Məhəmmədhəsən xan Marağayi yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İskəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə hücum edib qələbə çalmışdır".
Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, Atropatidlər sülaləsi təxminən 358 il (eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi) hakimiyyətdə olmuşdur. Abdulla Fazili də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki, Strabon öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Digər tərəfdən Məhəmmədhəsən xanı İranın digər tarixçilərindən fərqləndirən cəhət həmin dövrdə Azərbaycanda mövcud olan müstəqil dövləti İran dövləti hesab etməməsidir.
Atropatidlər sülaləsinin son taleyi haqqında Səid Nəfisi yazır: "Parfların dövründə Atropaten əyaləti bir müddət daxili müstəqilliyə sahib olmaqla bərabər parfiyalılardan asılı idi. Beləliklə, eramızın II əsrinin yarısına qədər öz istiqlaliyyətini qoruyub saxlaya bilmişdir. Eramızın II əsrindən etibarən bu əyalət Azərbaykan adlanaraq, Sasanilərin son dövrünə qədər bu adı daşımışdır. Bundan sonra eramızın V əsrindən etibarən Suriya yazıçıları onu Azərbaycan adlandırmışlar. Bu söz ərəb dilində Azərbican, sonra isə Azərbaycan olmuşdur".
Səid Nəfisi daha sonra yazır: "Çox ehtimal ki, Sasanilər dövründə bir neçə ən mühüm atəşgahın bu əyalətdə olması ilə əlqədar olaraq Azərbaycan Zərdüştün vətəni kimi tanınmışdır".
Müəllif fikrini belə ifadə edir: "Ehtimal ki, eramızın 227-ci ilndən etibarən bu ərazi Sasanilərin nüfuz dairəsinə daxil edildikdən sonra İranın Şimal-Qərb hissəsinə bütövlükdə Azərbaycan adı verilmişdir. Belə ki, ora VI əsrdən Nəsturilərin dini mərkəzi olmuş və Suriya mənbələrində də bu ərazi Azərbaycan kimi adlandırılmışdır. Abbasi xəlifələrinin dövründə də bu əyalət Azərbaycan adlanırdı".
Abdulla Fazili isə qeyd edir ki, Səid Nəfisinin Atropatenanın siyasi həyatı ilə bağlı irəli sürdüyü fikirlərlə razılaşmaq olar. Çünki bu dövlət Makedoniyalı İskəndərin ölümündən ərəblərin yürüşünə qədər öz müstəqilliyini formal olsa da saxlaya bilmişdi. Sasanilər dövründə Azərbaycanın istər dini mərkəz olması, istərsə də təbii-coğrafi mövqeyi onun daha da şöhrətlənməsinə səbəb olmuşdur. Bu haqda A.Kristensen yazır: "Burada olan atəşgah Ərdəşir tərəfindən təmir edilərək əsas ziyarətgaha çevrildi".
Sasani şahlarının tacqoyma mərasimi zamanı paytaxt Mədaindən Azərbaycanın paytaxtı Qazakaya piyada gəlmələri də o dövrdə Azərbaycanın dini mərkəz olmasını sübut edir.
Tarix: 29.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Ümumi