Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi isalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, zoğalın və cır armudun şirəsi isalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi və həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir.
Xalq təbbətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanəmələgətirən dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.
Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikdə həlimi öd və sidikqovan, çiçəklərinin həlimi, meyvələrinin şirəsi və həlimi titrətmə – qızdırma əleyhinə vasitə kimi işlədilib. Zoğalın mürəbbəsi soyuqdəymə zamanı tərlədici və hərarət salan, mədə sancmasında ağrıkəsən vasitə kimi istifadə edilir.
Çin təbabətində zoğal vərəmdə, mədə tez-tez işləyəndə, qulaqlarda səs və beldə ağrı olanda işlədilir.
Dərmanları. Meyvələrinin həlimi belə hazırlanır: 2 xörək qaşığı meyvələri, 1 stəkan qaynar su ilə 8 saat dəmlənir. Gündə iki dəfə ½ stəkan qəbul edilir.
Köklərinin həlimi. Əzilmiş xırda kökləri (1: 10 nisbətində) qaynadılır, sonra iki saat dəmlənir. Bu dərman süzülür, gündə 3 dəfə və hər dəfə iki xörək qaşığı qəbul edilir.
Köklərinin belə həlimi orqanizmin tonusunu və fəaliyyətini artırır.
Budaq və yarpaqlarının birlikdə çayı: budaq və yarpaqlarının narın əzilmiş qarışığından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Süzülərək ¼ stəkan gündə 3-4 dəfə qəbul edilir. Bu isal əleyhinə, ödqovucu və sidikqovucu vasitədir.
Malyariyada 2 xörək qaşığı zoğal ağacının qabığını 2 stəkan su töküb zəif odda ağzı örtülü qabda 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Bütün alınan həlimi qurtum – qurtum gün ərzində içmək.
Zoğal meyvəsi mədə qanaxmalarında və isalda faydalıdır. Cövhər: 5-10 q quru zoğal meyvələri 1 stəkan qaynar suya töküb 1 saat dəmlənir. İsalda gündə 1 stəkan, mədə qanaxmalarında isə yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək.
Lumbaqoda (bel ağrısı) zoğalın meyvəsini (tumsuz) tənzifə büküb belin ağrıyan yerinə qoyurlar.
Zoğal sirkəsi: yuyulub tumları təmizlənmiş 1,5 kq zoğal ağacla döyülüb əzilir və şüşə bankaya tökülür, üzərinə 1,5 litr su, 200 qr şəkər və 1-2 budaq nanə əlavə edib ağzı ikiqat tənziflə bağlanır. Otaq şəraitində 2-3 ay saxlanır. Bundan sonra üst təbəqə süzülür və alınan sirkə xörəklərin hazırlanmasında istifadə edilir.
Tarix: 22.08.2012 / 03:14 Müəllif: [Ram] Baxılıb: 1068 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər