Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Təsərrüfat həyatı

Əkinçilik
Assuriya çarları basqın etdikləri ərazidən bol qənimət ələ keçirdiklərini, yerli hökmdarlardan hər il bac topladıqlarını bildirirlər. Birdəfəlik bac adətən taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac olaraq hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı.

Həsənluda aparılan qazıntı işlərinin nəticələri rayonun iqtisadiyyatında əkinçiliyin çox mühum yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı cərgə arpa, bir neçə növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında burada içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.

Əkinçilik qədim əhalinin əsas peşələrindən biri olduğuna görə əkinçilik texnikası yüksək səviyyədə inkişaf etdirilməli idi. Dəmir dövrünə keçdikdən sonra əkinçilik alətləri təkmilləşdirilməyə başlandı. Tarlalar ağac kotanla, dəmir toxa ilə şumlanırdı. Taxıl dəmir oraqla biçilirdi. Həsənluda qazıntı zamanı dəmir toxalar və dəmir oraq tiyələri tapılmışdır. Şəkillərdən göründüyü kimi, təsərrüfatda yüklər iki və ya dördtəkərli arabalarda daşınırdı.

Təsərrüfat haqqında xüsusilə çox məlumatı II Sarqonun e. ə. 714-cü ildə Urartuya qarşı yürüşünün müfəssəl təsvirindən almaq mümkündür. Bu təsvirdə Mannada və onun tabeliyindəki vilayətlərdə arpa ilə dolu anbarların ələ keçirilməsindən, zəngin əkinçilik rayonlarının var-yoxdan çıxarılıb xaraba qoyulmasından danışılır. İstilaçının keçdiyi bütün yol boyunca mannalılar onun qoşununu ərzaqla təmin etməyə məcbur idilər. Məsələn, deyilir ki, Manna çarı Ullusunu Zirdakka qalasında "mənim (II Sarqonun) qoşunumu yedirib içirmək üçün anbarlara un və şərab doldurmuşdur". Zikirtu ilə döyüşə hazırlaşanda II Sarqon Mannanın Panziş qalasını möhkəmləndirmişdi: "Onun (Ullusununun) qalası Panzişə... yaxınlaşdım. Bu şəhəri daha da möhkəmləndirdim, onun içərisinə yağ, dən, şərab və döyüş ləvazimatını qaldırdım".

Uişdiş və Sanqibutu vilayətində çoxlu taxıl ehtiyatı var idi, görünür, müharibə ehtimalına qarşı və ya qıtlıq illəri üçün yaradılmışdı: "onun ölkəni və camaatı dolandırmaq üçün uzun müddət anbarlara vurduğu bərəkətli arpa və buğda ehtlyatını qoşunumun atları, qatırları, dəvələri və ulaqları ilə daşıtdırıb öz düşərgəmdə qalaq-qalaq yığdırdım". Şəhərlərdə belə böyük albarlar olduğunu arxeoloji qazıntılar da sübut edir. Həsənluda qazıntı zamanı tapılmış binalardan biri təsərrüfat məqsədləri üçün istifadə olunurdu. Onun içərisində keramik məmulat, kənd təsərrüfatı məhsullarının: qala ətrafında yetişdirilən buğda, arpa, darı, əncir və üzümün qalıqları var idi.

Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan verirdi. Bizə məlum olduğuna görə, Urartu çarı I Rusa mannalılardan zəbt etdiyi Sanqibutu vilayətinin Ulxu şəhərinin (müasir Mərənd şəhəri yaxınlığında yerləşirdi) ətrafında kanallar çəkdirmişdi. "O, axar suyu aparan kanal qazmış və onu Fərat çayı kimi gur axmağa məcbur etmişdir. Kanaldan saycız-hesabsız arxlar ayırmışdı... zəmiləri həqiqətən suvarırdı". Bu təsvir Tuşpa şəhərinə çəkilmiş Minuanın yaxşı qalmış kanalını xatırladır.

Arxların bəzisi borularla yerin altından çəkilmişdi. Sanqibutu vilayətinin təxmin edildiyi rayonun yaxınlığında Bastam məskənində də uzunluğu 12 kilometrə qədər olan bu cür kanalın qalıqları tapılmışdır. W. Kleiss. Excavation of the Urartian fortress Rusahinili, Bastam, 1969, səh. 20 Güman edilir ki, kanallar çox uzun idi və Sanqibutunin xeyli hissəsinin torpaqlarını suvara bilirdi. Su, ola bilsin, Araz çayının qolu Kotor çayından götürülürdü.

II Sarqon Sanqibutu vilayətinin "böyük, qamış kimi sıx bitən ağaclarını", meyvə bağlarını və üzümlüklərini, xüsusilə qeyd edir. Görünür, Mannada üzümçülük də böyük miqyas alıbmış. II Sarqon tənəkləri "dağların pöhrəlikləri" adlandırır. Burada şərabçılıq inkişaf etmiş sahə idi. Ulxu şəhərini aldıqdan sonra II Sarqon məlumat verir ki, gizli şərab zirzəmilərinə girmiş və onun qonşuları "irili-xırdalı tuluqlardan ləzzətli şərabı çay suyunu içən kimi içmişlər". Mannanın digər vilayətlərində də şərab ehtiyatları var idi. Həsənluda qazıntı zamanı aşkara çıxarılan məskəndən bu cür şərab anbarları, onların içərisində isə torpaq döşəməyə basdırılan şərab küpləri tapılmışdı. Urartuda Karmir-blurda torpaq zirzəmiyə dörd çərgə düzülmüş iri çaxır küpləri (karas) olan belə binalar qazılıb aşkar edilmişdir. Bu küplər onun həcmini göstərən mixi yazılara və ieroqlif işarələrə malikdir. B. B. Piotrovskinin məlumatına görə onların bəziləri 240 litrə yaxın çaxır tutur. Belə anbarlar Şərqi Anadoluda Altıntəpə yaşayış yerində də aşkar edilmişdir.


Tarix: 27.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Ümumi
loading...