Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaragilə...

Qaragilə (Vaccinium myrtillus) – qədim dərman bitkisidir. Təbabətdə dərman məqsədilə qaragilənin həm meyvəsi (Fructus Myrtilli), həm də yarpağı (Folia Myrtilli) işlədilir. Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilə mühüm bioloji aktiv maddələrin təbii mənbəyidir. Qaragilə antioksidant xassəyə malik olan məhsuldur. Onun üzvi turşuları və pektinləri orqanizmdən maddələr mübadiləsi məhsullarının və yad cinsli birləşmələrin çıxarılmasına səbəb olur, xərçəngin qarşısını almağa kömək edir. Qaragilənin tərkibinə daxil olan antioksidant xassəli aktiv maddələr gözün torlu qişasına sərbəst radikalların zərərli təsirini azaldır, torlu qişa hüceyrələrinə oksigen və qida maddələrinin daxil olmasını yaxşılaşdırır, torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir, torlu qişa toxumasının regenerasiyasını sürətləndirir, göz qapağı selikli qişasının infeksion, virus və allergiya mənşəli iltihabı (konyunktivit) zamanı müalicə kompleksində tətbiq olunur, həmçinin gözdaxili təzyiqin yüksəlməsində, katarakta və qlaukomanın ilkin mərhələlərində effektivdir, belə xəstəliklərin vaxtında qabağının alınmasına kömək edir. qaragiləHələ qədim zamanlardan qaragilə meyvəsi görmə qabiliyyətinə əlverişli təsir edən, onu artıran, görmə sahəsini böyüdən, bizə işıqlı dünyanı seyr etmək xoşbəxtliyini bəxş edən orqanın yorğunluğunu azaldan, həddən ziyadə yorulmuş gözlərin hətta tam dincəlməsini təmin edən əvəzolunmaz bir vasitə kimi məşhurdur. Qaragilə gerontologiyada böyük rəğbət qazanmış əvəzolunmaz vasitədir.Görmə itiliyinin illərlə itirilməməsi üçün mütəxəssislər profilaktik vasitə kimi daim qaragilə qəbul etməyi məsləhət görürlər. Qaragilə gözün yorğunluğunu götürür. Təsadüfi deyildir ki, gözlərin xronik yorğunluğuna qarşı mübarizədə qaragilə mükəmməl vasitədir. Xüsusən göz əməyi ilə məşğul olan insanlara (sürücü və toxuculara, daim kompüter arxasında oturub işləyənlərə) tövsiyə olunur. Qaragilə meyvəsinin tərkibinə daxil olan maddələr işığa qarşı həssaslığı yüksəldir, xüsusən gecə görmə qabiliyyətini yaxşılaşdırır. Buna görə qaragilə qəbul etmiş insan alaqaranlıq (toran, qaşqaralan vaxt) və qaranlıq şəraitində daha yaxşı görməyə başlayır. Fransa oftalmologiya laboratoriyası müəyyən etmişdir ki, qaragilənin meyvəsi görməni qaranlıqda yaxşılaşdırır. İkinci dünya müharibəsi zamanı Böyük Britaniyada ingilis təyyarəçiləri qaranlıqda yaxşı görmək məqsədilə gecə uçuşlarından qabaq qaragilədən hazırlanmış məmulatlardan yeyirdilər.
Təsadüfi deyildir ki, qaragilə kosmonavtların menyusuna daxil olan komponentlərdən biridir. Qaragilə əsəbləri sakitləşdirir, insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir. Uşaqların zehni və fiziki inkişafına, kamil nitqinin formalaşmasına müsbət təsir edir, xüsusən gec dil açan, materialı başa düşməkdə çətinlik çəkən və buna görə məktəb dərslərində müvəffəqiyyət qazana bilməyən uşaqlara tövsiyə edilir. Qaragilə vitaminlərin (xüsusən A, C, E vitaminlərinin), habelə mineralların qaynağıdır.

