Arazbar Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq idi. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərin dən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Oltan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. Mənası: Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir. "Bar", "var" sözləri nominativ mənada "alaçıq yeri", geniş anlamda isə "yaylaq icmalarına məxsus yurd, məskən, otlaq" anlayışlarını da bildirir. Ümumi qənaət budur ki, Arazbar – Araz yaxası yurddur. Tarixi: Arazbar əski yunan müəlliflərində Araksena kimi xatırlanır. Məşhir coğrafiyaçı Strabon yazır: "Araza aiddir: quzeyə tərəf axır, Atropatenayadək, sonra qərbə dönür... nəhayət, Araksena düzündən keçərək, Kaspi dənizinə tökülür" Qeyd edək ki, Araksena Arazan adının yunanca tələffüz şəklidir. Onlar bu biçimi farslardan götürmüşlər. Əski farslar Arazbara Ərəsən demişlər. Çağdaş farsdilli tarixi-coğrafi ədəbiyyatlarda Arazbar Ərəsbaran adlanır. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi". Tarixçi İskəndər bəy Türkman Münşi öz məşhur "Tarixi-aləm-arayi-Abbasi" adlı əsərində Arazbardan bir neçə dəfə söz açmışdır. Anonim "Təzkirət əl-mülk" adlı əsərdə Arazbar haqqında özəl bilgi var. Əsərdə qeyd edilir ki, Arazbar və Bəyazidli elinin ölkəsi 3.002.945 dinar vergi ödəyir, savaş zamanı ortaya 300 nəfərlik dəstə çıxarır. 1586-cı ildə Qızılbaşlar məmləkətinə qarşı yürüşə başlayan Osmanlı ordusu 1587-ci ildə Qarabağı ələ keçirirdi. 1590-cı ildə İstanbul sülhü səbəbi ilə Azərbaycanı bütövlükdə ələ keçirən Sultan Murad yerlərdə bürokratik idarəetmə aparatı yaratdı. Vergi toplamaq məqsədilə 1593-cü ildə "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri" hazırlandı. Həmin dəftərdə Dizaq sancağına bağlı Arasbar nahiyəsindən geniş bəhs olunur. Dəftərdə Arazbar nahiyəsində qərar tutan kənd, oymaq və arxların siyahısı verilib. Həmin siyahını verməyi məqsədəuyğun bildik.
Tarix: 06.01.2015 / 19:37 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Ümumi