Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Ermənistan Konfransı

Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14-21-də Bakıda keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919 il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919 il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919 ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan -Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı.

Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919 il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı (bax Azərbaycan - Ermənistan sazişi (1919)). Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.

Konfransın ilk iclası Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Yusif Cəfərovun çıxışı ilə açıldı. O, açılış nitqində, Cənubi Qafqazın müstəqil respublikalara parçalanması ilə bu respublikalar arasındakı müna-sibətlərdə, onların ərazilərinin müəyyən olunmasında bir çox həll olunmamış, mübahisəli məsələlərin qaldığını bildirdi. İlk iclasda Fətəli xan Xoyski və Arutünyants nümayəndə heyətlərinin rəhbərləri kimi konfransı salamladılar. Müttəfiqlərin Ermənistandakı ali komissarı polkovnik Haskelin, Gürcüstanın Azərbaycandakı diplomatik nümayəndəsi Alşibayanın, Bakıdakı Erməni Milli Şurasının, Azərbaycan Parlamentində "Daşnaksutyun" fraksiyasının təbrik teleqramları dinlənildi. Hər iki nümayəndə heyətinin sədrlərindən ibarət rəyasət heyəti və iclaslara sədrlik qaydası müəyyənləşdirildi.

Konfransın dekabrın 15-də keçən növbəti iclasında müzakirə ediləcək məsələlərin qoyuluşu ətrafında fikir ayrılığı yarandı. Fətəli xan Xoyskinin ilk növbədə ərazi problemlərini müzakirə etmək təklifi və Məmməd Həsən Hacinskinin sərhəd mübahisələrinin 23 noyabr sazişinə uyğun olaraq həll edilməsini konfransın əsas vəzifəsi sayması Ermənistan tərəfindən (Arutünyants və Bekzadyan) etirazla qarşılandı. Onlar ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait və vaxtın yetişmədiyini bildirdilər. Erməni tərəfi, ilk növbədə, iqtisadi-maliyyə səciyyəli məsələlərin müzakirəsini təklif edirdi. Məmməd Həsən Hacinski Qafqaz Konfederasiyası yaradılmasını bir çox problemlərin həllində əsas çıxış yolu olduğunu vurğuladı. Dekabrın 17-də keçirilən iclasda əsas müzakirə Məmməd Həsən Hacınskinin qaldırdığı Cənubi Qafqaz Respublikaları Konfederasiyası məsələsinin konfransın gündəliyinə çıxarılması ətrafında getdi. Erməni nümayəndə heyəti bu məsələdə hökuməti tərəfindən səlahiyyətli olmadığını, lakin konfederasiya məsələsini prinsipcə dəstəkləyə biləcəklərini bəyan etdi. Konfederasiya məsələsi Azərbaycan tərəfindən ümumi iclasda da irəli sürüldü. Erməni nümayəndə heyəti bu təklifi dəstəklədi. Nəticədə, müvafiq qətnamə qəbul edilməsi qərara alındı. Həmin məsələnin növbəti Tiflis konfransının müzakirəsinə çıxarılması və hazırlanması üçün Cənubi Qafqaz respublikaları hökumətlərinə müvafiq təklif verilməsi nəzərdə tutuldu. Ərazi məsələsinə gəldikdə, bu məsələnin müzakirəsi 17 dekabr iclasında da baş tutmamış, növbəti iclasa saxlanılmış, məhkəmə-hüquq münasibətlərinə və konsulluq agentliklərinin təsis edilməsinə dair məsələlərin isə konfransın gündəliyinə salınması qərara alınmışdı. Fətəli xan Xoyskinin sədrlik etdiyi 19 dekabr iclasında konfederasiya məsələsinə yenidən önəm verilmiş, konfransın sonuncu - 21 dekabr tarixli iclasında tərəflər arasında əvvəlki iclaslarda razılaşdırılmış formada əlavə məsələlər müzakirəyə çıxarılmışdı. Ərazi, qaçqınlar, ticarət və dəmir yollarına dair müqavilələrin bağlanması məsələlərinə əlavə olaraq, hər iki respublika vətəndaşlarının məhkəmə-hüquq münasibətlərinə dair, həmçinin, Azərbaycan və Ermənistanın müxtəlif şəhərlərində konsulluqların təsisi məsələləri də konfransın gündəliyinə daxil edilmişdi.

Konfrans Bakıdakı işini yekunlaşdıraraq, konfederasiya məsələsi ilə yanaşı,qalan məsələlərin də müzakirəsini Tiflis konfransına keçirməyi qərarlaşdırdı (bax Zaqafqaziya konfransı). Konfrans bəyan etdi ki, hər iki respublika arasında hərbi əməliyyatlar dayandırılmalı və bütün mübahisəli məsələlər sülh yolu ilə həll olunmalıdır. Ümumiyyətlə isə, konfrans iki dövlət arasındakı gərgin münasibətlərə heç bir aydınlıq gətirmədi, mübahisəli sərhəd-ərazi məsələlərinin, o cümlədən Zəngəzur probleminin həllində əməli addımlar atmadı, tərəflər arasındakı ziddiyyətləri həll edə bilməyərək, işini yarımçıq dayandırdı.


Tarix: 12.02.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Ümumi
loading...