Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Metalişləmə

Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları onların metal məmulatı istehsalında necə bir sənətkarlıq və məharətə nail olduqlarını göstərir. Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan hazırlanmış əşyaları da ələ keçirir va ya xərac kimi alırdılar. II Aşşurnasirapal Zamualı Amekanın "çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, onun sarayının xəzinəsini, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat verir. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin mis qablar alır. V Şamşi-Adad Gizilbundada gümüş qablar, əla qızıl və mis ələ keçirir.

Həsənlu, Mərlik, Ziviyə və Naxçıvan zonasında aparılmış qazıntılar nəticəsində əldə edilən əşyalar, habelə Cənubi Azərbaycan ərazisindən e. ə. I minilliyin əvvəllərinə aid edilən təsadüfi tapıntılar bu ərazidə yaşamış əhalidə sənətkarlıq istehsalının yüksək səviyyəsi barədə mixi yazılı mənbələrə əsaslanan fikri təsdiqləyir.Bundan əlavə tapılmış əşyaların bəzilərinin qeyri-adi incəliyi və zərifliyi də sənətkarların çox böyük zövqə malik olduqlarını göstərir.

Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu vilayətlərdən sənətkarlar aparırdı. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan bütün material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan məmulat hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Assuriya, Urartu və ya skif sənətlərinin təsiri nəzərə çarpırdı, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey deyildi. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb süjetləri var idi. Lakin sənətkarlıq məmulatının əsas qismi mükəmməlliyi və forma rəngarəngliyi ən qədim vaxtlardan burada inkişaf edən yerli sənətin özgünlüyünü göstərir. Oxşarlıq əlamətlər və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. Mövcud quru yollarından başqa, Diyala və Xabur çayları kimi su yolları da Assuriya ilə əmtəə mübadiləsinə, şübhəsiz çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar böyük əhəmiyyətə malik idi. Azərbaycandan Kiçik Asiyanın qərb sahillərinə gedən yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat üçün də elə bir maneə yoxdur.Həsənludakı qədim qalanın ərazisində qazıntı zamanı sənətkar emalatxanası, emalatxanada isə tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə bəzək şeyləri hazırlamaq üçün qəliblər tapılmışdır.

Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq qəliblərdə tökmə işləri, naxışvurma, ştamplama və həkkaklıq daxil idi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli oraqlardan istifadə edilirdi. Bunların bir neçə nümunəsi qazıntı zamanı Həsənludan tapılmışdır. Tunc kotan modelləri Mərlik qəbirlərində aşkar edilmişdir. Yuxarıda göstərilən obyektlərin hamısında aşkara çıxarılmış qəbirlərdə, habelə Həsənlu qalasında silah daha çox tapılmışdır.

Döyüş zamanı Həsənlu qalası dağıdılmış, vuruşan tərəflərin silahları onun xarabalıqları altında qalmışdı. Bu silahlar tunc və dəmirdəndi, bəzisi qızıl və gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdi. Tuncdan və dəmirdən qayrılmış ensiz və yastı ox ucları bu dövr üçün səciyyəvidir.

Bu məntəqələrdə e. ə. VIII əsrin ortalarından Yaxın Şərqdə külli miqdarda meydana çıxan "skif" tipli ox ucluqlarına ümumiyyətlə təsadüf olunmamışdır. Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər Həsənlu qızıl camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir. Döyülmüş dəmirdən hazırlanan "açıq aypara" tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı. Bəzi xəncərlərin qəbzələri məharətlə bəzədilmiş, xəncərlərdən birinin qəbzəsi metal məftillə köbələnmişdi. Sümük və ağacla naxışlanmış qəbzələr də vardır. Bir xəncərin qəbzəsi həndəsi ornamentli zərvərəqlə örtülmüşdü. Üç-üç düzülən, gözləri sümükdən olan doqquz ədəd qabarıq insan başı ilə bəzədilmiş tunc toppuz maraq doğurur. Həsənlu xarabalıqlarında iki tip – şiş və daraqlı döyüşçü dəbilqələri tapılmışdır. Tunc daraqlar tunc papaqlara yaxud toxunma və dəri papaqlara bərkidilirdi. Daraqlı dəbilqələrdən birinin darağında aydın həndəsi rəsm və papağında ilan təsvirləri var idi. Şiş, konusvari dəbilqələr Assuriya qoşunu üçün səciyyəvi idi. E. ə. I minilliyin daraqlı kaska-dəbilqələr qoyan Urartu döyüşçüləri də artıq II Sarduri dövrünə yaxın Assuriya dəbilqələri tipində dəbilqələr qoymağa başlamışdılar. Biri tuncdan, digəri dəmirdən olan iki yanaqlıq da tapılmışdır.

