2011-ci il Azərbaycanda antikorrupsiya kampaniyası — Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində və kökünün tamamilə kəsilməsi üçün həyata keçirilmiş tədbirlərin ən mühümü.
Yaranma səbəbləri
2011-ci ilə qədər Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilmişdir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" uğurla icra olunmuşdur. Proqramın icrası dövründə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuş və olunmaqdadır.
Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər.
Lakin, yuxarıda sadalanan faktlara baxmayaraq Azərbaycanda korrupsiya problemi artıq uzun müddətdir ki, istər beynəlxalq, istərsə də yerli səviyyədə müzakirə mövzusu olub. "Transparensy İnterneşnl" təşkilatı dəfələrlə Azərbaycanın korrupsiyanın səviyyəsinə görə, hesabatlarında tənqid edib. Ölkədə korrupsiya ilə mübarizə ilə əlaqədar milli strategiya qəbul edilsə də ekspertlər bu istiqamətdə hər hansı irəliləyişin olmadığını dəfələrlə vurğulayıb.
Atılan addımlar
Prezidentin atdığı addımlar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib: "Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir. Ancaq bununla bərabər, biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir".
Dövlət başçısı həmin iclasda iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib.
Prezident İlham Əliyev Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Tovuzda keçirdiyi görüşdə də hər kəsi korrupsiya və rüşvətxorluqla mübarizədə fəal olmağa çağırmışdı: "Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq".
Prezident Administrasiyasının atdığı addımlar
Prezident İlham Əliyevin tapşırığı əsasında 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclasının keçirilmişdir. "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır" deyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Hökumətin atdığı addımlar
Milli Məclisin atdığı addımlar
Parlamentin spikeri Oqtay Əsədov bildirmişdir ki, "prezident İlham Əliyev bu sahədə islahatları genişləndirməyi tövsiyə edib və bu islahatlar fundamental olacaq".
Tarix: 12.02.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 227 Bölmə: Ümumi