Hipovitaminozların və mineral çatışmazlığının müalicə və proflaktikası üçün qaragilə qəbul etmək lazımdır. C vitaminin çatışmazlığı nəticəsində diş ətində əmələ gələn skorbut xəstəliyinin (sinqanın) müalicəsi zamanı qaragilənin təzə meyvəsi faydalı hesab olunur. Qaragilə dəmirlə zəngin ekoloji təmiz məhsuldur. Orqanizmi dəmirlə təmin edir, anemiya, xüsusən uşaq və hamilələrdə olan qanazlığı zamanı istifadə olunur. Kardiotonik təsirə malik olur, ürək əzələsini qanla təmin edir, ürəyin və qan damarlarının divarının möhkəmlənməsinə səbəb olur, onların elastikliyini artırır, buna görə orqanların qanla daha yaxşı təmin olunmasında iştirak edir, venaların genişlənməsinin və trombların əmələ gəlməsinin qabağını almağa kömək edir, ümumiyyətlə, ürək xəstəlikləri başda olmaqla bir çox xəstəliklərə tutulma riskini azaldır. Tərkibindəki flavonoidlərin mövcudluğuna görə qan damarlarının zəifliyi ilə bağlı ateroskleroz, hipertoniya və başqa xəstəliklərdə tövsiyə olunur, onların inkişafının qarşısını alır. Qaragilənin aşı maddələri iltihab əleyhinə təsir göstərir, stomatit və gingivitlərin müalicəsi zamanı istifadə olunur.
Elmi təbabətdə meyvəsi ödqovucu, iltihab əleyhinə, zərif büzücü, bərkidici və ağrıkəsici təsir göstərən vasitə kimi əhəmiyyətlidir. Adi qaragilənin cavan budaqları büzücü təsir göstərən vasitə kimi tanınır. Qaragilə mədə-bağırsaq traktının fəaliyyətini nizamlayır və funksiyasının normallaşmasına səbəb olur, həzm kanalının iltihabını azaldır, həzmi yaxşılaşdırır, mədə pozğunluğunu aradan qaldırır, bağırsaqlardakı infeksiyaların qarşısını alır, bununla əlaqədar olaraq xalq təbabətində kəskin və xronik həzm pozğunluqları, xüsusən mədə-bağırsaq katarı, mədə yarası, mədə şirəsi turşuluğunun aşağı olmasından irəli gələn iltihabi xəstəlik (hipoasid qastrit), həzm prosesinin zəifləməsi, öd kisəsi xəstəlikləri, bağırsaq fəaliyyətinin pozulması, xüsusən kəskin enterokolit, ağrı və spazmlar zamanı təyin olunur.
Qaragilə meyvəsinin tərkibində olan üzvi turşular və pektinlər probiotik təsir göstərir, xronik qəbizlikdən, ishaldan və qastrointestinal aparatın diskomfortluq doğuran digər narahatlıqlarından qurtulmağa, babasil qanaxmalarının qarşısını almağa kömək edir. Uşaqlarda mədə-bağırsaq pozğunluqlarında (diareya, dizenteriya) istifadə olunur. Qaragilə maddələr mübadiləsini tarazlaşdırır, yüngül sidikqovucu, antibakterial, qankəsici və spazmagötürücü vasitə kimi işlədilir, həmçinin böyrək və sidik yollarında duz və daşların əridilməsində, sistit və uretritdə tətbiq olunur. Maddələr mübadiləsinin pozulması ilə bağlı xəstəliklərdə qaragilədən geniş istifadə olunur. Bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn podaqra kimi oynaq və toxuma xəstəliyinin müalicəsində hələ qədimdən xalq təbabətində qaragilə işlədilir.

Bundan başqa, onun meyvələrindən hazırlanan dəmləmə xronik revmatizm zamanı məsləhət görülür. Xalq təbabətində dəri xəstəlikləri (ekzema, dəmrov, yanıq və xora) zamanı onların müalicəsi üçün qaragilədən istifadə olunmasına dair mötəbər məlumatlar vardır. Klinik tədqiqatlar sübut etmişdir ki, qaragilə şəkər xəstəliyində yaxşı effekt verən bir vasitədir. Qaragilənin tərkibində olan neomirtillin qlikozidinin hipoqlikemik təsir göstərməsi klinik tədqiqatlar nəticəsində müəyyən edilmişdir.

Belə ki, mütəmadi qaragilə qəbul edən diabetik xəstənin qanında və sidiyində şəkərin miqdarı aşağı düşür. Nəzərə alsaq ki, qaragilə eyni zamanda antioksidant xarakterli məhsul olaraq gözün torlu qişasına sərbəst radikalların zərərli təsirini azaldır, onda diabetik retinopatiya zamanı onun yüksək effektivliyə malik olduğunu və geniş tətbiq edildiyini əsaslandırmağa heç bir lüzum qalmır. Bundan başqa, qaragilə immuniteti qaldırır. Travmaya məruz qaldıqdan, ağır xəstəlik və cərrahi əməliyyat keçirildikdən sonra orqanizmin tez bərpası üçün qaragilə qəbul olunması zəruridir.


Tarix: 10.12.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...