Qədim Həsənlu məskəni çox ehtimal ki, şiş dəbilqəli assurlar və ya urartulular tərəfindən dağıdıla bilərdi, deməli, güman etmək olar ki, daraqlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar. Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasında daraqlı dəbilqə qoymuş dağ camaatı ilə vuruşan şiş dəbilqəli assurlar göstərilmişdir.

Mərlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hər hansı bir çara məxsus ola bilərdi və cah-cəlallı dekorativ görkəminə baxmayaraq ondan əməli surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə çəkilmiş qızıl və gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı tanrı, əllərini qaldırıb ibadət edən ilahələr və onların başı üzərində qanadlarını açmış quş təsvir edilmişdi. Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik var idi. Bu dəbilqənin formasında e. ə. VII əsrin ortalarına aid Assuriya relyefində təsvir edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar.

Döyüşçünün geyiminə dəriyə və ya parçaya bənd etmək üçün deşikləri olan tunc çiyinliklər də daxil idi. Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və i. a. ilə təmsil olunmuşdur. Ştamplama üsulu ilə rəsmlər basılmış tunc və dəmir zolaqlar aşkara çıxarılmışdır. Ehtimal ki, bunlar dəri kəmərlərə bərkidilmiş, bəzən tunc zolaqların pərçimləri dəmirdən, dəmir zolaqların pərçimləri isə tuncdan olurdu. Həsənluda tapılmış qızıl və gümüş məmulat da sənətkarların yüksək məharətinə gözəl misaldır. Yuxarıda adını dəfələrlə çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və ya görünür əhali arasında geniş yayılmış dastandan ayrıayrı səhnələr təsvir edilmişdir.

R. Dayson onun e. ə. IX əsrdən xeyli əvvəl – e. ə. I minilliyin əvvəllərində qayrıldığını qəbul edir.E. Porada bu camı daha əvvəllərə – e. ə. XII – X əsrlərə aid edir. R. Daysonun fikrincə üzərində hürrilər dövrü mesopotamiyalıları və suriyalıları xatırladan təsvirlər olan bu cam göstərilən əyalətlər üçün nadir əşyadır və o, buraya xaricdən gətirilə və yaxud mannalıların hərbi əməliyyatları zamanı ələ keçirilə bilərdi. Lakin digər əyalətlərdə aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa da Həsənlu qızıl camı təsviri üslub cizgilərinə və hazırlanmasının texniki xüsusiyyətlərinə görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla hazırlanmış çoxlu miqdarda zərgərlik əşyaları tapıntıların yerli mənşəli olmasını və inkişaf etmiş özünəməxsus zərgərlik sənəti məktəbinin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Gümüş qədəhin üzərində qızılla gümüş qatışığından – elektrondan düzəldilmiş relyefli təsvirlər vardır və bunlar ehtimal ki, qələbə səhnəsini əks etdirir: məğlublar cəng arabasının dalına düşüb gedirlər. Hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan istifadə edilmişdir.

Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Mərlik qızıl qabları maraqlıdır. Qızıl qabların biri xüsusilə seçilir. Onun üzərində dirilik ağacının yanlarında dal ayaqları üstə qalxmış, qanadları olan dörd öküzün başlarının qabarıq təsviri vardır; bu heyvanların 2 santimetr qabağa çıxan relyefli başları ayrılıqda hazırlanmamış, qabın gövdəsi ilə birlikdə döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir. Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi: Mərlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır. Ziviyə dəfinəsinin əşyaları arasında qızıl işləməli gümüş boşqab vardır. Metal qab tapıntılarından heyvan başı formasında hazırlanmış ritonları qeyd etmək olar. R. Girşmanın qeyd etdiyi kimi heyvan formalı ritonlar Qərbi Asiyada geniş yayılmışdı. Onlara Aşşur, Urartu, İran, mili həm də Manna ərazilərindəki qazıntılarda təsadüf olunur. R. Girşman ritonları üç növə ayırır: heyvan bədənli ritonlar (e. ə. VIII əsrədək), heyvan başlı ritonlar (e. ə. VIII əsrdən başlayaraq və Midiya dövründə) və Əhəmənilər dövrünə aid buynuz ritonlar.

E. ə. I minilliyin əvvəllərinə aid muxtəlif formalı ritonlar daha çox Qərbi İranda yayılmışdır.Həsənlu tapıntıları onların mannalılar arasında da yayıldığını göstərir. Qazıntılar zamanı buzov və at başı formalı pis saxlanılmış ritonlar, həmçinın qoyun başı formalı kiçik mis riton aşkar edilmişdir. Qoyunun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar Misir mavi pastası ilə bəzədilmişdir. Ritonun çənbəri heyvanın təsviri olan gümüş frizlə tamamlanır. Qoyunun buynuzu da gümüş vərəqlə örtülmüşdür.

Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, bilərziklər, kəmərlər, qızıldan, serdolikdən, balıqqulağından düzəldilmiş çoxlu muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, oyma, tökmə, deşmə üsulları ilə hazırlanır, həmçinin, burulmuş tunc və qızıl məftildən istifadə olunurdu.

Həsənluda qadınlar həlak olmuş bir binadan mis üzüklər, uzanmış şirlər formalı dəmir ilgəcli xeyli iri tunc sancaqlar aşkar edilmişdir. Onlardan bəzilərinə mis zəncirlər bərkidilmişdir. Buradan boyunbağının qızıl asmaları da tapılmışdır. R. Dayson onları Aşşurnasirapal dövrü relyeflərinin təsvirləri ilə müqayisə edir. E. O. Negahban Mərlikdən tapılmış yeddi guşəli ulduz təsviri olan relyefli qızıl asmanı da bu təsvirlərlə müqayisə edir.

Mərlik qızıl boyunbağılarından biri eşmə simlərdən hazırlanmış kəpənək formalı bəzəklə növbələşən yumru və uzunvarı formalı muncuqlardan düzəldilmişdir. Həsənludan da eyni ilə belə eşmə simlərdən düzəldilmiş bəzək əşyaları tapılmışdır. R. Girşman onu e. ə. IX-VIII əsrlərə aid edir. Mərlikdən tapılmış açıq ağızlı, dişi qabarıq şir ilə tamamlanmış qızıl bilərzik maraq kəsb edir. Şir başının gözlərinə və qulaqlarına çevrələr və nöqtələr vurulmuşdur. Bu bilərzik eyni tipli ən qədim bilərzikdir. Şir başlıqlı belə bir bilərzik Ziviyədən də tapılmışdır. E. Porada onu e. ə. VIII-VII əsrlərə aid edir. Ziviyədən yerli mannalı sənətkarların məhsulu hesab edilən iki qızıl kəmərin fraqmentləri tapılmışdır. Bütün qızıl lövhəciklərdə onu kəmərin dəri hissəsinə bərkitmək üçün dəliklər vardır. Kəsici alətlə edilən naxış mərasim nümayişində iştirak edən insan qrupu təsvir olunmuşdur.


Tarix: 27.01.2015 / 18:11 Müəllif: Feriska Baxılıb: 314 Bölmə: Ümumi
loading...