Şeyx İbrahim Gilanidən sonra onun davamçıları tərəfindən xəlvətilik və səfəvilik təriqətləri kimi tanınan Azərbaycan mənşəli iki böyük təsəvvüf məktəbi qurulmuşdur. Səfəvilik təriqəti Azərbaycandan sonra ən geniş şəkildə Anadoluda yayılmışdır. XV əsrdə Anadoluda səfəvilikdən bayramilik, bayramilikdən şəmsilik, məlamilik və daha sonra cəlvətilik təriqətləri çıxmışdır.
Səfəviliklə eyni silsilə və əsaslara sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar dövləti və cəmiyyəti tərəfindən rəğbətlə qarşılanmasının səbəbləri öz-özünə ortaya çıxır. Şeyx Cüneydin şəxsində siyasi bir şəxsiyyətə qovuşan səfəvilik Şirvanşahlar dövləti üçün təhlükə olmağa başlayan kimi ,eyni motivləri daşıyan xəlvətilik təriqəti əhəmiyyət qazanmış oldu. Yəni, o dövrdə şiəliyə meylli fəaliyyətlərin önünə keçmənin yənə onların metodu ilə ola biləcəyi düşünülməyə başlandı. Bu da ancaq eyni motivləri daşıyan, siyasi don geyindirilən səfəviliyə alternativ olaraq xəlvətilik təriqətinin ön plana çıxarılması surəti ilə ola bilərdi. Eyni şəkildə əhli-beyt sevgisindən yola çıxaraq xalqı öz yanlarına çəkmək istəyən şiələrin kənarlaşdırılması yenə də eyni metoddan istifadə edilməklə gerçəkləşə bilərdi. Şirvanşah I Xəlilullah xan (1417-1465) və Şirvanşah Fərrux Yəsar xan (1465-1500) tərəfindən tətbiq olunan bu siyasət 1500-cü ilə qədər öz nəticəsini vermişdi.
Şah İsmayıl Xətayi tərəfindən Şirvanşahların tabe edilməsindən sonra xəlvətiliyin burada fəaliyyəti zəifləmiş və XVI əsrin ortalarna yaxın yox olmağa başlamşdır. XVI əsrdə yarandığı torpaqlardan uzaqlaşdırılan, Şirvan təsəvvüf məktəbi olan xəlvətilik hələ XV əsrin ortalarında Seyid Yəhyanın müridləri tərəfindən Anadoluda yayılmağa başlamışdı. Şah İsmayılnın Təbrizdə taxta çıxdığı və Azərbaycanda Səfəvilər sülaləsi hakimiyyətə gəldiyi tarixdə xəlvətilik Anadoludan sonra İstanbula yetişmiş və daha sonra o, yönümə öz adını verən Qoca Mustafa Paşa xanəgahında fəaliyyət göstərmişdir.
Xəlvətilik səfəvilərin hakimiyyəti dövründən Şirvanda varlığını qoruya bilsə də ,Təbrizdə fəaliyyətini davam etdirə bilmədi. İslam mədəniyyəti tarixində türklük rəngi qabarıq olan xəlvətilik təsəvvüf məktəbi Hz.Əli və əhli-beyt sevgisini daşıyan sünni bir təriqətdir. Xüsusilə xəlvətiliyə aid qol və şöbələrin qurucuları incələndiyi zaman hamısının türk mənşəli olmasının şahidi oluruq. Tarixə nəzər saldıqda xəlvətiliyin Azərbaycanda xüsusilə Bakı, Şamaxı, Qarabağ və Təbriz kimi mərkəzlərdə, Anadolu, Şimali Afrika və Balkanlarda etnik baxımdan tamamilə türk olan şəxslər tərəfindən yayılması və inkişaf etdirilməsini görürük.
Qaynaq və məcmuələrdə bu təriqətə aid təkyələrin sayının göstərilməsi və digər təriqətlərlə müqayisəli təqdim edilməsi bu təriqətin kəmiyyət baxımandan da türk cəmiyyətində təsirləri haqqında müəyyən təsəvvür yarada bilər. Məsələn XVII əsrdə Övliya Çələbi özünün Səyahətnaməsində Bursada 17 xəlvəti,9 qadiri,3 nəqşibəndi,1 qələndəri,1 sədi,1 bədəvi təkyəsinin varlığından bəhs edir.
XIX əsrdə yazılan Məcmueyi-təkaya adlı əsərə görə, İstanbul daxilindəki xəlvəti təkyələrinin sayı 89, nəqşibəndi təkyələrinin 65, qadiri təkyələrinin 57, rifai təkyələrinin 35, cəlvəti təkyələrinin 22, mövləvi təkyələrinin 5, şazeli təkyələrinin isə 3-dür.
II Əbdülhəmid dövründə hazırlanmış bu məcmuədə cəmi 305 təkyə olduğu nəzərə çarpır və bütün təkyə sayına nisbətlə xəlvətiliyin 89 təkyə ilə birinci sırada durması, o dövrdə xəlvətilik təriqətinin olduqca geniş yayılması baxımından önəmlidir. Xəlvətilik, qadirilik və cəlvətilik təkyələrinin birlikdə sayı 168 edir ki, bu da son dövrdə təriqətlərin 60 faizə qədərinin Azərbaycan mənşəli olduğunu göstərir.
Ümumilikdə Xəlvətilik və Səfəvilik təriqətləri arasındakı ortaq yönləri aşağıdakı kimi qeyd etmək olar:
İbrahim Gilani məktəbinin qollarıdır
Silsilələri Şeyx İbrahim Gilaniyə qədər ortaqdır
Azərbaycan təsəvvüf məktəbidir
Əvvəlcə Azərbaycanda, sonra Anadoluda yayılmışdır
Azərbaycanda tənəzzülə uğradıqdan sonra qolları vasitəsiylə Anadoluda inkşaf etmişdir
Zikr və süluk xüsusiyyətləri birdir
Şeyxləri arasından böyük şairlər çıxmışdır
Tarix: 11.02.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 117 Bölmə: Ümumi