1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli məclisə 1-ci çağırış seçkiləri.
1995-ci il iyunun 13-də Azərbaycan Respublikasının Milli Məclisi ölkənin ali qanunvericilik orqanına seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi. İyunun 14-də isə "Azərbaycan Respublikasının ali qanunvericilik orqanına seçkilərin keçirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalandı. Milli Məclisə seçkilər 1995-ci il noyabrın 12-nə təyin olundu. Həmin gün ümumi seçki, noyabrın 26-da təkrar səsvermə, 1996-cı il fevralın 4-də təkrar seçkilər, fevralın 18-də isə təkrar səsvermə keçirildi.
Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.
Milli Məclis deputatlığına namizədlərin irəli sürülməsi prosesində birmandatlı seçki dairələri üzrə 1.094 nəfər namizəd göstərilmişdi. Mərkəzi Seçki Komissiyası daxil olmuş ərizə və şikayətlərin araşdırılmasının nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki komissiyasının qərarlarını qüvvədə saxlamış, 98 nəfərin isə namizədlər siyahısına salınmasına dair həmin komissiyaların qərarlarını ləğv etmişdi.
Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasında xüsusi ekspertlər qrupu işləyirdi. Seçici imzaları yoxlanıldıqdan sonra namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi.
Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı. Azərbaycanda qeydə alınmış 32 siyasi partiyadan 18-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin onlardan yalnız 12-si namizədlər göstərilməsinə dair bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya (Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası) Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərə buraxılmadı. Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxladı.
Ölkədəki birmandatlı seçki dairələrinin 93-də seçki namizədlərin alternativliyi qaydasında keçirdi. 30 seçki dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa namizədlərin sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta 11–12 nəfər idi. Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi partiyaların üzvləri idi.
Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağıdakı siyasi partiyaların adları daxil edilmişdi:
Azərbaycan Demokratik İstiqlal Partiyası
Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ana Vətən Partiyası
Yeni Azərbaycan Partiyası
1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi partiyanın nümayəndələri, vəkil edilmiş şəxslər, eləcə də yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici təşkilatların müşahidəçiləri izləmişlər.
İlk turda respublika üzrə 99 seçki dairəsindən 91-də seçkilər baş tutmuşdu. 20 seçki dairəsində təkrar səsvermə təyin edildi, 4 seçki dairəsində isə 1996-cı il fevralın 4-də təkrar seçkilər keçirilməsi qərara alındı. Lakin 1995-ci il noyabrın 26-dakı təkrar səsvermədən sonra təkrar seçkilər keçirilməli olan seçki dairələrinin sayı 15-ə çatdı. Həmin dairələrdə deputatlığa 47 namizəd səsə qoyulurdu.
Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin tərkibinə ümumən 124 deputat seçildi (bunlardan 99-u birmandatlı seçki dairələri, 25-i isə çoxmandatlı seçki dairələri üzrə). Siyasi partiyalara mənsubiyyətinə görə deputatların tərkibi belə idi:Seçkilərdə iştirak etmiş bütün siyasi partiyalar üzrə – 69 nəfər və ya – 55,65 % O cümlədən:
Yeni Azərbaycan Partiyası – 53 nəfər
Azərbaycan Milli İstiqlal Partiyası – 4 nəfər
Azərbaycan Xalq Cəbhəsi Partiyası – 4 nəfər
Azərbaycan Demokrat Partiyası – 2 nəfər
Azərbaycan Demokratik Sahibkarlar Partiyası – 2 nəfər
Azərbaycan Demokratik Maarifçilik Partiyası – 1 nəfər
Ana Vətən Partiyası – 1 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası – 1 nəfər
Müsavat Partiyası – 1 nəfər
Bitərəflər – 55 nəfər və ya 44,35%
Seçilmiş deputatların 15-ni qadınlar təşkil edirdi.
Tarix: 12.02.2015 / 15:12 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: Ümumi