Urartu dövləti — Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranmışdır.
Dünyanın ən ciddi elmi dairələrində ən güclü urartoloq kimi qəbul edilən, amma məhz erməni "elmi dairələri" tərəfindən bir çox hallarda aldadılmış və bu səbəbdən də ciddi yanlışlıqlara yol vermiş akademik B.Piotrovskinin qənaətlərinə görə,
"...Uruatri adına ilk dəfə eramızdan əvvəlki XIII əsrin əvvəllərində, Assuriya çarı I Salmanasarın yürüşlərinə dair salnamələrdə rast gəlinir. Eramızdan əvvəlki XIII-XII əsrlərə dair kitabələrdə Uruatri kəlməsinə nadir hallarda təsadüf olunsa da, hər halda əldə olunan məlumatlara əsasən bu dövlətin Assuriya çarlığının şimalında, Van gölü hövzəsində olduğunu söyləmək mümkündür. Assuriya ilə Urartunu bir-birindən assuriyalıların Nairi dənizi adlandırdığı Van gölünün cənubundakı Nairi dövləti ayırırmış..."
Bütün dünya tarixçiləri gözəl bilirlər ki, Urartunun bugünkü ermənilərə dəxli yoxdur.
Urartu mədəniyyəti
Urartu Mesopotamiyadan şimalda, Şərqi Anadoluda (Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi.
Urartu dağlıq ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən götürür. Urartu əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu ölkəni Urartu, urartulular isə öz ölkələrini Biaynili adlandırırdılar. Assur hökmdarı I Salmanasar "Uruatri ölkələri" ifadəsini işlətmişdi. "Uruatr"i adı tədricən Urartu adı ilə əvəz olunmuşdu. Bu zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal Urartu ölkəsinə yürüş təşkil etmişdi. Urartulular ona güclü müqavimət göstərmişdilər. Urartunun dağlıq ərazisində, məhsuldar vadilərində, düzən torpaqlarında əhali müxtəlif təsərrüfat işləri ilə məşğul olurdu. Onların təsərrüfat həyatı haqqında mixi yazılar və arxeoloji materiallar məlumat verir.
Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıqla məşğul olmuşlar. Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə xüsusi diqqət yetirilirdi. Van gölünün şimal hissəsində bir neçə qollara ayrılan suvarma kanalı çəkilmişdi. Bunlardan biri Menua kanalı adlanırdı. Bu kanal vasitəsi ilə Van şəhəri içməli bulaq suyu ilə təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi yazılarda "Menua kanalı" sözləri aşkar edilmişdir.
Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır və qalalar tikdirirdi. O, Urartunun baş allahı Haldinin şərəfinə qala tikdirmiş və onu "Haldi allahının şəhəri" adlandırmışdı. Burada üzüm tənəkləri saldırmış və həmin bağı "Menuanın üzümlüyü" adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı. Onun adı əşyalar üzərində "Menuanın malı" ifadəsi ilə həkk olunmuşdu.
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi və təsərrüfat işlərində, habelə hərbi yürüşlərdə istifadə edilirdi. At çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi. Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət sahələri inkişaf etmişdi. Urartu sənətkarları müxtəlif tunc məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox və s. istehsal edirdilər. Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. Onlarda memarlıq, yazı mədəniyyəti, incəsənət yüksək inkişaf etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək Urartu dilinə uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü mətnlər-kitabələr həkk olunmuşdu. Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı sənədlər aşkar edilmişdir. Urartulular istehkam və qala inşası sahəsində böyük təcrübə qazanmış və şəhərlər salmışlar.
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi. Haldi (səma allahı) Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl qoyulmuşdu. Tufan, ildırım və yağış allahı Teyşeba, günəş allahı Şivini adlanırdı.
Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, zərgərlik məmulatlarının, möhürlərin üzərində müxtəlif rəsmlər təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə işlənmiş "taxtda əyləşmiş İlahəyə səcdə edən qadın" təsviri Urartu zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin coğrafi şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla yanaşı, məhsuldar vadilər, aran torpaqları mövcud idi. Xüsusilə Haldi allahına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və təbliğ olunurdu. Urartu hökmdarları öz qələbələrini və abadlıq işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir və qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən gətirilmiş qənimətin, mal-qaranın və əsirlərin bir qismi məbəd təsərrüfatına bəxş edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik deyildilər. Urartu hökmdarları məbəd tikintisinə diqqət verirdilər, lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar təsərrüfatlar hələ yaranmamışdı.
Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar təsərrüfatı mühüm mövqeyə malik olmuşdu. Dövlət təsərrüfatının geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var idi. Urartu hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması hökmdarın göstərişi ilə həyata keçirilirdi.
Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. Belə əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi dövlət təsərrüfatında tətbiq olunurdu.
Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda xidmətə qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz edirdilər. İşğal olunmuş ölkələrdə hərbi və inzibati mərkəzlər yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda at çapma və oxatma yarışları keçirilirdi.
Dövlətin ərazisi canişinliklərə bölünmüşdü. İşğal olunmuş torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı. Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə şərait yaratdı. Burada xırda hökmdarlar bu və ya digər ərazini idarə edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili inkişaf prosesini pozur və onların dövlət şəklində birləşməsini ləngidirdi. Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir göstərmişdi. İkiçayarasından mixi yazı mənimsənilmiş və Urartu dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala inşası sahəsində püxtələşmiş və şəhərsalma inşaat qaydalarını mənimsəmişdilər.
Tarix: 12.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 345 Bölmə: Ümumi