Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdulla Şaiq

Talıbzadə Abdulla Şaiq Mustafa oğlu — klassik Azərbaycan şairi, yazıçısı, publisisti.

Həyatı

Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirib. O, milli gələnəklərə, görənəklərə bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi formalaşıb. Mollanəsrəddinçilərə yaxın olsa da, onlara hörmətlə yanaşsa da baxışlarına, ruhuna görə füyuzatçılara daha doğma idi.

A. Şaiq 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik "Uşaq çeşməyi" kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxabat", "Türk çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.

Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Şairin "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilb ruhlu şeirləri sayılır.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç" və "Məktub yetişmədi" hekayələri və "Əsrimizin qəhrəmanları" romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. "Həpimiz bir günəşin zərrəsiyiz" əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.

A.Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan ADR-i sevinclə qarşılayıb. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında A.Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazıb, yarımçıq "Əsrimizin qəhrəmanları" romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun "Vətənin yanıq səsi" şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib.

Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər" şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb.

1920-ci il aprelin 28-də rus ordusu (XI qırmızı ordu) Azərbaycana soxulur, kommunistlər hakimiyyəti ələ alır. Buna baxmayaraq, A.Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başladı. "Şaiq Nümunə məktəbi"nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrılır: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırılır. Akademik M.Salehli söyləyir ki, məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq "Mirzə" deyərdik. 1923-cü ildə "Nümunə məktəbi"nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.

Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan A.Şaiqin "Vəzifə", "Özü bilsin, mənə nə?", "Anabacı", "Əsəbi adam" kimi silsilə hekayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də "Tənqid-Təbliğ" teatrı üçün əsərlər yazır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazır. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.

Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur.

Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə "Həpimiz bir günəşin zərrəsiyiz" deyən A.Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunur, xalqları dostluğa, əmin-amanlığa çağırır. O, türk, rus, fars, tatar, litva, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları ədəbiyyatınlarının incilərini, Firdovsinin "Şahnamə"sindən bir parça, Şekspirin "Maqbet", C.Sviftin "Qulliverin səyahəti", Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə çevirir.

Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel inkişaf etdirir. Əslində, bu iki sahə onun fəaliyyətini tamamlayır. Elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun bədii əsərlərinin əsas mövzusu olur. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir.

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. A.Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.


Tarix: 13.01.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1282 Bölmə: Şairlər və Yazıçılar
loading...