"Sührəvərdi vəsiyyətləri" bir neçə traktatdır. Zakir Məmmədov onlardan birinin mütəfəkkirin öz oğluna nəsihəti, yaxud vəsiyyəti olduğunu bildirərək burada sufi olmağın məsuliyyətindən söz açıldığını, sufi elmində cahil olanların düşmən adlandırıldığını qeyd etmişdir: "El əhlinin cahilləri düşməndirlər."
O, oğlunu cahil sufi olmaqdan saqınmağa çağırır: "Fiqhi öyrən və sufilərin cahillərndən olma. Belə ki, onlar dinin oğruları, müsəlmanların yolkəsənidirlər."
Müəllifin öz oğluna yazdığı vəsiyyətin bir neçə nüsxəsi Daşkənddə və Sankt-Peterburqda saxlanılır. Başqa bir "Vəsiyyət"i Əbuhəfs Sührəvərdi öz müridi Ömər ibn Əbusəid Multani üçün yazmışdır. Traktatda sufizm məsələləri mühüm yer tutur. Əsərin üç nüsxəsindən ikisi Berlində saxlanan nüsxəyə mütabiqdir. Əbuhəfs Sührəvərdinin yaradıcılığında onun Kəmaləddin İsmayıl İsfəhaniyə (1170–1237) bir məktubu da maraqlıdır. İncə şeirlər ustadı kimi şöhrət tapmış Kəmaləddin İsfahani Əbuhəfs Sührəvərdinin güclü təsiri altında olmuşdur. Şair mütəfəkkirə həsr etdiyi yetmiş yeddi beytdən ibarət qəsidəsində onu "zəmanınin yeganəsi" adlandırmış, səmimi hörmət hissi ilə mədh etmişdir. Qəsidədən məlum olur ki, Kəmaləddin İsfahani Azərbaycan sufi mütəfəkkirini şəxsən görməmiş, onun fikirlərindən uzaqdan–uzağa təsirlənmişdir.
Əbuhəfs Sührəvərdinin şairə göndərdiyi məktub sufi tövsiyyəsi ruhunda yazılmışdır. Burada insanın mistik özünü kamilləşdirməsi üçün bir sufi məqamından dugərinə yüksəlmə prosesi müxtəsər surətdə şərh edilir. Bu məktub məzmunu etibarilə "Biliklərin töhfələri" traktatında qoyulmuş və geniş izahı verilmiş bəzi məsələlərə uyğun gəlir.
Tarix: 09.02.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Ümumi