Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Milli Futbol Kuboku 2009/2010 final

“Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə 2009/2010 mövsümünün Azərbaycan Kubokunun final matçının təşkilatçılıq səviyyəsi yüksək olsa da, qalmaqalsız ötüşməyib. AFFA və Peşəkar Futbol Liqası Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın bayram ab-havasında keçməsi üçün lazımi tədbirlər görüb.

Bunun nəticəsi kimi 30 minədək tamaşaçı tutumuna malik stadion demək olar ki, tam dolub. Matç öncəsi HOST və “Dəyirman” qrupları, eləcə də Röya tamaşaçılar qarşısında mahnılar səsləndiriblər. Qarşılaşmadan sonra isə uduş keçirilib.

Görüşü izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, xarici işlər naziri Elmar Məmmədyarov, gənclər və idman naziri Azad Rəhimov, “Bakı” və “Xəzər Lənkəran”ın fəxri prezidentləri Anar Məmmədovla Mübariz Mənsimov, Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım və digər tanınmış şəxslər olub. “Bakı”nın fəxri prezidenti ilə prezidenti Hafiz Məmmədov fəxri tribunanın bir, Mübariz Mənsimov və Əziz Yıldırım isə digər tərəfində izləyiblər.

Oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. 90 dəqiqə ərzində elə bir ciddi insident qeydə alınmayıb. Lakin qalmaqallı olaylar 94-cü dəqiqədən sonra cərəyan etməyə başlayıb. Baş hakim Elçin Məmmədov mübahisəli vəziyyət qeydə alıb. Bu zaman top komandaların hərəyə bir oyunçusunun arasına atılıb. “Bakı”nın oyunçusu Ernad Skuliç topu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevə tərəf göndərib. Ağayev isə xeyli irəli çıxdığından top onun başı üzərindən tora daxil olub. Bu qol “Xəzər Lənkəran” tərəfinin narazılığı ilə qarşılanıb. Onlar hakimə etiraz etsələr də, Elçin Məmmədov qərarını dəyişməyib. Bu zaman Mübariz Mənsimov Əziz Yıldırım və digər qonaqları ilə birgə stadionu tərk edib.

Lənkəran komandası topun ədalətli oyun qaydalarından kənar vurulduğunu iddia edərək, “Bakı”dan günahını öz qapısından bir qol buraxmağa şərait yaratmaqla yuyacağını gözləyib. Amma paytaxt klubu məsələyə “Bir qol da vurun, həqiqətən də güclü olduğunuzu isbat edin” prizmasından yanaşıb. Həmin qola isə 103-cü dəqiqədə Aleksandr Şoliç imza atıb. Qalan vaxt ərzində “Xəzər Lənkəran”ın gücü yalnız bir təsəlli qoluna çatıb. Cərimə zərbəsini Elvin Begiri dəqiq yerinə yetirib – 2:1.

Oyundan sonra iki komandanın nümayəndələri arasında insident yaşanıb.

Ardından mükafatlandırma mərasimi təşkil olunub. AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev xüsusi quraşdırılmış səhnəyə dəvət olunublar. Daha sonra “Xəzər Lənkəran” mükafatlandırılma mərasiminə çağırılıb. Lakin Lənkəran komandasının heç bir nümayəndəsi çağırışa əməl etməyib. Buna görə də AFFA və PFL rəsmiləri yalnız “Bakı”nı mükafatlandırıblar. Paytaxt klubuna medallar və kubok verilib. Daha sonra keçirilən mətbuat konfransına isə “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov gəlməyib.

Qol epizodu haqda jurnalistlərə açıqlama verən Rövnəq Abdullayev topun qaydalar çərçivəsində vurulduğunu bildirib. Onun fikrincə, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin səhvi nəticəsində hesab açılıb.

“Xəzər Lənkəran” tərəfdən isə heç kim açıqlama verməyib.

Beləliklə, Azərbaycanda futbol mövsümü qalmaqalla yekunlaşıb. Və bir də “Bakı”nın tarixində ikinci dəfə ölkə kubokunu qazanması ilə...


Tarix: 12.02.2015 / 16:17 Müəllif: Feriska Baxılıb: 260 Bölmə: Ümumi
loading...