tarixi
Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955-956-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü – Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə, nəhayət, Salarilərə xidmət etməyə başlayır və salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gəlir, 969-970-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək, onu Gəncəyə dəvət edir və onun Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz, şəhərin salari hakimini həbs etdirərək, şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq, sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti qüvvətləndi. O, Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Bundan başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı. Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar.
XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu qovğalarda oğuz döyüşçüləri fəal iştirak etdilər.
Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu.
1072-ci ildə II Fəzl xarici siyasət sahəsində yeni bir addım ataraq, Səlcuq hokmdarına hədiyyə şəklində təqdim etdiyi zər naxışlı parçaların müqabilində onlardan şəddadi əmirliyinin daha bir mərkəzinə cevrilən Ani şəhərini aldı. Şavurun kiçik oğlu, II Fəzlin qardaşı Mənuçehr Aniyə göndərildi. Aninin yenidən şəddadilərin tabeliyinə keçməsi vahid sülalənin nümayəndələri tərəfindən idarə olunan şəddadilər dövlətinin sərhədlərini bir qədər də genişləndirdi.
1073-1074-cü illərdə Şəddadi hökmdarı II Fəzlin oğlu Fəzlun atasına qarşı çıxaraq, onu hakimiyyətdən uzaqlaşdırdı və ölkənin idarəsini əlinə aldı. Lakin 1075-ci ildə Səlcuqi soltanı Məlik şahın əmiri Savtəkin böyük bir qoşunla Arrana göndərilir. Göstərilən müqavimətə baxmayaraq, Fəzlun, nəhayət, Arranın idarəsini Savtəkinə təhvil verməli olur. Əmirliyin ərazisi atabəyliyə çevrilir. Məlikşahın oğlu, Səlcuq məliki Məhəmməd atabəyliyin ilk başçısı təyin edilir. O, Gəncədə qərarlaşaraq yerli əmirlərlə sıx əlaqələr yaradır, əhali arasında məşhurlaşır. Azərbaycanın tarixində nəzərə çarpacaq rol oynamış Məhəmməd sonralar böyük soltan taxtına çıxmış (1105-1118), İraq soltanlığının (1118-1194) əsasını qoymuşdu. Hakimiyyətdən kənar olunmuş Fəzlun, az sonra isə atası II Fəzl Səlcuqilər tərəfindən əsir alınırlar. Mənbələrdə Fəzlunun hakimiyyətinin son illəri haqqında çox ziddiyyətli və adda-budda məlumat vardır. XI yüzilin anonim gürcü mənbəyinə görə, Fəzlun 1088-ci ilədək Səlcuqilər əleyhinə mübarizə etmiş, nəhayət həbs olunaraq Bağdada aparılmış və 1091-ci ildə orada ölmüşdür. Fəzlunun Bağdadda əsirlikdə öldüyünü İbn əl-Əsir də təsdiq edir.
Beləliklə, Şəddadilər dövlətinin ən mühüm əmirliyi olan Arran-Naxçıvan-Gəncə əmirliyi süqut edir. Yalnız Ani və Dvində Şəddadilər sülaləsinə mənsub əmirlər Səlcuqilərin vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 1130-cu ildə Səlcuqilərin zərbələri nəticəsində süqut etmişdilər.
Tarix: 12.02.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 326 Bölmə: Ümumi