalələrlə çıxış etmişdir. O, çar üsul-idarəsinə, çarizmə, milli qırğına qarşı çıxışlar etmiş, millətləri, xalqları milli barışığa çağırmışdır.
Fevral burjua inqilabından (1917) sonra Hüseyn Minasazov müvəqqəti hökumətə qarşı tənqidi çıxışlar etmiş və "Soyuz narodov" (Xalqların birliyi) adlı məqaləsində "Yaşasın xalqlar birliyi, həmrəyliyi", "Vahid ailənin birliyi" kimi ürəyindən keçən istəyi bütün xalqa, millətə çatdırmışdır.
1929-cu ildən ömrünün sonuna kimi Hüseyn Minasazov respublikada nəşriyyat sahəsində, sonra isə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tarix-etnoqrafiya şöbəsində elmi əməkdaş işləmişdir. Bu illərdə publisist "Bir inqilabın yüz ili", kəndli hərəkatına həsr edilmiş elmi işi və "SSRİ Elmlər Akademiyasının dərsi" adlı monoqrafiyalarını yazıb tamamlamışdır. Hər iki elmi işin əlyazması dövlət arxivində saxlanılır.
Hüseyn Minasazov cəsur jurnalist, publisist və demokratik ruhlu şəxsiyyət olmuşdur. O, "Rossiya" və "Novoe vremya" qəzetlərinin şovinist əqidəli rəhbər, işçilərini öz məqalələrində tənqid atəşinə tutmuşdur. Minasazovun ən qiymətli və dəyərli işlərindən biri erməni-azərbaycanlı münaqişəsinə son qoyulması yolunda atdığı mübariz addımdır. Onun fikrincə, bu cür problemlərdən yaranan "Balkan müharibəsi və Türkiyə krizisi", 1913-cü ildə artıq Bakıya da gəlib çatmışdı. 1910-1913-cü illərdə Bakı şəhərinin küçələrində baş vermiş erməni-müsəlman savaşı dediklərimizə canlı sübutdur. Minasazovun qəzet və jurnallardakı çıxışları nəinki münaqişələrə, şovinistlərin demokratik qüvvələri sıxışdırmasına qarşı mübarizəyə, eyni zamanda mülkədar-kəndli münasibətlərinə də həsr olunmuşdur.
1908-1910-cu illərdə Hüseyn Minasazov bir xeyriyyəçi kimi xarici şəhər və dövlətlərdə oxuyan müsəlman ali məktəb tələbələrindən yüzlərlə məktub almışdır. "Doğma müsəlmanların müəllimi seminariyası" adlı məqaləsində Minasazov tələb etmişdir ki, Dağıstanda əhalinin savad alması üçün Qori müəllimlər seminariyasının nəzdində dağlılar üçün ayrıca şöbə açılsın.
Hüseyn Minasazov həm də tərcüməçi idi. 1911-1914-cü illərdə C. Məmmədquluzadənin "Poçt qutusu", 1915-ci ildə İ. Aşurbəyovun tipoqrafiyasında görkəmli Azərbaycan pedaqoqu M.T. Sidqinin "Kəlbə Nəsir" nağıl-şeir toplusu onun redaktorluğu ilə işıq üzü görmüşdür. Kitabın üz qabığında bu sözlər yazılmışdır: Bu kitabdan gələn qonorar yazıçıların ehtiyaca malik uşaqlarına verilsin.
Tarix: 15.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 837 Bölmə: Şairlər və Yazıçılar