Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatena-Roma əlaqələri

Selevkilərin parflar tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar Parfiyanın ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə Ermənistanın müttəfiqi kimi çıxış etdi və Tiqranakert döyüşlərində birləşmiş Atropatena-Ermənistan orduları Romaya güclü zərbə endirdi. Həmçinin Atropatena Romaya qarşı Parfiya ilə də müttəfiqlik edirdi.

Strabonun göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-cı ildə böyük bir qüvvə ilə Şərqə hücum edən görkəmli sərkərdə Antoni Ermənistanı işğal etdi. Ermənistan çarı Artavazd 16.000-lik silahlı qüvvəsini məcburiyyət qarşısında onun ixtiyarına verdi. Antoni isə Atropatenanı tutmağa tələsirdi. Ermənistan çarı Artavazd Antoniyə yaz başlıdıqda hücum etməyi məsləhət gördü. Lakin Antoni onun məsləhəti ilə razılaşmayıb e.ə. 36-cı ilin payızında 100.000-lik ordu ilə Araz çayını keçərək Atropatena ərazisinə girdi. O, Atropatna hökmdarlarının qış iqamətgahı yerləşən Vera şəhərini tutdu və Fraaspa şəhərinə tərəf hərəkət etdi. Lakin Fraaspa atropatenlilər tərəfindən müdrikliklə müdafiə edilirdi. Atropatena hökmdarı, ləyaqətli sərkərdə olan II Artavazd şəxsən şəhərin müdafiəsinə rəhbərlik edirdi. Antoni tələsdiyindən ağır silahlar və qalauçuran alətlərlə silahlanmış Tatyanusun dəstəsindən ayrılmışdı. Bunu görən parflar arxada qalan Tatyanusun dəstəsinə hücum edərək, ordunun 10.000 lik həmin hissəsini məğlub etdilər və Tatyanusun özünü də öldürdülər. Bu hadisəni eşidən Antoni əsəbləşmiş və tez bir zamanda Fraaspanın tutulması əmrini vermişdi. Vəziyyətin ağırlaşdığını görən Ermənistan çarı Artavazd Antonini döyüş meydanında tək qoyaraq öz ordusu ilə birgə Ermənistana qaçmışdı.

Fraaspanın qəhrəmancasına müdafiəsi, atropatenlilərin güclü müqaviməti, işğalçılara qarşı partizan müharibəsinin aparılması, parflar tərəfindən Tatyanusun öldürülüb, ordusunun darmadağın edilməsi romalıların əzmini qırıb, onları geri çəkilməyə məcbur etdi. Antoninin Atropatenanı işğal etmək niyyəti baş tutmadı. Atropatena hökmdarı II Artavazd romalılardan külli miqdarda qənimət və hərbi əsir ələ keçirdi. Antoni Atropatena ərazini tərk etdikdən sonra əldə edilmiş qəniməti bölmək üstündə Parfiya hökmdarı IV Fraat ilə Atropatena hökmdarı II Artavazd arasında ziddiyyət yarandı. E.ə. I əsrin son illərində bu ziddiyyətlərdən istifadə edən II Artavazd roalılarla dostluq əlaqələri yaratmağa başladı. Atropatena hökmdarı II Artavazd Antoni ilə qohum oldu. Üzərində Avqustun təsviri və "Böyük hökmdar Artavazda" sözləri yazılmış gümüş sikkə bu dostluq əlaqələrini sübut edir. Yeni müttəfiqlərinə arxalanan II Atravazd Atropatenadan Qərbdəki vilayətlərdə (Ermənistan ərazisində) fəal siyasət yürütməyə başladı.

Romalıılar e.ə. 69-cu ildə Lukullun komandanlığı altında Pont çarı Mitrdat Evpatorun qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, Qafqaz Albaniyası və Atropatenanın da zəbt edilməsi qorxusu yarandı. Lukull Ermənistanın paytaxtı Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı mənşəcə parf olan II Tiqranın müttəfiqləri olan atropatenlilər, qafqaz albanları və iberlər öz orduları ilə onun köməyinə gəldilər. Plutarx qeyd edr ki, hökmdarlar əli silah tuta bilən bütün madaylar və qafqaz albanları ilə birgə bura gəlmişdilər. Babil yaxnlığında olan dənizdən çoxlu ərəb, Kaspi dənizindən isə külli miqdarda alban və onların qoşunları gəldilər. Həmçinin Araz boyunda yaşayan müstəqil tayfalardan da az adam gəlməmişdi (Plutarx,Antoni,XXX,VIII).

Tiqranakert yaxınlığındakı döyüşdə ermənilərin, atropatenlilərin və iberlərin birləşmiş qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Onlar romalıların üstünə ox yağdırır, yanar neft tökürdülər. Plutarxın göstərdiyinə görə atropatenlilərin və albanların ordusu müttəfiqlər ordusunun çox böyük bir hissəsini təşkil edirdi. Belə ki, Tiqranakert yaxınlığında döyüşdə müttəfiqlər ordusunun sağ cinahı Midiya qoşunları adlanan qoşunlardan ibarət idi. Buna baxmayaraq Lukull Tiqranakerti ala bildi. Lakin e.ə. 67-ci ildə Roma qoşunları böyük itki verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldu. Roma senatı Lukullu komandanlıqdan kənar edərək buraya məşhur sərkərdə Qney Pompeyi göndərdi.


Tarix: 29.01.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Ümumi
loading...