Əli Cənnət oğlu Əsgərov 1914-cü ildə Bakının Bülbülə kəndində yoxsul bir ailədə anadan olub. 1922-33-cü illərdə ilk təhsilini həmin kənddə alıb. Bir illik kurs bitirdikdən sonra Kukla Teatrında işləyib, sonra isə 1943-cü ildə səfərbərliyə alınana qədər radio verilişləri komitəsinin uşaq şöbəsində redaktor kimi çalışıb.
Xəstəliyi ilə əlaqədar hərbi xidmət çəkə bilməyib.Sonralar gah "Kommunist" (indiki "Azərbaycan" – A.K.) qəzetində ədəbi işçi, gah folklor evinin müdiri, gah da radio verilişləri komitəsinin ədəbiyyat şöbəsində baş redaktor işləyib.
Hələ 1937-ci ildə ilk dəfə olaraq xalq şairi Səməd Vurğunun təşəbbüsü ilə "Azərnəşr"də "Bahadurun yuxusu" əsərini çap etdirir. Bundan sonra isə bir-birinin ardınca uşaqlar üçün "Bağbanın qonşusu", "Dovşan", "Azərbəyim", "Tülkü və bağban", "Qaraca çoban" və başqa bu kimi poema və mənzum nağıllar yazır.
Ə.Əsgərov gənc nəslin həyatından bir sıra maraqlı hekayələr, şerlər, kiçik formalı pyeslər yazırdı. "Ayrılıqdan sonra", "Əzizə", "Göz yaşları", "Günəşli dərədə" və s. yazılar bu qəbildəndir. Yazıçının oçerk janrı sahəsində xüsusi fəaliyyətini qeyd etmək lazımdır. O, bu oçerklərində o vaxt aktual olan neft, pambıq və kənd təsərrüfatının başqa sahələrində çalışan sadə əmək adamlarımızın fədakar işini qələmə alıb.
Yazıçının indiyə qədər çap olunmamış xeyli yazıları var ki, onlar hazırda Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Bu ədəbi fəaliyyətinə baxmayaraq, Ə.Əsgərov həmişə diqqətdən kənar qalıb, öz layiqli qiymətini nə sağlığında, nə dünyasını dəyişəndən sonra ala bilib.
Şəhərin mərkəzindən azacıq kənarda Təzə bazar yaxınlığında, qoca anası,yoldaşı, 3 körpə uşağı ilə birgə 1 otaqlı kiçik bir "mənzildə" yaşayıb. 1954-cü ildə son dəfə mənzil üçün Bakı Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş Ə.Əbdülrəhimova ərizə ilə müraciət edib və ondan müsbət cavab almayıb.Bir tərəfdən uzun sürən xəstəliyi, digər tərəfdən ailəsinin ağır yaşayış tərzinə dözə bilməyib dünyasını dəyişir.
Hal hazırda anadan olduğu kənddə yaşadığı küçə onun adını daşıyır.
Tarix: 14.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 521 Bölmə: Şairlər və Yazıçılar