Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə üsyanı (1920)

1920-ci il Gəncə üsyanı — Gəncədə antisovet üsyan.

25 may 1920-ci Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyli rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı.
Səbəbləri
1920-ci ilin aprel ayının 28-də Azərbaycanda sovet hakimiyəti quruldu. Ağır zərbədən sarsılan istiqlal mücahidləri cümhuriyyətin ilkin paytaxtı Gəncəyə toplaşaraq üsyana qalxdılar.

Başlanması
Gəncə üsyanının təşkilatçısı və istiqamətverici qüvvəsi bir müddət əvvəl yenicə formalaşan ADR milli ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının geniş müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi, general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları var idi.

Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər.

Üsyan ərəfəsində qırmızı ordunun 20-ci atıcı diviziyasının bəzi hissələri Gəncəyə gəlmişdi. Həmin diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan hissəsində, üçüncü briqadanın rabitə taburu və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Həmin günlərdə Taman süvari briqadasının üçüncü alayı da Gəncəyə gətirildi.

Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.

Xalq hərəkatının getdikcə geniş miqyas aldığını görən XI qırmızı ordunun komandanlığı üsyanın yatırılması üçün təcili tədbirlər görməyə başladı. 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi. Ermənilər elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi.

Mayın 30-da Gəncədə XI ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi. Mayın 31-də buradan əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Şəhəri tərk etmək imkanı olmayan üsyançıları, habelə dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər.

Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu savaşda düşmən tərəfdən 8,5 min nəfər ölüb. Üsyançıların itkisi isə 12 min nəfərə çatırdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı olub.

Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.

"1920-ci il mayın 1-də səhər tezdən Tereşşenkonun komandanlığı altında "Timofey Ulyantsev" zirehli qatarı Gəncə dəmiryol stansiyasına daxil oldu. Doğrusu, o zaman onun gəlişi bizi heç sevindirmədi. Qatarın komandiri dedi ki, Müsavat hakimiyyəti devrilib və hökumət bolşeviklərin əlinə keçib. Onlar hər işdə sizə kömək edəcəklər.

Komandir bizi qatarla və şəxsi heyətlə tanış etdi. Həmin gün vağzaldakı birinci binada inqilab komitəsinin özəyi də təşkil olundu. Ertəsi gün zirehli qatar Poylu stansiyasına yola düşdü.

Mayın 25-də səhər saat 5-də qardaşım Feliks məni yuxudan oyatdı və xəbər verdi ki, dəmir yolunda atəş səsləri eşidilir. Tez paltarımı geyinib stansiyaya tərəf qaçdım. Hər yan bomboş idi. Növbətçi rəislər, dispetçerlər də yox idilər. Telefonların heç biri işləmirdi. Hər tərəflə əlaqə kəsilmişdi. Nəhayət, bir nəfər qarovulçunu tapa bildim. Onun da heç nədən xəbəri yox idi. Əlindəki berdankanı almaq istədikdə bildirdi ki, patronu yoxdu.

Bir az keçdikdən sonra pulemyot səsləri də eşidilməyə başladı. Bu zaman iki təyyarəçi özünü bizə yetirib soruşdu:

- Görəsən, bu xəbəri Bakıya çatdırmaq lazımdırmı? Mən:

- Əlbəttə, çox vacibdir, - deyə cavab verdim. Təyyarəçilər stansiyanın yaxınlığında dayanmış aeroplanları işə salıb havaya qalxdılar. Heç iki dəqiqə keçməmiş aeroplanın biri vurulduğundan yana-yana yerə düşüb parçalandı. Digər təyyarə isə Bakı istiqamətində gözdən itdi. İnqilab komitəsinin yerləşdiyi binaya tərəf qaçdıq. Şöbə rəisi Rəhimov yerində yox idi, qapıdan iri qıfıl asılmışdı. Beləliklə, yük vaqonlarından köhnə silahlar tapıb müdafiəmizi təşkil etməyə başladıq.

Axşamüstü eşitdik ki, qırmızı ordunun 1200 nəfər əsgər və zabiti "Dikaya diviziya"nın döyüşçüləri tərəfindən tərk-silah olunaraq şəhərdəki həbsxanaya doldurulub. Bizim müqavimətimizə baxmayaraq, həmin gün dəmiryol stansiyası əksinqilabçıların əlinə keçdi.

"Timofey Ulyantsev" zirehli qatarı vağzala gələrək bizə pulemyot və digər silahlar verib Yevlax tərəfə üz tutdu. Yevlaxda yerləşən alay komandiri Tereşşenkoya xəbər çatdırılmışdı ki, onun bölükləri Gəncəyə girə bilmir. Hər dəfə üsyançılar tərəfindən yaylım artilleriya atəşinə tutulurlar.

Şəhər əhli çox möhkəm vuruşurdu. Yeni zirehli qatarlar gələnədək biz Gəncənin mərkəzinə doğru hücumu təşkil edə bilmədik" Linçevski.
"Mən, Gəncədə doğulmuşam. 1917-1920-ci illərdə baş verən hadisələrin iştirakçısıyam. 1918-ci ilin yanvarında Şamxor stansiyasındakı qırğını gözümlə görmüşəm. O zaman türk cəbhəsindəki eşalonlarla vətənə qayıdan rus əsgərlərinin silahını alırdılar. "Dikaya diviziya"nın əsgərlərini, Tatoğlu Həsəni, Sarı Ələkbəri, Qaçaq Qəmbəri gözümlə görmüşəm. Hadisələrə Rəfibəyov, Səfikürdski, Ziyadxanov və Şamxorski rəhbərlik edirdi".

1918-ci ilin iyun ayında "Dikaya diviziya" bütövlükdə ləğv olunaraq Azərbaycan Milli Ordusunun tabeliyinə verildi. Buradakı görkəmli hərbçilər milli ordunun yaradılmasında, Bakının erməni-rus bolşeviklərindən azad olunmasında əsl qəhrəmanlıq göstərdilər. Gəncə üsyanı zamanı eyni qüvvələr Azərbaycanın istiqlalı uğrunda ölüm-dirim mübarizəsinə girişdilər".

"Üsyan başlayanda Tereşşenkonun zirehli qatarı Poylu stansiyasındaydı. Mən də müdafiə bölüyündəydim, silahlarımız çatışmırdı. Qiyamçıların dəstələri anbaan çoxalırdı. Biz öz gücümüzlə stansiyanı qoruya bilmədik. Üsyançılar vağzalı tutaraq yük vaqonlarını dağıdır, silah-sursat axtarırdılar. Tereşşenkonun zirehli qatarı Poylu istiqamətindən qayıdıb vağzala daxil olanda üsyançılar şəhərə doğru geri çəkildilər. Yalnız üsyanın üçüncü günü Yevlax istiqamətindən qırmızı ordu hissələri vağzala girə bildi. 4-5 artilleriya briqadası stansiya ətrafında yerləşdirildi. Üsyanın 5-ci günü raket işarəsi verildikdən sonra şəhərə doğru hücum başlandı. Bizim dəstə Gəncə mahud fabrikinin yanınadək irəliləmişdi. Patronlarımız çatışmırdı. Həmin döyüşdə sol cinahla əlaqəni itirdik. Xeyli ölənimiz, yaralananımız oldu". Somaşik Anatoli İosifoviç.
Nəticə
Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi.

Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.

Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:

"Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq."
Haqqında
"Ixtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzəti-nəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi.

Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı.


Tarix: 12.02.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 589 Bölmə: Ümumi
loading...